Məhkəmə qərarları › İş №2(003)-722/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-722/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-722/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 daşınan əmlakına vurulmuş maddi zərərə görə 3210 manat, mənəvi zərərə görə 2290, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pul; İddiaçı2 vurulmuş maddi zərərə görə 5200 (beş min iki yüz manat) manat, əldən çıxmış fayda və gəliri kimi 3200 (üç min iki yüz manat) manat və vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat olmaqla, cəmi 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində pul; 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 cavabdeh qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün yerdəyişən sınığı və s. həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və İddiaçı1 məxsus avtomobilə qəsdən ziyan vurmuş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona cavabdeh tərəfindən 07 oktyabr 2019-cu il tarixdə bədən xəsarətləri və əmlaka yetirdiyi külli miqdarda ziyana görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə cinayət işi açılmışdır. Sonradan həmin maddə 127.1 tövsif edilmişdi. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar olaraq, yəni - cavabdehin təqsiri üzündən etibarnamə əsasında idarə etdiyi **-OM-*** nömrəli avtomobilə yəni İddiaçı1 məxsus daşınan əmlaka 2060 manat ilkin müəyyən olaraq ziyan dəymişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı2 idarə etdiyi daşınan əmlak yararsız vəziyyətə düşmüşdür ,yəni avtomobilin bəzi ehtiyyat hissələri tam olaraq yararsız hala salınaraq ilkin müəyyən olaraq 2060 manat dəyərində ziyan vurulmuşdu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh İddiaçı1 məxsus əmlakına vurduğu ziyanın əvəzini tam həcimdə ödəməyə borcludur. İddiaçını yəni İddiaçı2 xəsarət alandan sonra təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar . İyirmi iki gün orada stasionar şəraitdə müalicədə olmuşdur . Bu 22 gündə iddiaçının, yəni İddiaçı2 valideynləri onun müayinə və müalicəsinə, iynə və dərmanlarına 2540 (iki min beş yüz qırx) manatdan çox pul xərcləmişlər. İyirmi iki gündən sonra, ambulator şəraitdə 10 günə yaxın müalicə almış və 780 (yeddi yüz səksən) manat pul vəsaiti xərclənilmişdir. Bunlardan başqa İddiaçı2 yenidən burnunun əməliyyata ehtiyacı olması ilə əlaqədar yenidən əməliyyat keçirilməsi ilə bağlı həkim rəyi verilmişdir və vəsaiti olmadığı üçün indiyə kimi təkrar əməliyyat ola bilməmişdir və yenidən əməliyyat üçün 1880 manat pul tələb olunur . Bu günə kimi 3320 manat səhhəti ilə əlaqədar olaraq xərci çıxmışdır. Cinayət nəticəsində onun avtomobilinə ilkin olaraq 2060 manat zərər dəymiş, lakin sonradan araşdırma zamanı daşınan əmlakın matorxana hissəsinə ciddi xəsarət dəymişdir ki, bu da 1150 manat xərc tələb edir. Cavabdeh heç bir vəsait belə iddiaçılara ödəməmişdir. 07 oktyabr 2019-cü ildən bu günə kimi iddiaçılar cavabdehin qanunsuz hərəkətləri nəticəsində fiziki əzab-əziyyətlərlə bərabər, ölçüyə gəlməz dərəcədə mənəvi sarsıntı və iztirablara, əsəb sarsıntısına və gərginliyinə məruz qalmışdır. Cavabdehin iddiaçılara qarşı bu gün də davam edən qanunsuz hərəkətləri nəticəsində ona ölçüyə gəlməz dərəcədə mənəvi zərər də dəymiş və dəyməkdə davam edir. Cavabdeh iddiaçılara maddi zərər vurmaqla bərabər, 07 oktyabr 2019-cü ildən bu günə kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara, əsəb sarsıntısına və gərginliyinə məruz qalmışdır. Qeyd olunanlara əsasən, İddiaçı1 daşınan əmlakına vurulmuş maddi zərərə görə 3210 manat, mənəvi zərərə görə 2290, cəmi 5500 (beş min beş yüz) manat məbləğində pul; İddiaçı2 vurulmuş maddi zərərə görə 5200 (beş min iki yüz manat) manat, əldən çıxmış fayda və gəliri kimi 3200 (üç min iki yüz manat) manat və vurulmuş mənəvi zərərə görə 15.000 (on beş min) manat olmaqla, cəmi 23400 (iyirmi üç min dörd yüz) manat məbləğində pul; 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki İddiaçı2 da ona məxsus avtomobilə təpiklə vuraraq buferini sındırmış, ona maddi zərər vurmuşdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı1 məhkəməyə gəlməmiş, ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 200” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı1 məxsusdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli 2(003)-70/2020 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cİnayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş mülki iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12.06.2020ci il tarixli 1(003)-70/2020 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində cəza təyin edilmişdir. Həmin hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh 07 oktyabr 2019cu il tarixdə saat 23 radələrində yaranmış mübahisə nəticəsində İddiaçı2 sağlamlığına və onun idarə etdiyi Mercedes Benz 200” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Məhkəmə, qeyd olunanları təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh oğlu 07 oktyabr 2019-cu il tarixdə, İddiaçı2 sağlamlığına və onun idarə etdiyi Mercedes Benz 200” minik markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasında təqsirlidir və bu məhkəmə hökmü ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh oğlu tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində iddiaçılara maddi zərər yetirilmişdir. İş materiallarında olan, Avtoservis Qamışlıq MMC tərəfindən verilmiş 02.11.2019-cu il tarixli qüsur aktına əsasən, İddiaçı1 məxsus MERCEDES BENZ 200 markalı **-OM-*** dövlət nömrə nişanlı, nəqliyyat vasitəsinə dəyən zərərin miqdarı ümumilikdə 1440 manat məbləğində müəyyən edilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 05 may 2021-ci il tarixli 9/1957 №-li ekspert rəyinə əsasən, 2000 il buraxılışlı MERCEDES BENZ 200 markalı **- OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2060 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tərtib edilmiş ekspert rəyinə sübut növü kimi qiymət verərkən məhkəmə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində MERCEDES BENZ 200 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və həmin avtomobilin əvvəlki işlək vəziyyətinin bərpa edilməsi üçün əzilmiş və sıradan çıxmış detalların yenisi ilə əvəz edilməsi zərurəti yaranmışdır. Göstərilən detalların siyahısı və həmin detalları dəyişmək üçün tələb olunan maliyyə vəsaiti ekspert rəyində qeyd edilmişdir. Məhkəmə hesab edir ki, avtomobilin təmirə ehtiyacı olan hissələrinə dair ekspertin gəldiyi nəticələr əsas götürülməklə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı MERCEDES BENZ 200 markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində iddiaçıya dəymiş zərərin miqdarı kimi 2060 manat məbləğinin götürülməsi əsaslı və məqsədə uyğundur. Bununla əlaqədar olaraq, həmçinin, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 2060 manat məbləğində qiymətləndirilərək, iddia tələbi 2060 manat məbləğdə pul vəsaitinin Cavabdeh oğlundan tutularaq İddiaçı1 verilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda, iddia tələbindən görünür ki, İddiaçı2 ona dəymiş maddi ziyana görə cavabdehdən 5200 manat və əldən çıxmış fayda və gəliri kimi 3200 manat pul vəsaitinin tutulmasını xahiş etmiş, lakin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz tələbini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehdən mənəvi zərərə görə İddiaçı1 xeyrinə 5500 manat, İddiaçı2 xeyrinə 15000 manat pulun tutularaq iddiaçıya ödənilməsi xahiş olunmuş, lakin iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, dövlət rüsumunun 5 manatı, həmçinin ekspertiza tədqiqatının dəyəri qismində 18 manat məhkəmə xərci cavabdehə, 82 manat iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh oğlundan İddiaçı1 xeyrinə 2060 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 5 manat məbləğində pul vəsaiti tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 18 manat Cavabdeh, 82 manat İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iddia tələbi cavabdehdən İddiaçı2 xeyrinə pul tutulmasına dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan İddiaçı1 xeyrinə 2060 (iki min altmış) manat, ödənilmiş dövlət rüsumuna görə 5 (beş) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 18 (on səkkiz) manat Cavabdeh, 82 (səksən iki) manat İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar