Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-5/2024 13.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurmuş olduğu ziyana görə 17500 manat məbləğində pulun, həmçinin dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pulun, ümumilikdə 22500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Binə qəsəbəsi Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evini torpaq sahəsini almış və müəyyən xərc qoyaraq evin yarı hissəsini tikmişdir. Onu aldadaraq evin sənədini öz adına keçirərək hər kəsi inandıran və ona maneçilik yaradan Cavabdeh onun qaynatasıdır. Belə ki, o, 2014-cü ildə Cavabdeh qızı X3 ilə ailə həyatı qurmuş və onların bu nikahdan bir övladı dünyaya gəlmişdir. 2015-ci ildə qaynatası Arzumanın həyətində olan toyuq fermasında 5 ay işləmiş və ailəsi ilə birlikdə onun evində qalmışdır. Arzuman onun əməkhaqqısını vermədiyi üçün fermadan işdən çıxmışdır. Atası Urfulla onun üçün 3 sot torpaq sahəsi almış, 5500 manat pulu Arzumana vermiş, lakin Arzuman həmin torpağı öz adına almışdır. Bundan sonra atası Urfulla həmin torpaq sahəsində oğlanları, yəni onlar üçün ev tikməyə başlamış, evin birinci mərtəbəsi hazır olduqdan sonra Arzuman mane olaraq torpağın sənədlərini ona verməmişdir. Halbuki torpağı alan onlar, fərdi yaşayış evinə isə 12000 (on iki min) manat xərc qoyub tikən o, olmuşdur. Hazırki vəziyyətdə torpağa 5500 (beş min beş yüz) manat pul verilib, 12000 (on iki min) manat isə evin tikilməsinə xərc qoyulub. Bu səbəbdən də ona ümumilikdə 17500 (on yeddi min beş yüz) manat məbləğində ziyan dəymişdir. Arzuman həmin evdə olan taxtaları götürərək qohumlarına vermişdir. Evin tikilməsinə maneələr yaratsa da onlar evin yarsını tikməyə nail olmuşlar. Arzuman onun atası tərəfindən alınan torpaq sahələrini vermək istəmdiyindən onun barəsində həqiqətə uyğun olmayan iddialar idi. Cavabdehdən vurmuş olduğu ziyana görə 17500 manat məbləğində pulun, həmçinin dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pulun, ümumilikdə 22500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etməyərək iddia ərizəsinə etiraz təqdim etmiş və göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vurulmuş ziyana görə 17500 (on yeddi min beş yüz) manat məbləğində pulun, həmçinin dəymiş mənəvi ziyana görə 5000 (beş min) manat miqdarında, ümumilikdə 22 500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun məndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Gülər İsmayılovla 2014-cü ildə ailə həyatı qurduğunu, ailəlik həyatından 2015-ci ildə bir övladları olduğunu, 2015-ci ildə qaynatası Arzumanın həyətində olan toyuq fermasında 5 ay işlədiyini və ailəsi ilə birlikdə onun evində qaldğını, qaynatası Arzuman onun əmək haqqını vermədiyi üçün fermadan işdən çıxdığını, atası Urfulla onun üçün Bakı şəhəri, Binə qəsəsbəsi, Ə.Vahid küçəsində yerləşən fərdi yaşayış evi üçün 3 sot torpaq sahəsi aldığını və bunun üçün qaynatası X2 5500 manat pul verdiyini, lakin Arzuman həmin həmin torpağı öz adına aldığını, bundan sonra atası Urfulla həmin torpaq sahəsində oğlanları üçün ev tikməyə başladığını, evin birinci mərtəbəsi hazır olduqdan sonra Arzumanın mane olaraq torpağın sənədlərini ona vermədiyini, fərdi yaşayış evinə isə 12000 (on iki min) manat xərc qoyub tikdiyini, bu səbəbdən də ona ümumilikdə (5500+1200=17500 (on yeddi min beş yüz) manat məbləğində ziyan dəydiyini gösərərək həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində hüquqi əsas kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 36.6-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəllənin 1108.2, 1108.3 və 1120.1-ci maddəsinə istinad etmişdir. Hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iş üzrə İddiaçı cavabdehin keçmiş kürəkənidir. İddiaçı cavabdehin qızı Gülər İsmayılova ilə ailə qurmuş, ailəlik həyatından bir övladları olmuşdur. Onların Binə qəsəbəsi donuzkökəltmə sovxozunda şəxsi təssərrüfatı olmuş, həmin təsərrüfatda toyuq yetişdirməklə məşgul olmuşdur. İddiaçı Gülərlə evli olduğu zaman cavabdehə məxsus təsərrüfatda icarəçi Nəzərov Şahmarın işçisi olmuş və işlədiyi müddət ərzində tam əmək haqqını almışdır. Onun adına torpaq sahəsi yoxdur və o, torpaq satmır. İddiaçı həmin vaxtlarda Gülərlə ailəli olduğu üçün cavabdehin oğlu Elşadın 2015-ci ildə Mürxan adlı şəxsdən aldığı torpaq sahəsi üzərində Elşadla razılaşaraq Gülərə ev tikib, verəcəyini nəzərdə tutmuşdur. Təqribən 2019-cu ilin axırında iş üzrə keçmiş kürəkni İddiaçı həmin evə gələrək evdə heç kimin olmamasında istifadə edərək orada olan cəmi 150 manat dəyərində olan 20 ədəd taxtaları Qazel markalı avtomaşına yükləyərək aparmış və cavabdehə maddi ziyan vurmuşdur. Bundan başqa İddiaçı cavabdehə məxsus olan quşçuluq fermasında işləyən zaman orada olan inqibatorun hissələrin, mühərriklərin hissələrini, hava dəyişən aparatların aliminum və mis hissələrini sökərək satmış, təssərrüfatına 2000 manat ziyan vurmuşdur. Bununla bağlı Cavabdeh onun qanunsuz hərəkətindən 2020-ci ilin yanvar və fevral aylarında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayətlə bağlı İddiaçı barəsində xx.xx.2020-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan Cavabdeh Bakı şəhər Xəzər rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Xəzər rayon prokurorluğu tərəfindən 120/20 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar ləğv edilərək material əlavə araşdırılması üçün Polis bölməsinə göndərilmişdir. Göründüyü kimi iddiaçı özünü sığortalamaq üçün mülki qaydada ona hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinin heç bir hüquqi əsası yoxdur. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. İddiaçının iddia ərizəsində hüquqi əsas kimi istinad etdiyi hüquq norması bu kimi mübahisələrin həllinə heç bir aiddiyyatı yoxdur. İddiaçının iddia ərizəsinin əsassız və qanunsuz olması əsası ilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir.Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında Cavabdeh izahat verərək göstərmişdir ki, o, iddia tələbini etiraf etmir. Belə ki, İddiaçı 2014-cü ildə onun qızı ilə ailə həyatı qurmuşdur. Fermada işlədiyi müddətdə onun təsərrufatından oğurluq etmişdir və bundan sonra münasibətləri pozulmuşdur. Lakin qızının həyat yoldaşı olduğuna görə o, onu polis orqanlarına şikayət etməmişdir. İddia olunan torpaq sahəsi 6 sotdan ibarətdir. Həmin torpaq sahəsini onun oğlu maşınını sataraq almışdır. İddiaçı kirayədə yaşadığı üçün oğlu ona 3 torpaq sahəsi vermişdir ki, orada ev tikib ailəsini saxlasın. O, özü də, qızının ailəsi olduğu üçün onlara köməklik etmişdir, 4000 manata yaxın xərc çəkmişdir. Təsərrufatından etdiyi oğurluğa görə o, onu evdən və işdən qovmuşdur. Tələbin təmin olunmasına etiraz etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, İddiaçı dostudur. Vüsalın özündən və qardaşından eşitdiyinə görə torpaq sahəsində olan tikinti işlərinə 15-16 min manat pul xərcləyib. O, özü də həmin tikintidə iştirak etmiş, tikintiyə köməklik göstərmişdir. Məhkəmə iddiaçı, cavabdehin nümayəndəsi və vəkilini dinləyərək və işə əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh ərizəsi üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan məhkəmə ekspertiza mərkəzinin məlumatlarından görünür ki, qeyd olunan tarixlərdə tədqiqat obyektinə gedilmiş, lakin cavabdeh tərəfindən şərait yaradılmadığına, daha sonra isə təşkil edilmiş tədqiqat obyektinə baxışlarda tərəflər iştirak etmədiklərinə görə tədqiqat obyektinə baxış keçirtmək mümkün olmamışdır. İş materiallarında olan aktdan görünür ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yerində müayinə keçirildi. Cavabdeh qeyd olunan ünvanda yerləşən evə dair X1 adına verilmiş daşınmaz əmlakın dövlət Reyestrindən çıxarışı təqdim edir. Həmin çıxarışın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid olduğu müəyyən olunur. Bu barədə akt tərtib olundu. Tərtib olunmuş akt ucadan oxundu və proses iştirakçıları tərəfindən imzalandı. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam pay olmaqla X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərək ondan 22500 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutulmasını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, cavabdeh isə iddianı etiraf etməyərək rədd edilməsini xahiş etmişlər. Eyni zamanda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin X1 mülkiyyətində olması müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı Cavabdeh tərəfindən ona 17500 manat məbləğində ziyan dəydiyini qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən İddiaçı 17500 manat məbləğində ziyanın dəyməsi öz təsdiqini tapmadığından məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İdddiaçının iddia tələbinin Cavabdeh 5000 manat mənəvi zərərin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi rədd ediməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı ona 5000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də, məhkəmə iclasında cavabdehin ona maddi ziyan vurduğu öz təsdiqini tapmadığından, iddiaçıya mənəvi zərər dəyməsi nədə ifadə edilməsi müəyyən olunmadığından vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsində də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ona vurmuş olduğu ziyana görə 17500 manat məbləğində pulun, həmçinin dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pulun, ümumilikdə 22500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ondan Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-5/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-5/2024
13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver