Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-459/2022 17.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2710 manat məbləğində vurulmuş zərərin və 47,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “FORD TRANSİT VAN” markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" ASC-də İcbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2017-ci il iyunun 10-da Cavabdeh etibarnamə olmadan idarə etdiyi “FORD TRANSİT VAN" markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Azadlıq prospekti ilə M.Qasımov küçəsinin kəsişməsində “BMVV 116” markalı, 10- UC--116 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Bakı şəhər DYPİ-in xx.xx.2017-ci il tarixli KYP 718964 nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə təqsirli bilinərək cərimə edilmişdir. F/Ş Əhmədov Z. “AZİNTERSERVİS” tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş 362 nömrəli qüsur aktına əsasən hadisə nəticəsində “BMW 116” markalı, **-UC- *** dövlət nömrə nişanlı avtomobilə 2710 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2017-ci il tarixində həmin məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan KYP 718964 nömrəli inzibati xəta haqqında protokolun və cərimə bildirişinin surətindən görünür ki, Cavabdeh, xx.xx.2017-ci il tarixdə sürücülük vəsiqəsi olmadan idarə etdiyi “FORD TRANSİT " markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobillə “Azadlıq” prospektində orta zolaqdan sola “Mir Qasımov” küçəsinə dönərkən özündən solda düz istiqamətdə hərəkətdə olan nəticəsində “BMW 116” markalı, **-UC-*** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat cərimə edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbar sığorta şəhadətnaməsinin surətindən görünür ki, X3 məxsus olan “FORD TRANSİT " markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan F/Ş Əhmədov Z. “Azinterservis” tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 362 nömrəli nöqsan aktın surətindən görünür ki, “BMW 116İ” markalı, **-UC-*** dövlət nömrə nişanlı avtomobilə 2710 manat məbləğdində zərər dəymişdir. İş materiallarında olan PXA34623 nğmrəli sığorta aktından görünür ki, xx.xx.2017-ci il tarixdə baş vermiş hadisə zamanı xx.xx.2017-ci il tarixli 362 nömrəli nöqsan aktına əsasən 2710 manat məbləğində X2 ödənilməlidir. İş materiallarında olan çıxarışdan görünür ki, 2710 manat məbləğində pul X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan “FORD TRANSİT " markalı, **-FA-*** dövlət nömrə nişanlı avtomobili, idarə etmə hüququ olmadan Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməklə “BMW 116İ” markalı, **-UC-*** dövlət nömrə nişanlı avtomobilə 2710 manat məbləğində zərər vurmuş, həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2710 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47.10 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2710 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 47.10 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-459/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-459/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver