Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4610/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən olan tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə torpaq sahəsində yerləşən dörd otaqdan ibarət tikilidən çıxarılması və torpaq sahəsi və tikilinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 13.09.2006-cı il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan Bələdiyyəsi tərəfindən X3 adına olan 300 kv.m. torpaq sahəsini X2 etibarnamə əsasında 3000 manat pul verməklə almışdır. Bundan sonra həmin torpaq sahəsində o və həyat yoldaşı İddiaçı3 tərəfindən tikinti və abadlıq işləri aparmaqla torpaq sahəsini hər tərəfdən hasar çəkdirməklə hamam və tualet olmaqla 4 otaqdan ibarət ev tikmişlər. Cavabdeh onun oğlu olmaqla Cavabdeh1 dəfələrlə məhkum olunmuş, tüfeyli həyat tərzi sürməklə onları hər dəfə ölüm ilə hədələməklə incidib döymüş, təhqir edib yaşamağa imkan verməmişdir. Oğlu 3 ay olar ki, Fatimə Məzahir qızı ilə qeyri-rəsmi nikaha daxil olmuş və hər ikisi dava-dalaş etməklə onları 01.08.2021-ci il tarixdə səbəbsiz olaraq tikdirdikləri 4 otaqdan ibarət evdən qovmuşlar. Hal-hazırda məcbur olub kirayədə yaşayırlar. Dəfələrlə cavabdehlərə evdən çıxmaqlarını bildirsələr də, cavabdehlər bunu etməkdən imtina edir və hər dəfə də çıxmayacağını bildirir. Qeyd olunanlara əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə torpaq sahəsində yerləşən dörd otaqdan ibarət tikilidən çıxarılması və torpaq sahəsi və tikilinin onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsindəki xüsusatları qeyd edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, mübahisəli evi özü işləyib tikib. Həmin vaxt o uşaq olsa da, işləyirdi. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X7 ifadəsində göstərmişdir ki, ərizəçilər onun qonşusudur. Evi nə vaxt alıblar dəqiq bilmir. Həmin evi kürsüdən 2006-cı ildə tikib. Evin pulunu iddiaçı Sevil ona ödəyib. Həmin ünvanda fəhləsi ilə işləyib, bütün hörgü işlərini görüb. İndi həmin evdə cavabdeh Nurlanla arvadı yaşayır. Digər şahid X8 ifadəsində bildirmişdir ki, mübahisəli torpağı ona 2006-cı ildə Bələdiyyə verib, sonradan oranı 3000 manata Sevil xanıma satıb. Pulu ona Sevil verib, həmin vaxt iddiaçının uşaqları balaca olub. O, Cavabdeh1 görməmişdir. Digər şahid X4 ifadəsində bildirmişdir ki, torpağı Sevil alanda Nurlanın 12 yaşı var idi. Sevil öz zəhməti ilə oranı alıb ev tikib. Digər şahid X5 ifadəsində bildirmişdir ki, o, mübahisəli ünvanda usta işləyib. Həmin vaxt Sevil və Fərmandan başqa evdə heç kimi görməyib. Evin usta haqqını Sevil xanım verib. Fərmanı da evdə az görüb, Nurlanı isə ümumiyyətlə tanımır. Məhkəmə, iddiaçıların izahatını dinləyib, şahid ifadəsinə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 noyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı2 Şağan qəsəbəsi, yeni sahə ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 ilə X9 1988-ci il tarixdə nikaha daxil olmuş, arvada Cavadova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında 38 nömrəli 13 sentyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, Şağan bələdiyyəsi 300 kv.m. torpaq sahəsini Sahə adlanan ərazidə X6 ev tikmək üçün icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 qəsəbəsi ərazisində yerləşən 300 kv.m. torpaq sahəsinə aid sənədləşmə işlərini aparmağı, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi və s. İddiaçı2 etibar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları, şahid ifadələri və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlak X6 ev tikmək üçün icarəyə verilmiş, sonuncu da öz növbəsində həmin əmlakla bağlı sənədləşmə, tikinti işləri aparmağı, həmin sahəni və tikintini özəlləşdirməyi, özəlləşdirmə ilə bağlı tələb olunan bütün hüquqi hərəkətləri etməyi və s. İddiaçı2 etibar etmişdir. İddiaçı həmin torpaq sahəsində ev tikməklə sahiblik etmişdir. Hazırda cavabdehlər iddiaçının qanuni sahibliyində olan əmlakdan istifadə etməklə iddiaçının həmin əmlakdan istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz əmlakından sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan tikiliyə cavabdehlərin hüququ yoxdur, onların həmin tikilidən istifadəsi iddiaçıların maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdehlər həmin tikilidən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə torpaq sahəsində yerləşən dörd otaqdan ibarət tikilidən çıxarılaraq, tikili iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Yeni sahə torpaq sahəsində yerləşən dörd otaqdan ibarət tikilidən çıxarılaraq, həmin tikili iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-4610/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4610/2021
21.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver