Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-506/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla onun adına qeydiyyatdan keçirilmişdir. Lakin, yoxlama zamanı məlum olmuşdur ki, Cavabdeh Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən evdə yaşamasına baxmayaraq indiyədək onun evindən qeydiyyatdan çıxmamış, bununla da onun hüquqlarını pozmuşdur. Bu səbəbdən o, mülkiyyətçi kimi evdə təmir-bərpa işləri aparmağa ethiyat edir. Çünki, cavabdeh ona mane olur və bununla da mülkiyyətçinin həmin ev üzərində hüquqlarını pozur. Bikə onun atasının nənəsi olmuşdur. Vərəsəliklə ev ona qalmışdır. Cavabdeh onun qohumu deyil. Sadəcə onunla tanışlığı olmuşdur. Cavabdehin xalası onlarla qonşu olmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü ildə Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək qeydiyyatda olduğu ünvan 3 ünvandakı evdən onun istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsassızdır və rədd edilməlidir. İddiaçı əvvəlcə xx.xx.2023-cü ildə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdi. О, uzun illər ərzində qeydiyyatda olduğu və yaşadığı rəhmətlik xalası X1 evindən onu qeydiyyatdan çıxartmaq istəyirdi və ərizədə yazdığı kimi onu qeydiyyatdan çıxartmaq üçün Xəzər Rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması üçün qərar çıxarılmasını xahiş etmişdi. Lakin, Bakı İnzibati Məhkəməsində 6 ay məhkəmə çəkişməsindən sonra öz səhvini başa düşərək ərizə yazdı, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə də 2-1(112)-5468/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad çıxardaraq ərizəni geri götürülmüş hesab etdi. Bundan sonra, İddiaçı yenidən Bakı İnzibati Məhkəməsinin qərardadından apellyasiya şikayəti verdi və apellyasiya şikayətində yazmışdı ki, guya məhkəmə hüquqlarından anlayışı olmadığı üçün ərizə yazıb iddiasını geri götürmüşdü. Bakı Apellyasiya Məhkəməsində 2-1(103)- 3965/2023 saylı iş üzrə baxış iclası təyin edilmişdi. İclas günü iddiaçı yenə də ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Bununla da, iddiaçının qeyri-səmimi olması sübut olunur. İddiaçı məhkəməyə şikayət vermək hüququndan istifadə edərək, düşünmədən ərizələr yazır və məhkəmələrin onsuz da ağır olan iş yükünü daha da ağırlaşdırır. Bundan başqa, o, 7 dekabr 2023-cü il tarixdə artıq məhkəməyə müraciət etmişdir ki, müvəqqəti təminat tədbiri kimi Şüvəlan qəsəbəsində S.Vurğun küçəsi 28 ünvandakı mübahisəli evin üzərinə həbs qoyulsun. İddiaçının iddia ərizəsi saxta mülahizələrdən və dəlillərdən ibarət olduğu üçün rədd edilməlidir. Belə ki, iddia ərizəsində İddiaçı yazır ki, guya yoxlama zamanı ona məlum olub ki, tanmadığı Cavabdeh uzun müddətdir ki, ona məxsus evdə qeydiyyatdadır. Bu tamamilə yalan mülahizədir və məhkəmənin aldadılması və öz xeyrinə qətnamə çıxarılması məqsədini güdür. Belə ki, o, Fərruxun uzaq qohumudur və uzun müddət Fərruxun ataanası və özü ilə qonşu olmuşlar. Mübahisə predmeti olan evdə mərhum xalası X6 və mərhum həyat yoldaşı X2 yaşamışlar. Hüquqi fakt ondan ibarətdir ki, evin birgə sahibi mərhum X2 və arvadı, yəni xalası X6 olmuşlar. 2002-ci il tarixdə X2 itkin düşmüşdür. Xalası Lətifə isə xx.xx.2020-ci il tarixədək yəni, vəfat edənə qədər həmin evdə yaşamışdır. Xalası Lətifənin uşaqları olmamışdır. Lətifənin əri Sabir kişi itkin düşəndən sonra o, orada yaşamağa başlamış və ona daim qulluq etmiş, buna görə də xalası 2010-cu il tarixdə onu öz evinə qeydiyyata salmışdır. Bu faktın özü də göstərir ki, xalası evin faktiki sahibi olub və məhz xalası Lətifənin sağ ikən Xəzər Rayon Polis İdarəsinə yazdığı ərizə əsasında sözügedən polis idarəsi onu həmin evə qeydiyyata almışdır. Belə olan halda Xəzər Rayon Polis İdarəsi onu evə qeydiyyata salarkən həmin dövrdə o evə heç bir hüquqi bağlılığı olmayan bu günkü İddiaçı icazə almalı deyildi. Bu baxımdan Xəzər Rayon Polis İdarəsi bu məsələdə heç bir qanunsuzluğa yol verməmişdir. Bundan başqa, xalası Lətifə həmin evi xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 4 saylı dövlət notariat kontorunda vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. İddiaçı Lətifənin və Sabirin oğlu deyildir, X4 nəticəsidir. Tarixi fakt və həqiqət belədir ki, xalasının qaynanası, iddiaçının isə ulu nənəsi X8 öz sağlığında həyətini bölmüşdür. X3 verdiyi vəsiyyətnamə əsasında Xəzər Rayon Məhkəməsində mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddia qaldıracaqdır. Yaxın gələcəkdə verəcəyi həmin iddia tələbinə dair qəbul ediləcək qətnamə bir çox məsələlərə aydınlıq gətirəcək və belə bir qətnamə qəbul edilənədək qeydiyyatdan çıxarılma barədə iddiaçının iddia ərizəsi rədd edilməlidir. İddiaçı həmin evdən onun istifadə hüququna xitam verməklə həmin evi tez satmaq istəyir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və etiraz ərizəsinin izahat kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -ƏMDK DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ( yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli reyestrdə 2V-429 sayla qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 vərəsəsi İddiaçı mirasdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43,6 kv.m olan fərdi yaşayış evindən və mülkiyyətdə olan 0,0482 ha torpaq sahəsindən ibarətdir. -xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışın surətindən görünür ki, İddiaçı ünvan 1 ( yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs xx.xx.1955-ci il təvəllüdlü Cavabdehdır. -“Azemıs” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2022-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdeh isə evin mərhum mülkiyyətçisi Bikə Babayevanın sağlığında, 2010-cu il tarixində evə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin halları ilə müəyyən olunmuşdur ki, nə iddiaçı ilə, nə də mübahisə predmeti olan fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisi ilə cavabdeh arasında sonuncunun istifadə hüququ ilə bağlı hər hansı razılaşma mövcud olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənən razılaşma olmadığına görə cavabdehin ümumiyyətlə fərdi yaşayış evinə istifadə hüququ yaranmamışdır. İstifadə hüququ mövcud olmadığına görə onun itirilməsi də mümkün deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli fərdi yaşayış evinə istifadə hüququ yaranmadığından iddia təmin edilməməli, hazırki mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin cavabdehin müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olduğu tərəflərə izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Hazırkı mülki iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi Cavabdeh müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-506/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-506/2024
22.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver