Məhkəmə qərarları › İş №2(003)-425/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-425/2023

27.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-425/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 44 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 44 nömrəli mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən evdə o və uşaqları qeydiyyatdadır. Həmin mənzil keçmiş həyat yoldaşı Cavabdeh tərəfindən bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir. Cavabdehlə arasında olan nikaha xx.xx.2021-ci il tarixində xitam verilmişdir. Hal-hazırda Cavabdeh ona məxsus mənzildə yaşamır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, Cavabdeh ilə 25 yanvar 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onlar nikaha daxil olarkən həmin ev cavabdehin mülkiyyətində idi və sonuncu orada qeydiyyatda olmuşdur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh ərizəsini məhkəməyə göndərərək, iddianı qəbul etdiyini və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 44 nömrəli mənzildən istifadə hüququnun itirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən əmlakı X1 bağışlamışdır. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 avqust 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ordubadi küçəsi, döngə 1, ev 11 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Qadına Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 və Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli yaşayış evi - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 44 nömrəli mənzil cavabdeh R.Rəsulovun mülkiyyətində olmuş, bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir. Tərəflər keçmiş ərarvad olmaqla 2005-ci ildə rəsmi nikaha daxil olmaqla, o zaman cavabdehin mülkiyyətində olan həmin mənzildə yaşamağa başlamışlar. Aralarındakı nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh məhkəməyə müraciət edərək iddianı etiraf etmiş və Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 44 nömrəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanma müqaviləsinin bağlanması ilə və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi ilə, habelə mübahisəli mənzilin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınaraq, qeyd edilən mənzilə dair Cavabdeh adına olan qeydiyyat yazısının ləğv edilərək, həmin mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində Cavabdeh mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüquqları saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3 ünvanında yerləşən 44 nömrəli mənzilindən istifadə hüququ itirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar