Məhkəmə qərarları › İş №2(003)-89/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-89/2021

12.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-89/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Fərəh Fərhadovanın iştirakı ilə İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 iyul 2016-ci il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmiş Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq ona təhvil verilməsi, ayrıca yolunun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB QSC-nin ona qarşı iddiası təmin edilməklə ondan əsas borc olaraq 116495 manat, faiz borcu olaraq 3804 manat, cərimə borcu olaraq 10000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169753,04 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tələbin ona məxsus ipoteka ilə yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,05443 ha torpaq sahəsində yerləşən bir mətrəbəli, bir otaqlı, 10.4 kv metr yaşayış, 29.09 kv köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv yaşayış, 39,74 kv köməkçi sahədən ibarət 613 nömrəli bağ sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və onun həmin bağ evlərindən çıxarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə dəyişdirilmədən saxlanılmış, 01.10.2012-ci il tarixli icra vərəqəsinə əsasən icraya yönəlmişdir. Bildirmişdir ki, qeyd edilən 613 və 613A bağ sahələri ona atasından və dayısından miras qalmış, 616 saylı bağ sahəsinə bitişik istifadə edilmişdir. 616 saylı bağ sahəsinə onun icarə hüququ Bakı şəhəri Xəzər rayon məhkəməsinin 04 iyul 2016-ci il tarixli qətnaməsi ilə tanınmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Seriya RX ******* saylı çıxarış verilmişdir. Hər üç bağ sahəsi bu günə kimi vahid bağ sahəsi kimi onun tərəfindən istifadə edilmiş, sərhədləri müəyyən edilməmişdir. Belə bir halda bağın bir hissəsinin hərracdan satılması onun qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olacaqdır. Odur ki, hesab etmişdir ki, onun üzərində icarə hüququn tanınmış və mübahisə predmeti olmayan ümumi ölçüsü 0,10 ha olan 616 saylı bağın 0,05 ha hissəsi naturada ayrılaraq ona təhvil verilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirqk etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Fərəh Fərhadova iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" KB QSC-nin İddiaçı qarşı iddiası təmin edilməklə ondan əsas borc olaraq 116495 manat, faiz borcu olaraq 3804 manat, cərimə borcu olaraq 10000 manat, iddia ərizəsinə məhkəmədə baxılmasından ötrü dövlət rüsumu olaraq 20 manat, ümumilikdə 169753,04 manat məbləğində kredit borcunun tutularaq iddiaçıya ödənilməsi, tələbin İddiaçı məxsus ipoteka ilə yüklü olan Bakı şəhəri Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0,05443 ha torpaq sahəsində yerləşən bir mətrəbəli, bir otaqlı, 10.4 kv metr yaşayış, 29.09 kv köməkçi sahədən ibarət olan 613A nömrəli bağ evinə və Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadədə olan 0.1162 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, bir otaqlı, 14.41 kv.m yaşayış, 39,74 kv.m köməkçi sahədən ibarət 613 nömrəli bağ sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin hərracdan satılması, borcun satışdan əldə ediləcək vəsait hesabına ödənilməsi və İddiaçı həmin bağ evlərindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi İddiaçı məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli qərardadı əsasında təyin edilməklə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-torpaqşünaslıq ekspertizasının 10/3042 saylı 12.04.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağ sahəsi bir tərəfdən qonşu torpaq sahəsi ilə, digər tərəfdən isə iddiaçının faktiki istifadəsində olan torpaq sahələri ilə əhatə olunduğuna, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin daxilində 616 saylı bağ sahəsinin yerləşdiyi hissənin faktiki olaraq birbaşa giriş-çıxışı olmadığına, həmçinin mülki iş materiallarında və təqdim olunmuş mütəxəssis rəyində sənəd üzrə 616 saylı bağ sahəsinə hər hansı tərəfdən giriş-çıxışın olmasına dair məlumat mövcud olmadığına görə, həmin bağ sahəsinin naturada ayrılmasının texniki baxımdan mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan ekspert rəyindən aydın olur ki, göstərilən Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün deyildir. Ekspert rəyində həmçinin qeyd olunur ki, İddiaçı faktiki istifadəsində 4975 kv.m torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində 128 kv.m sahəsi olan fərdi yaşayış evi mövcuddur. İddiaçının faktiki istofadəsində olan torpaq sahəsinin hüdudları daxilində 3 bağ sahəsinin (0.10 ha sahəsi olan 616A saylı bağ, 0.05 ha sahəsi olan 616 saylı bağ və 0.06 ha sahəsi olan 613K saylı bağ) və əlavə torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İddiaçının faktiki istifadəsində olan bağ sahəsinə yalnız bir tərəfdən giriş-çıxış yolu mövcuddur. Mütəxəssis rəyinə əlavə olunmuş sxemdən göründüyü kimi 616 saylı bağ sahəsinin yerləşdiyi hissə bir tərəfdən qonşu torpaq sahəsi ilə digər tərəfdən digər sahələrlə əhatə olunmuşdur. 616 saylı bağ sahəsinin faktiki olaraq yola birbaşa çıxışı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair ekspertin rəyini sübut kimi qəbul edir və hesab edir ki, mübahisəli Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 616 saylı bağın 0,05 hektarının naturada ayrılaraq iddiaçıya təhvil verilməsi texniki cəhətdən mümkün olmadığından, mövcud iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iş üzrə məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri-50 manat məbləğində pul vəsaiti iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO "xxxx" QSC-yə qarşı torpaq sahəsinin naturada ayrılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı müxbir hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar