Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-401/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı oğlunun Cavabdeh oğluna qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona dəymiş 3840 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi 596006 №-li, 20.08.2019-cu il tarixli texniki pasporta əsasən, 5NPDH4AE3GH680436 mühərrik №li, 99UC327 dövlət nömrə nişanlı, HYUNDAİ ELANTRA markalı avtomaşın ona məxsusdur. 10.09.2020-ci ildə təxminən saat 06.50 radələrində qeyd etdiyi avtomobili ilə Ramanıdan Maştağa yoluna sola Zabrat istiqamətinə dönərkən işiqforun yaşıl işığında sola hərəkət edən zaman ondan qabaq solda dayanan Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobili sağa Maştağa istiqamətinə dönməyə başlamış və onun siqnal verməyinə avtomobili sağa çəkməyinə məhəl verməyərək idarə etdiyi avtomobilinə vurmuşdur. Baş vermiş nəqliyyat qəzası ilə əlaqədər hadisə yerinə cəlb olunan yol patrul xidməti əməkdaşları tərəfindən avtomobilini vuran Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobilinin etibarnamə olmadan idarə edən sürücüsü Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəllərində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14.09.2020-ci il tarixli İXP ******* saylı inzibati xətta haqqında protokol tərtib edilərək, Cavabdeh barəsində 14.09.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xettalar Məcəlləsinin 332.1.-ci, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xeta törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tetbiq edilmişdir. Cavabdeh törədiyi inzibati xətta ilə onun avtomobilini vuraraq maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh inzibati xəttanı törətməsində təqsirli olması subut olunsada, avtomobilini təmir etdirməkdən imtina etmişdir. Avtomobilini öz hesabına təmir etdirərək 3840 (üc min səkkiz yüz qırx) AZN xərc çəkmişdir. Avtomibilinin təmirinə çəkdiyi xərc Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş 14.09.2020-ci il tarixli qusur aktı ilə də təsdiq olunur. Avtomobilinin təmiri ilə əlaqədər ona dəyən maddi ziyandan başqa ona mənəvi ziyan da dəymişdir, belə ki, avtomobili vurulan zaman böyük mənəvi sarsıntı və qorxu keçirtmişdir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin 'şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd olunanlara əsasən, cavabdehdən ona dəymiş 3840 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, yol nəqliyyat hadisəsində hər ikisi günahkardır. Odur ki, dəymiş ziyanı ödəməli deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, “Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobili X6 oğluna məxsusdur. İş materiallarına Cavabdeh aid sürücülük vəsiqəsinin surəti əlavə edilmişdir. İş materiallarında olan, 14.09.2020-ci il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolun surətindən, həmçinin, 14.09.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh oğlu 10.09.2020-ci il tarixdə saat 06:50 radələrində idarə etdiyi “Kamaz 5511 yük markalı 14BC336 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, qeyd olunanları və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1 maddələrində nəzərdə tutulan inzibati xəta törətməsinə dair İXP ******* №-li inzibati xəta haqqında protokolu təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh oğlu 10.09.2020-ci il tarixdə, avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozaraq iddiaçıya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu inzibati xəta haqqında protokolla da təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh oğlu tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı oğluna maddi zərər yetirilmişdir. İş materiallarında olan, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli qüsur aktına əsasən, iddiaçıya məxsus HYUNDAİ ELANTRA markalı 99UC327 dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dəyən zərərin miqdarı ümumilikdə 3840 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 03 mart 2021-ci il tarixli 9/118 №-li ekspert rəyinə əsasən, 2015 il buraxılışlı HYUNDAİ ELANTRA markalı 99UC327 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3052 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində HYUNDAİ ELANTRA markalı 99UC327 dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və həmin avtomobilin əvvəlki işlək vəziyyətinin bərpa edilməsi üçün əzilmiş və sıradan çıxmış detalların yenisi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Göstərilən detalların siyahısı və həmin detalları dəyişmək üçün tələb olunan maliyyə vəsaiti ekspert rəyində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, avtomobilin təmirə ehtiyacı olan hissələrinə dair ekspertin gəldiyi nəticələr əsas götürülməklə baş vermiş yolnəqliyyat hadisəsi zamanı HYUNDAİ ELANTRA markalı 99UC327 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarı kimi 3052 manat məbləğinin götürülməsi əsaslı və məqsədə uyğundur. Bununla əlaqədar olaraq, həmçinin, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 3052 manat məbləğində qiymətləndirilərək, iddia tələbi 3052 manat məbləğdə pul vəsaitinin Cavabdeh oğlundan tutularaq İddiaçı oğluna verilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehdən mənəvi zərərə görə 5000 manat pulun tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuş, iddia tələbi həmin hissədə böyük mənəvi sarsıntı və qorxu keçirməsi ilə əsaslandırılmış, lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, dövlət rüsumunun 23 manatı, həmçinin ekspertiza tədqiqatının dəyəri qismində 80 manat məhkəmə xərci cavabdehə, 20 manat iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh oğlundan İddiaçı oğlunun xeyrinə 3052 (üç min əlli iki) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat məbləğində pul vəsaiti tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat Cavabdeh, 20 (iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan İddiaçı oğlunun xeyrinə 3052 (üç min əlli iki) manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 23 (iyirmi üç) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 80 (səksən) manat Cavabdeh, 20 (iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-401/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-401/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver