Məhkəmə qərarları › İş №2(003)-690/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-690/2023

25.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-690/2023 25.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hazırda Cavabdeh1 ilə birgə nikahda olan arvadı Cavabdeh2 məxsus olan “Nissan Qaşqai” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş payının müəyyyən olunması dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2723/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 11105 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Həmin tələb üzrə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu Cavabdeh1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Cavabdeh könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Nəticədə borclu Cavabdeh1 məxsus "Zil 5301AO" minik markalı, **-XX-*** qeydiyyat nişanlı, MMZ 4502 yük mnik markalı, **-MB-*** qeydiyyat nişanlı,"Volkswagen Passat" minik markalı, **- ND-*** qeydiyyat nişanlı, "Kraz 255 В 1" minik markalı, **-RF-*** qeydiyyat nişanlı avtomobillər aşkar olunmuşdur və onların üzərinə həbs qoyulması təmin olunmuşdur. Lakin həmin avtomobillərin olduğu yeri müəyən etmək mümkün olmadığından xx.xx.2022-ci il tarixdə əmlakın axtarılması haqqında qərar qəbul olunaraq icra olunması üçün BDYPİ-nə göndərilmişdir. Bundan sonra Cavabdeh1 adında qeydiyyatdan keçən əmlakların hazırda harada və kimin tərəfindən idarə olunması barədə DYPİ-nə sorğu edilmişdir. Nəticədə məlum olmuşdur ki, həmin avtomobillər müxtəlif şəxslər tərəfindən etibarnamə ilə idarə olunur. Həmin şəxslərlə icra məmuru tərəfindən çıxarışda qeyd olunan telefon nömrəsi ilə əlaqə yaradılmışdır və məlum olmuşdur ki, qeyd olunan avtomobillər onların istifadəsində deyildir, vaxtilə tanımadıqları şəxslərə hissələrə bölünməsi üçün (metalloma) satdıqlarını bildirmişdirlər. Avtomobillərin axtarılması bugünədək heç bir nəticə vermədiyindən tələb borclunun birgə nikahda olduğu həyat yoldaşı Cavabdeh2 məxsus olan “Nissan Qaşqai” minik markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi zərurəti yaranmışdır. Belə ki, həmin əmlak xx.xx.2018-ci il tarixdən Cavabdeh2 adından qeydiyyatdan keçir və hazırda da onun adında da keçməkdədir. Mən yuxarıda göstərilən səbəblərdən Xəzər rayon icra şöbəsinə ərizə ilə müraciət edərək borclu Cavabdeh1 adında keçən avtomobillərdən imtina etdiyimi və tələbin faktiki olaraq borclunun istifadəsində olan onun həyat yoldaşı Cavabdeh2 məxsus olan avtomobilin üzərinə, borclunun həmin avtomobilə birgə nikahdan olan payı müəyyən olunmaqla həbs qoyulmasını xahiş etmişəm və bununla əlaqədar icra məmuru dəfələrlə bu barədə təqdimatla müraciət etsə də təqdimat təmin olunmamışdır. Belə ki, həmin əmlakın ümumi mülkiyyət ( paylı və birgə) olmasına dair sübut təqdim olunmaması və həmin əmlakın birgə mülkiyyətdə olması, borclunun (cavabdehin) həmin əmlaka dair paylı mülkiyyətçi olması da iş üzrə müəyyən edilməmişdir və bu əsasla təqdimat təmin olunmamışdır. Həmin əmlak onların birgə nikah dövründə əldə olunmuşdur. Belə ki, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu Cavabdeh1 ilə Cavabdeh2 ilə xx.xx.2003-cü il tarixdə nikaha qeydiyyata alınmışdırlar. Cavabdeh borcdan qərəzli olaraq yayınması üçün bütün əmlakını həyat yoldaşının adına rəsmiləşdirmişdir. Belə ki, onun həyat yoldaşının adına Xətai rayonu, Cavabdeh1 küç, ev 22, 234 saylı mənzil qeydiyyata alınmışdır. 5 saylı Asan xidmətində bağlanmış borc müqaviləsi xx.xx.2017-ci il tarixinə aiddir və həmin ev də xx.xx.2019-cu il tarixdə cavabdehin həyat yoldaşının adına qeydiyyata alınmışdır. Cavabdeh1 əmlakı ilə bağlı görülən məcburi icra tədbirləri öz nəticəsini vermir və borcunu qərəzli olaraq hər ay 100 manat ödəyir. Belə ki, cavabdeh barəsində olan icra işi üzrə tədbiq olunmuş cəriməsini cavabdeh tez bir zamanda tam şəkildə ödədi və ona da bildirdi ki sənin pulunu belə ödəyəcəm, heç kim mənə heçnə edə bilməz, mən pensioner adamam. Ondan olan məlumata əsasən Cavabdeh1 iddiaçıya olan borcunu tam şəkildə ödəməyə imkanı var, lakin qərəzli olaraq bunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 məhkəməyə verdiyi izahatında iddianı qəbul etmədiyini bildirdi. Əlavə olaraq bildirdi ki, o, Nailə Vəzirova ilə nikahda deyil, onlar boşanmışlar. Bundan əlavə, borcunun 50 faizini vaxtı-vaxtında ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2723/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-309/2019 saylı qətnaməsi yoxlanılan hissədə qismən ləğv olunmuş, iddia həmin hissədə qismən təmin olunaraq Cavabdeh1 11105 ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə verilməsi, məhkəmə xərci cavabdehə aid edilməklə, cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 250 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-995/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-11xx/xx/2023 saylı məktubundan və ona əlavə edilmiş nikah haqqında akt qeydinin surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 barəsində nikah və nikah pozulması barədə məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2023-cü ilədək yoxlama aparılmış və məlum olmuşdur ki yuxarıda adı çəkilən şəxslər xx.xx.1985-ci il tarixində Yasamal rayon qeydiyyat şöbəsində 34 saylı aktla nikaha daxil olmuşlar və həmin nikah xx.xx.1998-ci il tarixində 233 № aktla Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur.Cavabdeh1 və Cavabdeh2 xx.xx.2003-cü ildə 126 № aktla Yasamal rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşdular və bu nikah haqqında akt qeydinin üzərində heç bir pozulma qeydə alınmamışdır. İş materiallarında elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində “Nissan Qaşqai” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır və onun adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə Cavabdeh2 xx.xx.1985-ci il tarixində nikaha daxil olmuşlar və həmin nikah xx.xx.1998-ci il tarixində pozulmuş, daha sonra onlar yenidən xx.xx.2003-cü il nikaha daxil olmuşlar və hal-hazırda nikahdadırlar. Onların birgə nikahı dövründə, yəni xx.xx.2018-ci il tarixdə “Nissan Qaşqai” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2723/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh1 11105 ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) tutularaq İddiaçı xeyrinə verilməsi, məhkəmə xərci cavabdehə aid edilməklə, cavabdehdən aparılmış ekspertizanın dəyəri olan 250 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Hazırda həmin icra işi üzrə tələbkar İddiaçı tələbin yönəldilməsi üçün borclunun birgə əmlakına dair payının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. AM-in 37.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. MM-in 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Göründüyü kimi, qeyd edilən əmlak cavabdehlərin birgə nikahda olduqları müddətdə əldə edilmişdir. Həmçinin, iddiaçı Cavabdeh1 kreditoru olmaqla onun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna sahib şəxsdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan cavabdehlərin qeyd edilən əmlak üzərində payları müəyyən edilməlidir. Belə ki, tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Göstərilən **-VP-*** dövlət qeydiyyat nişanlı “Nissan Qaşqai” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli avtomobil cavabdehlərin birgə nikah müddətində əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş avtomobilə dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə avtomobilin Cavabdeh2 adına rəsmiləşdirilməsinə baxmayaraq cavabdehlərin nikah müddətində əldə etdikləri əmlak olduğu təsdiq olunduğundan, iddiaçı Cavabdeh1 kreditoru olmaqla onun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb etmək hüququna sahib şəxs olduğundan, cavabdehlərin mübahisəli əmlakda hər birinin 1/2 hissədə payları müəyyən olunmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Nissan Qaşqai” minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə Cavabdeh2, ½ hissəsinə Cavabdeh1 payı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar