Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4132/2021 18.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edərək, İddiaçı1 xeyrinə 1400 manat əsas borc, mənəvi ziyan vurulmasına görə 1500 manat, İddiaçı2 xeyrinə 500 manat əsas borc, mənəvi ziyan vurulmasına görə 1000 manat və 30 manat məhkəmə rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onlarla birlikdə 28 may NQÇİ-nin dəniz sahəsində işləyir. 2020-ci ilin mart ayında Əhdimandan 1400 AZN həyat yoldaşının guya əməliyyat olunmasına görə, Ələsgərdən 500 AZN oğlu Vüqarı işə düzəltmək adı ilə alaraq bu günə kimi qaytarmır. Onları şantaj edərək telefonu götürmür, götürəndə də təhqirə yol verib hədə-qorxu gəlir. Bundan əlavə, cavabdeh başqa insanları da aldadaraq iş yerində pul almışdır. Faktların təsdiqlənməsində onların bir-birinə qarşı şahidliyi keçərlidir. Ondan əlavə, Nurlan adlı iş yoldaşından da 60 AZN alaraq verməməsi cavabdehin dələduzluğuna bir sübutdur. Eldar onlara qarşı dələduzluq edəndən sonra onlar platformanı, yəni iş yerilərini tərk etmiş, başqa platformada işləmişdir. Dəfələrlə onları aldadaraq yalan vədlər verərək ayda 1100-1400 manat maaş almağına baxmayaraq, hələ 1 manat da olsun nə onlara, nə də başqa iş yoldaşlarına verməmişdir. Əhdimandan telefonda pulunu istəyərkən təhqir etmiş, Əhdiman əsəb xəstəliyi keçirib 1 ay xəstə yataraq işə gəlməmişdir. Ona görə də mənəvi ziyan olaraq və tərbiyyəvi təsir kimi əlavə olaraq pul ödəməlidir. Pulun 1200 manatı poçt vasitəsilə ödənmişdir. Ələsgərdən 500 AZN pulu oğlu Vüqarı işə düzəltmək adı ilə alıb, əslində dələduzluq etmişdir. 8 ay aldadaraq yaxşı maaşlı işə düzəldəcəyi adı altında maddi və mənəvi ziyan vurmuşdur. 2021-ci ilin iyun ayında Ələsgərlə telefonla danışarkən təhqiramiz sözlər işlədərək şantaj etmiş, Ələsgər epilepsiya halı keçirmiş, 15 gün işə çıxmamışdır. Bu halları nəzərə alaraq Eldardan mənəvi ziyan olaraq əlavə ödəniş tələb etmək hüquqları vardır. Qeyd olunanlara əsasən, İddiaçı1 xeyrinə 1400 manat əsas borc, mənəvi ziyan vurulmasına görə 1500 manat, İddiaçı2 xeyrinə 500 manat əsas borc, mənəvi ziyan vurulmasına görə 1000 manat və 30 manat məhkəmə rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə etmişdir ki, cavabdehə bank hesabına göndərdiyi 1200 manatdan əlavə, 200 manat da 17.09.2020-ci il tarixdə göndərmişdir. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 ifadəsində göstərmişdir ki, iddiaçı Ələsgər onun atasıdır. Cavabdeh onun atasının iş yoldaşıdır. Onlar dənizdə işləyirlər. Atası 15 gün işdə, 15 gün evdə olur. Xəstəliklə əlaqədar işçiləri oteldə karantində saxlayırdılar, Eldar orada atasının otaq yoldaşı olub. Eldar və atası bir otaqda olanda, atası ona zəng edib deyib ki, böyük qardaşını işə düzəldəcək Eldarın hesabına 500 manat göndərsin. O da cavabdehin kart hesabına 500 manat göndərmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, şahid ifadəsinə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının 22.09.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh hesabına 1200 manat pul vəsaiti göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının İddiaçı1 aid hesabdan çıxarışdan görünür ki, o, 17.09.2020-ci il tarixdə 200.60 manat pul vəsaiti göndərmişdir. İddianın mahiyyətindən görünür ki, iddiaçılar cavabdehin onları aldadaraq İddiaçı1 1400 manat, İddiaçı2 500 manat alaraq geri qaytarmaması ilə əsaslandırmış, həmin pul vəsaitinin cavabdehdən onların xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı2 iddiasını məhkəmə iclasında çıxış edən şahid ifadəsi təsdiq etmiş, məhkəmə, şahid ifadəsinin işin tədqiq olunan digər halları ilə üst-üstə düşdüyü qənaətinə gələrək iddia tələbini sübuta yetirilmiş hesab etmişdir. Bundan əlavə, İddiaçı1 cavabdehə 1400 manat pul vəsaitini göndərməsinə dair sübutları iş materiallarına əlavə etmiş, iddia tələbi həmin hissədə təsdiqini tapmışdır. Məhkəmə, iş materialları, tərəflərin izahatını, şahid ifadəsini, həmçinin işin məhkəmə iclasında araşdırılan hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı1 xeyrinə 1400 manat, İddiaçı2 xeyrinə 500 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bununla yanaşı, iddiaçılar cavabdehin onları aldadaraq pul vəsaitlərini mənimsəməsinin onlara stress və gərginlik yaşadaraq mənəvi zərər vurmasını irəli sürərək, cavabdehdən İddiaçı1 xeyrinə 1500 manat, İddiaçı2 xeyrinə 1000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə, iddiaçıların vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçıların vurulmuş maddi zərəri tələb etməklə yanaşı, bununla bağlı mənəvi sarsıntı keçirməsi nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdırlar və həmin tələb işin faktiki halları nəzərə alınmaqla qismən təmin edilməli, İddiaçı1 xeyrinə 1000 manat, İddiaçı2 xeyrinə 500 manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh İddiaçı1 xeyrinə 1400 manat əsas borc, mənəvi ziyan vurulmasına görə 1000 manat; İddiaçı2 xeyrinə 500 manat əsas borc, mənəvi ziyan vurulmasına görə 500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı1 xeyrinə 1400 (bir min dörd yüz) manat əsas borc, mənəvi ziyan vurulmasına görə 1000 (bir min) manat; İddiaçı2 xeyrinə 500 (beş yüz) manat əsas borc, mənəvi ziyan vurulmasına görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə İddiaçı1 və İddiaçı2 xeyrinə 30 (otuz) manat pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4132/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4132/2021
18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver