Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-4622/2021 29.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı "xxxx" ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 1530 manat sığorta ödənişinin və 35,30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ford Tranzit” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil PXA ********** nömrəli şəhadətnamə əsasında 26.08.2016-cı il tarixdən 25.08.2017-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh 10.06.2017-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, X2 küçəsi ilə M.Qaşqay küçələrinin kəsişməsində idarə etdiyi “Ford Tranzit” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən avtonəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Hyundai Sonata” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə 1530 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə Bakı BYPİ-nin YPXB-i tərəfindən qeydə alınmış, araşdırma nəticəsində Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında KYP 718602 nömrəli Protokol tərtib olunmuşdur. Fiziki şəxs qismində fəaliyyət göstərən Əhmədov Z. “Azinterservis” tərəfindən 13.06.2017-ci il tarixində verilmiş nöqsan altına əsasən, hadisə nəticəsində “Hyundai Sonata” markalı, **- EF-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1530 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərər 1530 manat məbləğində pul vəsaiti zərərçəkənin bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh 23.11.2021-ci tarixdə həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 26.08.2016-cı il tarxli, PXA ********** nömrəli sığorta müqaviləsindən görünür ki, “Ford Tranzit” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.08.2017-ci il tarixədək sığortalanmışdır. İş materiallarında olan 14.06.2017-ci il tarixli 1605 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən üçüncü şəxs X3 oğluna 1530 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər (maddə 1108.2). Həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan “Ford Tranzit” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilməklə “Hyundai Sonata” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Qanunun yuxarıda qeyd olunan müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq 1530 manat cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 35,30 (otuz beş manat, otuz qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 35,30 (otuz beş manat, otuz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 1530 manat və ödənilmiş dövlət rüsumuna görə 35,30 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Hyundai Sonata” markalı, **-EF-*** qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə ödənilmiş 1530 manat sığorta ödənişi və ödənilmiş 35,30 manat dövlət rüsumu olmaqla, cəmi 1565,30 (bir min beş yüz altmış beş manat, otuz qəpik) manat Cavabdeh tutularaq, "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-4622/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-4622/2021
29.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver