Məhkəmə qərarları › İş №2(003)-64/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-64/2024

01.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-64/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı evinin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi tələbinə dair ilkin; Cavabdeh İddiaçı (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə fərdi yaşayış evindən və torpaq sahəsindən 4/24 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövləy Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsi, 48 saylı ev və torpaq sahəsi 4/24 hissədə ona, 4/24 hissədə Cavabdeh paylı mülkiyyətindədir. Digər paylar X3 və X10 adına açıq qalmışdır. Sonuncuların adları həmçinin evə dair texniki passport tərtib olunmuş, əmlak onlardan miras olaraq qalmışdır. O, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 06 sentyabr 2022-ci il tarixli məktubundan da göründüyü kimi, əmlakın naturada bölünməsi üçün müraciət olunmuş, lakin əmlaka texniki baxış keçirmək və inventarlaşma işlərinin aparılması üçün şərait yaradılmamışdır. Daha sonra ilkin iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə fərdi yaşayış evindən və torpaq sahəsindən 4/24 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ev və torpaq sahəsi babasından miras qalmışdır. Həmin əmlakın 4/24 hissədə Rətailə, 4/24 hissədə ona məxsus olmaqla paylı mülkiyyətdədir. Digər paylar mərhum X7 və X10 adına açıq qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə olunmuşdur. Torpağın natura şəklində bölünməsinə dair aralarında dəfələrlə mübahisə olmuşdur. Belə ki, qarşı tərəflə indiyə qədər razılığa gələ bilməmişdirlər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, onun nümayəndəsi X11 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyət növü Dövlətə mənsub olan, istifadə üçün verilmiş, 216,30 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın mülkiyyət növü daşınmaz əmlak üzərində hüquq növü xüsusi mülkiyyət olan fərdi yaşayış evi üzrə 1/2 hissədə X2 adına xx.xx.2008-ci ildə, 1/24 hissədə Cavabdeh adına xx.xx.2011-ci ildə, 3/8 hissədə X10 adına xx.xx.2007-ci ildə, 2/24 hissədə X8 adına xx.xx.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışın surətindən aydın olur ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyət növü Dövlətə mənsub olan, istifadə üçün verilmiş, 0,034090 ha torpaq sahəsində yerləşən, daşınmaz əmlakın mülkiyyət növü daşınmaz əmlak üzərində hüquq növü xüsusi mülkiyyət olan fərdi yaşayış evi üzrə 1/2 hissədə X2, 4/24 hissədə açıq saxlanılan X10, 4/24 hissədə İddiaçı və 4/24 hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 nömrə ilə daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, X17, X4, X12, Cavabdeh, Məmmədşəfi oğlu, X22, X11, X15, X23, X18 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, payın yerləşdiyi “A” literli fərdi yaşayış evi bir dam altında yerləşir. Fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam örtüyündən ibarət olduğu üçün iki əsas tikiliyə bölünə bilməz. Bundan əlavə, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarının hazırlanması təmin edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3521 nömrəli rəyindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Şahin İsgəndərov küçəsində yerləşən 48 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin payçıların paylarına uyğun naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. Lakin, tədqiq olunan fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin tərəflər arasındakı faktiki bölgü qaydası mülkiyyətçilərin paylarından qismən kənara çıxmaqla İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4., bəndlərində və Məhkəmə Tikinti-X9 Metodlarında göstərilənlərə uyğun olduğu müəyyən olunur. Məhkəmə tərəfindən idiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı ilə mübahisəli əmlakın yerləşdiyi ünvan 2 ünvanı üzrə yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisəli əmlak ayrı-ayrılıqda 4 evdən ibarətdir. Eyni zamanda iddiaçıya məxus yaşayış evində baxış keçirilmiş, həmin həyətdə 2 mərtəbəli evin olması və həmin evin ayrı-giriş çıxışının olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə X2, 4/24 hissədə açıq saxlanılan X10, 4/24 hissədə İddiaçı və 4/24 hissədə Cavabdeh adına daşınmaz əmlakın reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********02-10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətində, yaşayış evləri is tərəflərin xüsusi mülkiyyətdədir. Məhkəmə ilkin və qarşılıqlı iddialara ayrı-ayrılıqda hüquqi qiymət verərək, ilkin və qarşılıqlı iddianın təmin edilməməsini məqsədə müvafiq hesab etmişdir. İddia ərizəsinin məzmunundan, iş materiallarından aydın olur ki, iddiaçı və cavabdeh hər biri mübahisəli əmlakın müstəqil mülkiyyətçiləridir, yəni, onların payı məlumdur. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarında olan ekspert rəyindən də aydın olur ki, payların ayrıca mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, ilkin iddianın torpaq sahəsinin onun tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi və qarşılıqlı iddianın torpaq sahəsinin 4/24 hissədə payına uyğun naturada bölünməsi hissəsində ilkin və qarşılıqlı iddia tələbllərinə qiymət verərərək hesab edirki iddia tələbləri torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Belə ki qanunvericiliyin tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Lakin hazır ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsi tərflərin istifadəsində olmaqla dövlətin mülkiyyətindədir. Məhkəmə ilkin iddianın daşınmaz əmlakın tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi hisəssində qeyd edir ki, ilkin iddia həmin hissədə də, təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilikdə paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında olan razılaşmaya əsasən onlar arasında bölünməsi nəzərdə tutulmuşdur ki, bu da mülkiyyətçilərin alarındakı razılaşma əsasında mümkündür. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi qanunvericilik məhkəmənin tərəflərin arasında razılıq olmadıqda payların mülkiyətçilərin paylarına uyğun naturada bölünməsini nəzərdə tutmuşdur. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-220.6-ci maddələrində paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması, mülkiyyətçinin razılığı əsasında onun payına uyğun kompensasiyanın verilməsin, razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilərin arasında onların payına mütənasib bölüşdürülməsi qaydaları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normalarda ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payının naturada ayrılması, bu mümkün olmadıqda isə mülkiyyətçinin razılığı ilə pul və ya digər kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi, belə razılıq olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətçilərin arasında onların payına mütənasib bölüşdürülməsi zəruri şərt kimi müəyyən olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, mübahisəli daşınmaz əmlakın payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyində öz əksini tapmışdır. Bu səbəbdən də, məhkəmə qeyd edir ki, ilkin iddia bu hissədə də, əsassızdır və təmin edilməməlidir. Məhkəmə Cavabdeh İddiaçı (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə fərdi yaşayış evindən 4/24 hissədə müəyyən olunmuş payının naturada bölünərək mülkiyyətinə verilməsi barədə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Belə ki, mübahisəli əmlakdan payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı ekspert rəyi ilə öz əksini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3521 saylı ekspert rəyinə əsasən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi D.Bünyatzadə küçəsi 5-ci keçid ev 11 saylı fərdi yaşayış evinin naturada paylara uyğun təcrid mənzillər şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından qarşılıqlı iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25(iyirmi beş) manatı İddiaçı və 25(iyirmi beş) manatı Cavabdeh tutulub X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evinin və torpaq sahəsinin tərəflərin faktiki vəziyyətdə mövcud olan bölgüsü üzrə naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı əmlakın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı və 25 (iyirmi beş) manatı Cavabdeh müştərək qaydada tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar