Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-548/2024 13.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin istifadə və sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğvi, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin istifadə və sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlil ağa oğlunun adına verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” Bağçılıq-Yoldaşlığının 16 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin İddiaçı istifadə və sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-4378/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğvi və sair” tələbinə dair iddia ərizəsi xx.xx.2010-cu il tarixli MA seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, bağ massivində 600 kv.m sahədən ibarət “16” saylı bağ sahəsi bağçılıq cəmiyyəti üzvlük kitabçasından göründüyü kimi “Şinçi” Bağçılıq-Yoldaşlıq cəmiyyəti üzvlərinin xx.xx.1988-cı il tarixli 02 saylı protokoluna əsasən bağçılıq cəmiyyəti bağından sahəsi 6 sot olan, 16 saylı bağ sahəsi bağçılıq cəmiyyətinin xx.xx.1988-ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün iddiaçıya verilmişdir. İddiaçının daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınması barədə müraciətinə verilən 13 sentyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh məxsus MA 121421 saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nın 17/17a saylı, 0,12 ha sahədən ibarət bağ sahəsi onun adına xx.xx.2010-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçıya məxsus bağ sahəsi cavabdeh tərəfindən zəbt edilmiş, daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Torpaq sahəsinə gediş-gəlişləri olmuşdur. İlk vaxtlar 3-4 daş hasar olmuşdur. İddiaçı torpaq sahəsində ev üçün fundament tikmişdir. Daha sonra isə evi tikib tamamlaya bilməmişlər. Müəyyən müddət keçdikdən sonra oraya baxış keçirmək üçün getdikdə isə qonşular torpağın sahibinin başqa biri olduğunu bildirmişlər. Bundan sonra torpaq sahəsinə cavabdeh tərəfindən çıxarış alındığını müəyyən etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi M.Ə.Əzizova iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında göstərdi ki, “Şinçi” Bağçılıq-Yoldaşlıq cəmiyyəti üzvləri tərəfindən onun əri Cavabdeh torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi onun ərinin mülkiyyətindədir və bu barədə çıxarış da mövcuddur. Cavabdeh tərəfindən heç kəsin torpaq sahəsi zəbt edilməmişdir. Torpaq sahəsində ev tikilməmişdir. Torpaq sahəsinə hərdən bir gedib-gələrək baş çəkirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Şin zavodu Müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə xx.xx.1998-ci il tarixdə keçirilən iclasın 02 saylı protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” Bağçılıq-Yoldaşlığının 16 saylı bağ sahəsi İddiaçı, 17 saylı bağ sahəsi isə Cavabdeh ayrılmışdır. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin MA seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, ölçüsü 0,12 ha olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Şinçi” b/y-nın 17/17a saylı yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Daşınmaz əmlak xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Daşınmaz əmlakın reyestr nömrəsi **********24-dür. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-32785/2023 saylı bildirişindən görünür ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən şərti olaraq göstərilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda təqdim edilmiş protokoldan çıxarışa həqiqiliyi təsdiqlənməmiş əlavələr edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət revəesiri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddasinə əsasən hüduqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.1-49.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyil. Çünki, qeyd olunan torpaq sahəsinin hər hansı bir hüquqmüəyyənedici sənədlə ona məxsus olması müəyyən edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Şinçi” b/y-nın 17/17a saylı yaşayış məntəqələrinin torpaqları təyinatlı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında cavabdehin mülkiyyətindədir. İddiaçı cavabdehə məxsus olan torpaq sahəsindən onun çıxarılmasını tələb etməkdə haqlı olmamışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı iddia tələbində qeyd etdiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” Bağçılıq-Yoldaşlığının 16 saylı bağ sahəsinin çıxarışla cavabdehə məxsus olan Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Şinçi” b/y-nın 17/17a saylı bağ sahəsi ilə eyni olmasını sübut edə bilməmişdir. Hazırkı məqamda iddianın təmin olunması cavabdehi fundamental hüquqlarından biri olan mülkiyyət hüququndan məhrum edə bilər. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" 02 saylı, 14 fevral 2003-cü il tarixli qərarına əsasən “Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.” Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən “Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.” Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən “Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən “Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.” Həmin Məcəlləsinin 65-ci maddəsinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin istifadə və sahibliyə qaytarılması” tələbinə dair dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin istifadə və sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-548/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-548/2024
13.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver