Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-49/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X4rşı (3-cü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X3 Agentliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi olmaqla) “tikilinin sökülməsi və yerinin dəyişdirilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna qəsəbəsində cavabdehə aid 7 saylı Vərəm dispanserinin ərazisində inşa edilmiş qazanxananın, ona aid borunun cavabdehin hesabına sökülməsi və yerinin dəyişdirilməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda 8 nəfər ailə üzvləri ilə birlikdə yaşayır, həmin evə dair qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehə aid 7 saylı “Vərəm” dispanserinin qazanxanası 2020-ci ilin aprel ayında inşa edilmişdir. Qazanxana tikilərkən onun yaxınlığında yaşayan sakinlərin, o cümlədən onun ailəsinin və digər ailələrin hüquq və mənafeləri nəzərə alınmamış, əksinə kobud surətdə pozulmuşdur və bu hal davam edir. Belə ki, həmin dispanserin 25 ha-dan artıq ərazisi olmasına baxmayaraq qazanxana onların evinin yaxınlığında tikilmişdir. Yaşadıqları evlə qazanxananın tüstü borusu arasındakı məsafə 5.5 metrdir. Tüstü borusu dəmirdən ibarət olub hündürlüyü 15 metr, gövdəsinin diametri 01 metrdir. Qazanxananın səsindən 12 nəfər ailə üzvü gecələr yata bilmir, gündüzlər isə istirahət edə bilmirlər. Qazanxananın 15 m hündürlüyə malik borusu isə əsl yüksək təhlükə mənbəyidir və yaşadıqları ərazi isə daimi külək olan seysmik yer olduğundan hər an baş verə biləcək qəza ilə üzbəüz qalmışlar. Dəfələrlə cavabdehə və aidiyyatı orqanlara müraciət etsə də, müraciətinə Səhiyyə Nazirliyi heç bir cavab verməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində cavabdehə aid 7 saylı Vərəm dispanserinin ərazisində inşa edilmiş qazanxananın, ona aid borunun cavabdehin hesabına sökülməsi və yerinin dəyişdirilməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ididiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin qazanxana və boru dispanserin həyətində qanuni sənədlər əsasında inşa edilmiş və ətrafdakı evlərə heç bir təhlükə, həmçinin narahatçılıq yaratmır. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərə məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə məlumat verilsə də, onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan məhəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışından görünür ki, İddiaçı və digər 6 ailə üzvü 26 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Buzovna qəsəbəsi, 26 saylı sahədə qeydiyyatdadırlar; - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X3 Agentliyinin xx.xx.2020-ci il tarixli 37/Q-00730 nömrəli məktubundan aydın olur ki, İddiaçı və digərlərinin şikayətinə əsasən 7 saylı “Vərəm Dispanseri”nə məxsus qazanxanadan gələn səs küylə bağlı xx.xx.2020-ci il tarixində yerində araşdırma aparılmışdır. Sözügedən qazanxanada 2 ədəd su qızdırıcı qazanın quraşdırıldığı, şikayətçinin evindən 8.5 metr məsafədə olmaqla inşa edildiyi, tüstü borusunun (hündürlüyü 15 metr, diametr 1 metr) şikayətçinin evindən 7 metr məsafədə beton özül üzərində inşa edildiyi müəyyən olundu. Qazanxanada olan səs-küy və titrəyiş xüsusi cihazla ölçülərək 45,3 dBA (norma 40 dBA) olduğu bildirildi. İstismar zamanı qazanlarda səs və titrəyişin aradan qaldırılması, tüstü borusunun aşma təhlükəsinin qarşısının qabaqlayıcı tədbirlər görülməklə alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi cavabdeh şəxslərdən tələb olunmuşdur; - “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 04-22/1/10004-2022 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Mərkəzə daxil olmuş vətəndaş İddiaçı ərizəsinə əsasən xx.xx.2022-ci il tarixində sonuncunun mənzilində səs-küyün səviyyəsinin laboratar tədqiqatı aparılmışdır. Aparılmış müayinə nəticəsində 1 mərtəbəli evin qonaq otağında daimi səsin 46 dBA və yataq otağında 47 dBA, 2 mərtəbəli evin 2-ci mərtəbəsində yataq otağında səsin səviyyəsi 50 dBA (norma 40 dBA) olması müəyyən edilmişdir; - “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 04-22/1/22-2023 nömrəli məktubundan məlum olur ki, İddiaçı mənzilində səs-küy və vibrasiya səviyyəsinin ölçülməsi aparılmışdır. Mənzilin qonaq otağında səsin səviyyəsi 51.7 dBA (norma 30 dBA), vibrasiyanın səviyyəsi Akorr=71 DB (norma=72 DB), uşaq yataq otağında səsin səviyyəsi 51,9 dBA ((norma 30 dBA), vibrasiyanın səviyyəsi Akorr=70 DB (norma=72 DB), ikinci mərtəbədə yataq otağında səsin səviyyəsi 53 dBA (norma 30 dBA), vibrasiyanın səviyyəsi Akorr=71 DB (norma=72 DB) müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “ Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının cədvəl 1-in 1-ci və cədvəl 2-nin 1-ci bəndlərinə uyğun olaraq “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası”nın qazanxanasından İddiaçı mənzilinə gələn səs-küy yolverilən səviyyədən yüksək olmuş, vibrasiya səviyyəsi nprma daxilindədir; - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olur ki, qazanxananın fəaliyyəti müddətində ölçmə işləri aparılmış və borudan ətraf mühitə yayılan səs-küy səviyyəsi (ölçmə vaxtı 56,6 dBA, norma 60,0 dBA) və vibrasiyanın (ölçmə vaxtı 66.6 dBA, norma 77 dBA) yolverilən hədd səviyyəsində olduğu müəyyən edilmişdir; - Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 ərazisində inşa edilmiş qazanxana ilə yaşayış evinin arasında məsafə 10.0 m təşkil etdiyini nəzərə alaraq, həmin qazanxana binası “Yaşayış məntəqələrində istilik qazanxanaların quraşdırma qaydalarının (CH 12-57)” 5-ci maddəsinin, 2-ci bəndinin tələblərinə uyğun inşa olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X3 Agentliyinin xx.xx.2020-ci il tarixli 37/Q-00730 saylı məktubuna əsasən, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 ərazisində inşa edilmiş qazanxananın səs və titrəyişi 45,3 d.b.a. (norma 40 d.b.a( dessi bel amplitut)) olmaqla, göstərilən normalara uyğun olmadığı müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ xx.xx.2023-cü il tarixdə tədqiqat obyektinə dair verilmiş mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında xx.xx.2008-ci il tarixli 796 nömrəli Fərmanının, cədvəl 1-in 1-ci bəndinə uyğun olaraq, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası”-nın qazanxanasından həmin ərazidə yerləşən vətəndaş İddiaçı mənzilinə gələn səs-küyün səviyyəsi norma daxilindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir,artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır və 158.4-cü maddəyə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.4-cü maddəsinə əsasən özbaşına tikili maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2-ci maddəsinə əsasən tikinti obyekti aşağıda qeyd edilən tələblərə uyğun layihələndirilməli və tikilməlidir: İstismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir. Məhkəmə hesab edir ki, hazırki mübahisə qonşuluq münasibətləri zəminində qonşunun mülkiyyətinə qanunsuz təsir edilməsi nəticəsində yaranmışdır ki, qanunvericiliyə görə bu hallar yolverilməzdir. Ekspert rəyi ilə, həmçinin digər qurumlar tərəfindən aparılmış araşdırmalar nəticəsində cavabdehin inşa etdiyi tikilinin iddiaçının mülkiyyətinə qanunsuz təsir (normadan artıq səs-küy) yaratması faktı öz təsdiqini tapır. Bu hal isə İddiaçı maraqlarına toxunmaqla onun konstitusion hüquqlarını pozur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən inşa edilmiş qazanxana və tüstü borusu qanunvericiliyə əsasən tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş və bu səbəbdən də sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Buzovna qəsəbəsində Vərəm dispanserinin ərazisində inşa edilmiş qazanxananın, tüstü borusunun cavabdehin hesabına sökülməsi və yerinin dəyişdirilməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbi təmin olunduğundan 100 məbləğində ekspertiza xərci cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X5 tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Buzovna qəsəbəsində Vərəm dispanserinin ərazisində inşa edilmiş qazanxananın sökülməsi və yerinin dəyişdirilməsi öhdəlik kimi cavabdeh “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm sanatoriyası” X10 üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-49/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-49/2024
01.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver