Məhkəmə qərarları › İş №2(003)-712/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-712/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-712/2023 04.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehnun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka dair borcun yarısının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh Saitdin qızının nikahlarının faktiki pozularaq ayrı yaşadıqları xx.xx.2020-ci il tarixinə kimi birgə əmlaklarını təşkil edən Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzili üçün yaranan 2196,0 manat ümumi borclarının yarısını təşkil edən 1098,0 manatın ödənilməsi vəzifəsinin Cavabdeh Saitdin qızının üzərinə qoyulması, eləcə də ödədiyi 32 manat dövlət rüsumunun Cavabdeh Saitdin qızından tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Saitdin qızı ilə xx.xx.2001-ci ildə nikaha daxil olmuş və bundan sonra o, Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı sərancamı ilə yaşayış evi tikilməsi üçün ona verilmiş Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 877 saylı ümümi sahəsi 1200 kv.m olan torpaq sahəsində ümumi sahəsi 125 kv.m olan 4 otaqlı ev inşa etmiş və ailələri həmin ünvanda yaşamışdır. Bundan əlavə, onlar tərəfindən birgə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzili əvəzli qaydada alınaraq həyat yoldaşı Cavabdeh Saitdin qızının adına rəsmiləşdirilmişdir, onlar həmin mənzili kirayə vermişlər və mənzilin kirayəsindən əldə edilən vəsait ailələrinin büdcəsinə daxil olmuşdur. 2020-ci ilin avqust ayının əvvəllərində ailə münasibətləri pozulmuşdur, həmin tarixdən cavabdeh Bakı şəhəri Xəzər rayonu, Şüvalan qəsəbəsindəki 877 saylı ümümi sahəsi 1200 kv.m olan torpaq sahəsində inşa etdikləri ümumi sahəsi 125 kv.m olan 4 otaqlı evdə, o isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzilindən kirayənişini çıxararaq həmin mənzildə yaşayır. Bundan sonra Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur, eyni zamanda, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(008)-1105/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə onunla cavabdehin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzilinə olan payları bölünərək həmin mənzilə keçmiş həyat yoldaşı Cavabdeh Saitdin qızının 3/5 hissədə və onun 2/5 hissədə payları müəyyən edilmişdir. Bildirir ki, nikahın faktiki pozularaq ayrı yaşadıqları xx.xx.2020-ci il tarixinə birgə əmlaklarını təşkil edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzili üçün komunal borcları 2196,0 manat təşkil edir və nikahları müddətində yaranan həmin borc ödənmədiyi üçün paylı ümumi əmlaklarını təşkil edən qeyd edilən mənzilə dair müvafiq sənədləşdirmə aparılması və komunal xidmətlərdən istifadə edilməsi mümkün deyildir. Mövcud vəziyyətdə birgə nikah müddətində yaranan həmin borc onunla cavabdeh tərəfindən hər birinə 50 faizi olmaqla ödənilməlidir, lakin cavabdeh tərəfindən birgə borcun 50 faizini təşkil edən 1098,0 manat borcu könüllü ödəmir və bu səbəbdən cavabdehin üzərinə ümumi borcun 50 faizinin ödəmək vəzifəsi məhkəmə qərarı ilə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi, məhkməyə iddiaya yazılı etirazını təqdim edərək iddiaya etirazını onunla əsaslandırdı ki, İddiaçı cavabdeh Kərimova (Əliyeva) Aynurə Şaitdin qızına qarşı “Cavabdehin müəyyən hərəkətlərin edilməsinə məcbur edilməsinə dair” iddiası ilə bağlı mülki iş üzrə aşağıdakı xüsusatlara diqqət yetirilməsini işin obyektiv və əsaslı həlli üçün əhəmiyyətli hesab edir. Belə ki, iddia ərizəsində qaldırılan məsələlərdə hüquqi əsası olmayan, əsl həqiqətləri əks etdirməyən, yalan və təhrif olunmuş bir çox müddəalar öz əksini tapmışdır. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, “Mən Cavabdeh ilə xx.xx.2001-ci ildə nigaha daxil olmuşam və bundan sonra mən Bakı şəhəri Xəzər (keçmiş Əzizbəyov) Rayon icra Hakimiyyəti başçısının 30 dekabr 1999-cu il tarixli 2487 saylı sərəncamı ilə yaşayış evi tikilməsi üçün mənə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 877 saylı ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsində ümumi sahəsi 125 kv.m olan 4 otaqlı ev inşa etmişəm və ailəmiz həmin ünvanda yaşamışdır” Məlumat üçün bildirir ki, o, Kərimova (Əliyeva) Aynurə Şaitdin qızı İddiaçı ilə xx.xx.2001-ci ildə nigaha girərək ailə həyatı qurmuş və bu nigahdan 4 övladımız olmuşdur. Yaşamaq üçün özlərinə məxsus yaşayış sahəsi olmadığı üçün ailə qurduqdan sonra müxtəlif vaxtlarda Bakı şəhərində, Dəvəçi (indiki Şabran), Şamaxı, Siyəzən rayonlarında müxtəlif evlərdə kirayədə qalmış, eyni zamanda, Qala qəsəbəsi, Xaşa-Xuna yaşayış massivində İddiaçı nənəsinə məxsus və valideynlərinin yaşadığı evdə, onun valideynlərinə məxsus evdə, hal-hazırda İddiaçı qeydiyyatda olduğu Qala qəsəbəsi, Xaşa- Xuna yaşayış massivi, 2428 saylı bağ sahəsində yerləşən evdə yaşamışlar. Onu da qeyd edir ki, kirayə yaşadıqları evlərin kirayə haqları onun valideynləri tərəfindən ödənilmişdir. Bir müddət əsasən yay aylarında (2008-ci ildən sonra) onlar Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu ərazisində onun valideynlərinə məxsus bostan sahəsində özbaşına tikilmiş evdə yaşamışlar. Həmin evin və torpaq sahəsinin İddiaçı iddia ərizəsində göstərdiyi Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncama heç bir aidiyyəti yoxdur, yəni İddiaçı iddia ərizəsində qeyd etdiyi guya onlar evləndikdən dərhal sonra onun tərəfindən tikilmiş ona ayrılmış torpaq sahəsində yerləşmiş evdə yaşadıqları haqqındakı müddəa yalan və heç bir hüquqi əsası olmayan müddəadır. İddiaçının Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 2487 saylı, xx.xx.1999-cu il tarixli sərəncamının adı çəkilən sahəyə aid olması haqqında heç bir hüquqi sənəd mövcud deyil (sahənin cizgisi, torpaq sahəsinin təhkim olunması haqqında akt, Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə bağlanmış müqavilə və onun notariat təsdiqi, evin layihəsi, çıxarış və sairə hüquqi aktlar). 20 illik ailəlik dövründə üzə çıxmayan, 23 ildən sonra isə üzə çıxan sənəd (sərəncam) artıq qüvvəsini itirmiş sənəddir və o hüquqi, mülkiyyət hüququnu təsdiq edən sənəd sayılan bilməz. Çünki sərəncamın özündə də göstərilir ki, sərəncam alındıqdan dərhal sonra lazımı hüquqi proseslər həyata keçirilməli, 3 il müddətində təsdiq olunmuş layihə əsasında tikinti işləri başa çatdırılmalıdır. Sərəncamda əksini tapmış maddələrin heç biri vaxtında ümumiyyətlə yerinə yetirilməmişdir. Həmin sərəncamın hansı torpaq sahəsinə (23 il keçməsinə baxmayaraq) aid olması haqqında heç bir təsdiqedici hüquqi sənəd mövcud deyil, hansı ki, sərəncam alındığı dövrdə bu sənədin hansı torpaq sahəsinə aid olması haqqında hüquqi sənəd əldə edilməli idi. Ona görə də bir daha qeyd edir ki, bu sərəncamın Şüvəlan qəsəbəsi, Gülçülük sovxozu massivi ərazisində yerləşən sahəyə və evə heç bir aidiyyəti yoxdur və ümumiyyətlə bu sərəncam artıq hüquqi qüvvəsini itirmişdir və o sərəncam ləğv edilmiş hesab olunur. İddiaçı iddia ərizəsində qeyd edir ki, “Bizim tərəfimizdən birgə nigah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzili əvəzli qaydada alınaraq həyat yoldaşım Cavabdeh adına rəsmiləşdirilmiş, biz həmin mənzili kirayə vermişik və mənzilin kirayəsindən “əldə edilən vəsait ailəmizin büdcəsinə daxil olmuşdur”. Məlumat üçün bildirir ki, 2012-2017-ci il dövrü ərzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 7, mənzil 110-da İddiaçı ilə birgə ailəlik dövründə ailə daimi yaşamışdır. Həmin ünvandakı mənzil ona məxsus olmuşdur. Yaşadıqları dövr ərzində həmin mənzilin kommunal vergisi onun tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Heç bir kommunal borcları olmamışdır. 2018-ci ildən birgə nigah dövründə anadan olmuş 4 övladının təhsili (Yasamal rayonunda yerləşən 20 nömrəli lesey-məktəbində oxuduğuna görə) əlaqədar Bakı şəhərində kirayə ev götürərək orada yaşamağa başlamışlar. Onlar ailəlikcə Bakı şəhərinə köçdükdən sonra Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595-ci məhəllə, ev 7, mənzil 110-nun kirayəyə verilməsi ilə bağlı onun tərəfdən heç bir addım atılmamışdır və ona görə də mənzilin hansı şərtlərlə, hansı məbləğdə, hansı müddətə kimə kirayə verilməsi haqqında məlumatı olmamışdır. Təkcə onu qeyd edə bilər ki, ailəlikcə həmin mənzildə yaşadıqları dövrdə keçmiş həyat yoldaşı İddiaçı deyirdi ki, həmin mənzilin kommunal vergisini vaxtlı-vaxtında ödəsin. İddiaçı da onu arxayınlaşdırırdı ki, kommunal vergisini vaxtlı-vaxtında ödəyir, narahatçılığa heç bir əsas yoxdur. Əgər iddia ərizəsində göstərildiyi kimi Bakıxanov qəsəbəsində ki, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə ev 7, mənzil 110 həqiqətən keçmiş həyat yoldaşı İddiaçı tərəfindən kirayəyə verilmişsə onun tərəfindən kirayə pulu alınıbsa, bəs niyə həmin puldan mənzil kommunal vergisi ödənilməmişdir. Digər tərəfdən, İddiaçı iddia ərizəsində göstərir ki, mənzil kirayəsindən əldə edilən vəsait ailənin büdcəsinə daxil olmuşdur. Bu, tamamilə ağ yalandır. Ailə üzvlərinin hər biri təsdiq edə bilər ki, onlar nə mənzil kirayə vermiş, nə də ailə büdcəsinə kirayədən hər hansı bir vəsait daxil olmuşdur. Əksinə, İddiaçı Bakıxanov qəsəbəsindəki mənzilin kommunal vergisinin ödənilməsi adı ilə ailə büdcəsindən vəsait götürmüşdür və məlum olur ki, bu vəsaiti kommunal vergisini ödəmək üçün istifadə etməmişdir. Görünür, İddiaçı özü Bakıxanov qəsəbəsindəki mənzili ailədən xəbərsiz kirayəyə verərək, kirayə vəsaitini mənimsəmiş, indi də bunu ailənin büdcəsinin adına çıxarır. Digər tərəfdən, İddiaçı iddia ərizəsində elə qeyd edir ki, sanki Bakıxanov qəsəbəsindəki 110 saylı mənzil əldə edildikdən sonra, ailə ümumiyyətlə o mənzildə yaşamamış, mənzil əldə edilən kimi kirayəyə verilmişdir. Yuxarıda qeyd etdiyi kimi ailə 2012-2017-ci illər ərzində o mənzildə daimi yaşamışdır və kommunal vergisini ödəmişdir. İddia ərizəsində qeyd edilən bu müddəanın da həqiqəti əks etdirməyən, ağ yalan olduğunu, heç bir hüquqi əsası olmadığını bildirir. 20 illik ailəlik dövründə onun keçmiş həyat yoldaşı İddiaçı alkoqollu içkiyə qurşandığına görə, onunla 4 yetkinlik yaşına çatmamış övladları ilə kobud rəftar etdiyinə, onu və övladlarını dəfələrlə nalayiq sözlərlə təhqir etdiyinə, hətta bizə fiziki zərər yetirərək hüquqlarınızı pozduğuna görə onunla birgə yaşamaq daha mümkün olmadığına görə o, 2020-ci ilin avqust ayında Xəzər Rayon Məhkəməsinə İddiaçı ilə nikahının pozulması üçün müraciət etmiş və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş və yetkinlik yaşına çatmamış övladları ananın, yəni onun himayəsinə verilmişdir. Nigah pozulduqdan sonra İddiaçı onun adına qeydiyyatda olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595, 7 saylı evin 110 saylı mənzilin tərəflər arasında bölünməsi üçün iddia ərizəsi ilə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinə İddiaçı tərəfindən ünvanlanmış iddia ərizəsində Sabunçu Rayon Məhkəməsi əvəzinə Xəzər Rayon Məhkəməsi qeyd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(008)-1105/2021 saylı qətnaməsinə əsasən üzərində tərəflərin payları müəyyən olunmuş, mənzilin 60 %-i Kərimova (Əliyeva) Aynurəyə 4 övladı ilə birlikdə (ümumilikdə 5 nəfər), 40 %-i isə İddiaçı (1 nəfər) ayrılmışdır. Bu pay bölgüsünün özüdə haqsızlıqdır. Bundan sonra İddiaçı həmin mənzili bütünlüklə zəbt edərək orada yeni evləndiyi qadınla yaşamağa başlamışdır. İddiaçı iddia ərizəsində həmin mənzilin ona ayrılan payında deyil, mənzili bütünlüklə zəbt edərək yaşadığını qeyd etmir. İkincisi, İddiaçı həmin mənzildə tək deyil, yəni evləndiyi qadınla yaşaması haqqında heç bir qeyd etməmişdir. Deməli, İddiaçı əsl həqiqəti mənzili bütünlüklə zəbt edərək, yəni evləndiyi qadınla həmin mənzildə yaşadığı faktını məhkəmədən gizlədərək, iddia ərizəsində bu haqda heç bir məlumat vermir, yəni verdiyi məlumat əsl həqiqəti əks etdirmir. Sual olunur, bəs niyə İddiaçı özü bütünlüklə zəbt edib yaşadığı mənzilin kommunal vergisini bu günki günə kimi ödəmədiyi halda, başqasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Özü iddia ərizəsində qeyd edir ki, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 7, 110 saylı mənzildə təkbaşına (əslində isə yeni evləndiyi qadınla birlikdə) uzun müddətdir ki, yaşayır, o zaman niyə kommunal vergisini vaxtlı-vaxtında ödəmir, ümumiyyətlə bu günə kimi bir qəpikdə ödəməmişdir. Niyə İddiaçı bilavasitə günahı ucundan yaranan birgə yaşadıqları dövrün mənzilin kommunal borcunu, özü ona çatan hissəsini ödəmir, başqasından bunu tələb edir. Əslində məhkəmə qərarı ilə İddiaçı tərəfindən 2018-ci ildən bəri Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595-ci məhəllə, ev 7, 110 saylı mənzili bütünlüklə zəbt edərək orada ailəsi deyil özü yaşadığı və kommunal xidmətlərdən özü istifadə etdiyi üçün kommunal vergisini vaxtında və könüllü şəkildə ödəmədiyi üçün, İddiaçı üzərinə kommunal borcunun ödəməsi haqqında vəzifə qoyulmalıdır. Keçmiş həyat yoldaşı İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi təkcə ona qarşı deyil, eyni zamanda, onunla birlikdə yaşayan 4 yetkinlik yaşına çatmamış övladlarına qarşıdır. İddiaçı birgə yaşayış dövrü ərzində guya yaranmış bu və digər maliyyə borcu ilə əlaqədar iddia ilə keçmiş ailəsinə, yəni ona və onunla birlikdə yaşayan 4 yetkinlik yaşına çatmamış övladlarına qarşı müraciət etməyə nə hüququ, nə də mənəvi haqqı çatır. Fikrini faktlarla əsaslandırır. Bizim nikahın pozulmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, İddiaçı bir valideyn kimi ata kimi bir dəfə də olsun onunla birlikdə yaşayan yetkinlik yaşına çatmamış övladları ilə maraqlanmamış, onlarla heç bir əlaqə saxlamamış, onların necə yaşamaları, təhsil almaları, yeməkləri, içməkləri, ümumiyyətlə həyat tərzləri ilə, hansı maliyyə hesabına yaşamaları ilə maraqlanmamışdır. Bu müddət ərzində İddiaçı tərəfindən öz övladlarına bir valideyn, ata kimi nəinki maliyyə yardımı, heç mənəvi yardım da göstərilməmişdir. Əksinə İddiaçı ona və övladlarına qarşı zorakılıq, nəlayiq hərəkətlər, fiziki güc tətbiq etmiş, hüquqlarımızı pozmuş, mənəvi ziyan yetirmişdir. Məhz bu hərəkətlərinə görə İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən törətdiyi cinayətkar hərəkətlərinə görə 3 aylıq azadlıqdan məhrum edilərək həbs edilmişdir. İddiaçı məhkəmənin qərarı ilə uşaqlara kəsilən alimentin ödənilməsindən də bu və digər bəhanələrlə ödəməkdən boyun qaçırır. Belə ki, bu günə kimi İddiaçı uşaqlara ödənilməmiş 7 min manatdan artıq aliment borcu mövcuddur. İddiaçı bilə-bilə ki, onun və onunla birlikdə yaşayan övladlarının heç bir maliyyə gəliri yoxdur (xəstə olduğu üçün işləmir), valideynlərinin onlara göstərdiyi maliyyə yardımı əsasında yaşayırlar, onlara qarşı maliyyə iddiası ilə əlaqədar məhkəməyə müraciət etməsini ancaq mənəviyatsız insanın addımı kimi qiymətləndirilməlidir. Özünün maliyyə borcu ola-ola, başqalarına qarşı maliyyə iddiası qaldırmaq nə qədər mənəviyyata uyğundur? Məhz qeyd etdiklərinə görə İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsini hüquqi və mənəvi əsası olmayan bir iddia hesab edir. Yuxarıda qeyd edilənləri və iddia ərizəsinin əsl həqiqətləri əks etdirmədiyi və heç bir hüquqi əsası olmadığı üçün İddiaçı məhkəməyə ünvanlanmış iddia ərizəsinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məh3 otaqdan ibarət mənzilini alıcı Cavabdeh satmışdır. Həmin müqavilənin 59835,36 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini 36 ay müddətinə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1105/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllə ev 7 110 saylı mənzilə olan paylar bölünərək, həmin mənzilə Cavabdeh 3/5 hissədə, İddiaçı 2/5 hissədə payı müəyyən edilmişdir. ( Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllədə inşa edilmiş yaşayış binasının 93 saylı mənzilin nömrəsi mənzillərin yenidən nömrələnməsi nəticəsində 110 olmuşdur.) İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli N 9360 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllədə inşa edilmiş yaşayış binasının 93 saylı mənzilinin ümumi dəyəri 59835,36 manat ödənilib, 1020,0 manat təminat haqqı borcu qalıb. İş materiallarında olan “Pure Life” Company tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 38/P saylı arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 110-un xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək şirkətə 1176,0 manat kommunal borcu vardır. xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 644,0 manat borcu vardır. Cəmi xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1786,40 manat borcu vardır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər xx.xx.2001-ci il tarixdə nikaha daxil olmuş, Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Onlar birgə nikah dövründə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllə ev 7 110 saylı mənzili Cavabdeh adına əldə etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilə Cavabdeh 3/5 hissədə, İddiaçı 2/5 hissədə payı müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 2595-ci məhəllə ev 7 110 saylı mənzilə dair 1176,0 manat kommunal borcu və 1020,0 manat təminat haqqı borcu olmaqla, cəmi 2196,0 manat pul vəsaitinin yarısı, yəni 1098,0 manat pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 37.3-cü maddəsindən görünür ki, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Maddənin məzmunundan göründüyü kimi, ər-arvad ümumi öhdəlikləri üzrə birgə borclu olduqlarından kreditor qarşısında da ümumi əmlakları ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin birgə borcluların və birgə öhdəliklərin anlayışını müəyyən edən 500-cü maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məhkəmə iddiaya münasibətdə ilk növbədə qeyd edir ki iddiaçı iddia ərizəsində iddiasının əsası kimi cavabdehlə birgə nikah dövründə əldə edilmiş və payları müəyyən edilmiş mənzilin "xxxx" ASC-nə təminat və kommunal borcunun olmasını göstərmişdir. Hal-hazırda "xxxx" ASC-nə olan borcunun yarısının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsində təminat haqqı borcuna və kommunal borcunun ödənilməsinə dair hər hansı şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzilin 1020,0 manat təminat borcunun olmasına dair arayış xx.xx.2014-cü il tarixdə, 1176,0 manat kommunal borcunun olmasına dair arayış isə xx.xx.2022-ci il tarixdə verilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, hazır ki iş üzrə iddiaçının "xxxx" ASC-nə olan borcun yarısının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasının tələb etsədə belə bir tələb hüquq kreditora məxsusudur. Lakin hazırki işdən görünür ki, iddiaçı mənzilin "xxxx" ASC borcu olmasını əsas gətirərək cavabdehdən kreditorun xeyrinə pul tələb edir. Məhkəmə qeyd edir ki, öhdəliyin həyata keçirilməsi vəzifəsinin icrasını tələb etmək hüququ həmin öhdəlik üzrə kreditora məxsusdur. Hazırda keçmiş ər ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə deyil, hələ həqiqiliyi, əsaslılığı və payları müəyyən edilməyən öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı hazırda borcun ödənilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ olan şəxs deyildir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin mənzilə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Beləliklə, məhkəmə bütün qeyd olunanları rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı öhdəliyin icra edilməsini tələb etmək hüququ olan şəxs olmadığından, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka dair borcun yarısının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar