Məhkəmə qərarları › İş №2(003)-4009/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4009/2024

10.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4009/2024 10.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh7, Cavabdeh6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “pasport qeydiyyatından çıxarılma və mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılmaları və mənzildən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair xx.xx.1998-ci il tarixdə adına qeydiyyat vəsiqəsi verilmişdir. Hal-hazırda həmin evdə ancaq o, qızı Gülarə ilə birlikdə yaşayır. Cavabdehlər ona məxsus mənzildə qeydiyyatda olmalarına baxmayaraq, orada yaşamırlar. Cavabdehlərin bəzilərinin başqa yerdə evləri vardır. Hal-hazırda belə bir vəziyyət yaranıb ki, o, özünə məxsus mənzildən istifadə edə bilmir. Cavabdehlər ona maneçilik törədirlər. O, dəfələrlə cavabdehlərə təklif etmişdir ki, öz razılıqları ilə pasport qeydiyyatından çıxsınlar. Lakin onlar bunu könüllü etmirlər. O, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X2, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddiaçının izahatındakı xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Bəfayə 1995-ci ildə gəlin gəlib, 2014-cü ildə ev tikib gediblər. Sonradan da iddiaçının mənzilinə qayıtmayıb. Tərlan 2004-cü ildən ailə qurandan sonra mübahisəli mənzildə bir gün yaşayıb, sonra gedib. Tərlanın üç qızı iddiaçının mənzilində yaşamayıb. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi və izahatında bildirdi ki, o, 1997-ci ildən mübahisəli mənzildə qeydiyyatdadır, lakin 2014-cü ildə ev tikərək iddiaçının mənzilindən çıxmışdır. Hazırda da öz evində yaşayır. O, iddiaçının mənzilində yaşamasa da, övladının həmin mənzildə haqqı var. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh6 iddianı etiraf etmədi və izahatında bildirdi ki, 1997ci ildən, doğulduğu vaxtdan mübahisəli mənzildə qeydiyyatdadır, 2014-cü ildə həmin mənzildən çıxmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı etiraf etdi və izahatında bildirdi ki, ailə qurduqdan sonra 2004-cü ildə mübahisəli mənzildən çıxmışdır. Öz şəxsi evi var və orada yaşayır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh7 iddianı etiraf etmədi və izahatında bildirdi ki, hazırda uşaqları ilə birlikdə kirayə evdə yaşayır. 2004-cü ildə ailə qurmuşdur, mübahisəli mənzildə çox yaşamamışdır, 2006-cı ildə mübahisəli mənzildən çıxmışdır. Arabir mənzilə gedib-gəlmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - MH seriyalı 140789 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Şimali DRES qəsəbəsi Bağlar küçəsindəki 4A nömrəli yaşayış evinin 35 nömrəli mənzili xx.xx.1998-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1, X5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - xx.xx.2010-cu il tarixli Forma 2 arayışının surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdən, Cavabdeh7 xx.xx.2008-ci il tarixdən, Cavabdeh6 xx.xx.1997-ci il tarixdən, Cavabdeh3 xx.xx.2008-ci il tarixdən, Cavabdeh4 xx.xx.2008-ci il tarixdən, Cavabdeh5 2009-cu ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli mənzil MH seriyalı 140789 nömrəli qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1998-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 və Cavabdeh7 iddiaçının gəlinləri, X5 iddiaçının oğlu, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə iddiaçının nəvələridirlər. X6 xx.xx.1997-ci il tarixdən, Cavabdeh7 xx.xx.2008-ci il tarixdən, Cavabdeh6 xx.xx.1997-ci il tarixdən, Cavabdeh3 xx.xx.2008-ci il tarixdən, Cavabdeh4 xx.xx.2008-ci il tarixdən, Cavabdeh5 2009-cu ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Hazırda cavabdehlərin heç biri mübahisəli mənzildə yaşamırlar və bu işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1, X2 və Cavabdeh6 mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri baxımından bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin bu sahəni tənzimləyən aidiyyəti müddəalarının tələbləri baxımından mübahisəli mənzilə köçən və iddiaçı ilə birgə təsərrüfat apararaq onunla birgə yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh6 1997-ci ildən, cavabdeh X2 isə 1982-ci ildən (doğulduğu vaxtdan) mənzildən istifadə hüquqları yaranmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 2014-cü ildən, cavabdeh X5 isə 2004-cü ildən mübahisəli mənzili könüllü şəkildə öz iradələri ilə tərk edərək bir daha oraya qayıtmamışlar, mənzili tərk etdikləri vaxtdan özlərinə məxsus evdə yaşayırlar və bu halı məhkəmə iclasında özləri etiraf etmişlər. Qeyd edilənlər cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X2 mübahisəli mənzilə olan nəinki ehtiyaclarının, ümumiyyətlə, maraqlarının aradan qalxdığını təsdiq edir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh6 mübahisəli mənzili 10 ilə, cavabdeh X5 isə 20 ilə yaxın müddətdir ki, müvəqqəti olaraq deyil, məhz daimi əsaslarla tərk etmiş və mübahisələndirilən hüquqlarından könüllü olaraq istifadə etmirlər. Onların həmin mənzilə, o cümlədən, bu hüquqlarının reallaşmasına olan ehtiyacları, ümumiyyətlə, fiziki və hüquqi maraqları aradan qalxmışdır. Bu baxımdan cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X5 iddiaçının mülkiyyətində olan həmin mənzilə olan fiziki və hüququ bağlılıqlarını, o cümlədən mənzildən istifadə hüquqlarını itirmişlər. Qeyd edilənlər öz növbəsində həmin cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini şərtləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X2 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.. Məhkəmənin qənaətinə görə cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onların həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh7 xx.xx.2008-ci il tarixdən, Cavabdeh3 xx.xx.2008-ci il tarixdən, Cavabdeh4 xx.xx.2008-ci il tarixdən, Cavabdeh5 2009-cu ildən mübahisəli mənzildə qeydiyyatdadırlar. Adıçəkilən şəxslər iş üzrə digər cavabdeh X2 ailə üzvləridirlər (arvadı və uşaqları). Məhkəmə iclasında cavabdeh X5 2004-cü ildə mübahisəli mənzildən həmişəlik köçdüyünü, özünün şəxsi evi olduğunu, Cavabdeh7 da 2004-cü ildə ailə qurduğunu, mübahisəli mənzildə qısa müddət yaşadığını bildirmişdir. Cavabdeh3 xx.xx.2005-ci il, Cavabdeh4 xx.xx.2007-ci il, Cavabdeh5 isə xx.xx.2009-cu il təvəllüdlü olmaqla, mübahisəli mənzildə ümumiyyətlə yaşamamışlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında münasibətlər 2004, 2008 və 2009-cu illərdə yarandığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Hazırkı mübahisənin cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 münasibətdə qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları çıxış edir. Həmin Məcəllənin: 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə MM-in 228.5-ci maddəsinində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəası konstitusiya-hüquqi mənasına görə həmin Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tətbiq edilməklə mülkiyyətçinin razılığı yazılı şəkildə bağlanan notariat qaydasında təsdiqlənən razılaşmada ifadə edilməlidir. MM-in 228.5-ci maddəsində əks olunmuş «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Konstitusiyaya uyğun hesab edilməli və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsinin MM-in 228.2-ci maddəsinə uyğun olaraq tərəflərin yazılı bağladıqları razılaşma ilə təyin edilməlidir (razılaşmada həmin hüquqa xitam verilməsinin nikahla əlaqələndirilməsi istisna olunmur). “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə, mülki qanunvericiliyin, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarındakı hüquqi mövqeyini tutараг və hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, Cavabdeh7 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildə 2004-cü ildə qısa müddət yaşamış və 2008-ci ildə mənzilə pasport qeydiyyatına alınmış, digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə müvafiq olaraq 2008-2009-cu illərdə mənzilə pasport qeydiyyatına alınsalar da, ümumiyyətlə mübahisəli mənzildə yaşamamışlar. Göründüyü kimi Cavabdeh7 istifadə hüququ barədə onunla həmin evin sahibi-iddiaçı arasında notariat qaydasında təsdiq edilmiş yazılı razılaşma bağlanılmamış, Cavabdeh7 həmin mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və ona görə də onun mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə ümumiyyətlə mübahisəli mənzildə yaşamamış, formal olaraq həmin mənzildə qeydiyyata alınmışlar. Belə olan halda, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 da mübahisəli mənzildən istifadə hüquqları yaranmamışdır. Cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqlarının mövcud olmamasını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, onların mübahisəli mənzildən istifadə hüququ mövcud olmadığı halda, həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsidən də söhbət gedə bilməz və bunun üçün qanuni əsaslar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdehlər Cavabdeh7, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqlarının itirilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X2 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh6 və X2 Bakı şəhəri Xəzər rayonu Ş/Dres qəsəbəsi Bağlar küçəsi ev 4A ünvanında yerləşən 35 nömrəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar