Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-950/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "evdən və torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "evdən və torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 7-ci Şağan küçəsi, 1973 saylı bağ sahəsində yerləşən torpaq sahəsindən və evdən Cavabdeh və onun ailə üzvlərinin çıxarılmalarına və həmin evin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 7-ci Şağan küçəsi, 1973 saylı bağ sahəsində 0,12 ha torpaq sahəsi almışdır və orada ev tikmişdir. Qeyd edilənünvanda yerləşən fərdi ev ona məxsusdur. Ev 0,12 ar torpaq sahəsinin üzərində olmaqla 2 mərtəbəlidir və 4 otaqdan ibarətdir. Evin kommunal şəraiti var. 1993-cü ildə Kəlbəcər rayonu işğal olunduqdan sonra onun qardaşları ona onların əmilərinin oğlunun qalmağa yerinin olmadığını bildirmişlər və onların əmilərinin oğlunun müvəqqəti olaraq onun evində qalmasına icazə verməyini ondan xahiş etmişlər. O buna etiraz etməmişdir. Hal hazırda cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. O, cavabdehə müvəqqəti olaraq orada yaşamasına icazə vermişdir, lakin cavabdehə dəfələrlə ona məxsus evdən və torpaqdan çıxması təklif edilməsinə baxmayaraq cavabdeh oradan çıxmır. O, cavabdehə dəfələrlə evi boşaltması barədə müraciət etmişdir, cavabdeh isə buna əməl etmir. Bu da onun öz evindən rahat istifadə etməsinə maneçilik törədir. O, özünə məxsus olan mülkdən istifadə edə bilmir. Cavabdeh ona maneçilik törədir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahi etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, 1985-ci ildə həmin əraziyə gəlmişdir. Bağın biri onun adına olmuşdur. Amma indi onun sənədi yoxdur. Çünki bağ 2015-ci ildə satılmışdır. Əslində həmin torpaq sahəsi ona məxsusdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləsi Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1973 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1151, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1973 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1151, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsində məskunlaşmışdır və həmin torpaq sahəsində yerləşən evdə yaşayır. Məhkəmə ilk növbədə bildirir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin cavabdeh hazırki vaxtda mübahisə predmeti olan evdən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 7-ci Şağan küçəsi, 1973 saylı bağ sahəsində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən Cavabdeh çıxarılması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbinin bu hissəsi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 7-ci Şağan küçəsi, 1973 saylı bağ sahəsində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən Cavabdeh ailə üzvlərinin çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qeyri dəqiq olduğundan təmin edilə bilməz. Belə ki, Cavabdeh ailə üzvlərinin hansı şəxslər olması və hansı şəxslərin yuxarıda göstərilən torpaq sahəsindən və torpaq sahəsində yerləşən evdə çıxarılması iddia tələbində göstərilməmişdir. Yuxarıda göstərilən əsaslara görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1973 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1151, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1973 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1151, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №2(003)-950/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-950/2024
14.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver