Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-895/2020 09.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Bayramova Aynur Qabil qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı maddi və mənəvi zərərd tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 750 manat maddi zərər və 500 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin sentyabr ayının əvvəlində taxta qapı düzəltdirmək üçün Cavabdeh1 550 manat, 15 gün sonra isə 200 manat məbləğində pul verib 1400 manat dəyərində 5 ədəd taxta Avropa qapısı sifariş etmişdir. Həmin şəxs qısa zamanda 5 ədəd qapını düzəldib quraşdıracağına söz versə də qapıları düzəltməmiş və onun 750 manat pulunu qaytarmaqdan imtina etmişdir. Bu barədə tərəfindən polisə şikayət edilmiş, Xəzər RPİ-nin 2–ci Polis Şöbəsində araşdırma aparılmış və cavabdehin dələduzluq əməli öz təsdqini tapsa da pois tərəfindən heç bir tədbir görülməmişdir. Həmçinin iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirtmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək, ondan maddi zərər əvəzi olaraq 750 manat, mənəvi zərər əvəzi olaraq 250 manat tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görəiddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasəncavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görəcavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 qarşı maddi zərər əvəzi olaraq 750 manat pulun tutulması hissəsində iddia tələbi əsaslı olduğundan tam olaraq təmin edilməlidir. İddiaçının iddia tələbinin Cavabdeh1 500 manat mənəvi zərərin tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin təqsirli hərəkət (hərəkətsizliyi) nəticəsində iddiaçının mənəvi zərər dəyməsini inandırıcı sayır. İddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına, cavabdehin təqsirinə və əmlak vəziyyətlərinə, iddiaçının fərdi xüsusiyyətinə uyğun hesab etmir və mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 250 manat məbləğində pulun tutulmasını ağlabatan və ədalətli sayır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və X1 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 750 manat maddi zərər və 250 manat mənəvi zərər olmaqla, ümumilikdə 1000 (bir min) manat pul alınaraq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T ET D İ : İddia qismən təmin edilsin. Cavabdeh1 750 manat maddi zərər və 250 manat mənəvi zərər olmaqla, ümumilikdə 1000 (bir min) manat pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-895/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-895/2020
09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver