Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-954/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 8i-1332 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "X5" ASC ilə İddiaçı arasında 21 iyun 2019-ci il tarixli, FR/90725/69/22 nömrəli kredit müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış kredit müqaviləsinin 2.1.-ci maddəsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 4960.74 manat pul vəsaiti kredit verilmişdir. O, ilkin olaraq müqavilə şərtlərinə əməl edərək öz öhdəliyimi vaxtı-vaxtında icra etmişdir. 01 mart 2020-cı il tarixdə başlanmış pandemiya ilə əlaqədar, iş yerini itirdiyi üçün, ödənişlərini vaxtında yerinə yetirə bilməmişdir. Bu səbəbdən də göstərilən borc məbləğini vaxtında ödəyə bilməmişdir. 15 fevral 2021 işləməyə başlamış hal-hazırda gecikən məbləğdən 600 AZN borc məbləği qalıb. "X5" ASC-nin müraciəti əsasında Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən verilmiş 8İ-1332 nömrəli, 13 aprel 2021-cu il tarixli icra qeydinə əsasən məndən 4836 manat 95qəpik X5 ASC-nin xeyrinə tutulması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru məhkəməyə müraciət edərək, mülki işin məhkəmə iclasına iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "X5" ASC-nin nümayəndəsi X1 etirazla məhkəməyə müraciət edərək, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 8İ-1332 saylı icra qeydinin ləğvi üçün heç bir əsas yoxdur. İddiaçının narazılğı icra qeydindən və onun çıxarılması prosedurundan yox, həmin icra qeydində qeyd edilmiş Cavabdeh2 ASC-yə ödəməli olduğu məbləğdəndir. Bu əsasa görə isə notariusun icra qeydi ləğv edilə bilməz. “Notariat haqqında” qanuna əsasən icra qeydi borcun mübahisəsiz olduğu halda çıxarılır. Sözügedən icra qeydində borcun olması iddiaçı tərəfindən mübahisələndirilməmişdir və belə demək olarsa qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi məqam borcun məbləği yəni əsas və faiz borcunun məbləğidir. Borc və borcun məbləği ayrı- ayrı anlayışlardır. Borcun olmasını iddiaçı öz iddia ərizəsi ilə artıq etiraf etmişdir. Borcun olması faktına görə də icra qeydi bununla bağlı “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişlər. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borculu xəbərnaməli bildiriş vasitəsilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Odur ki, iddia əsassız olduğundan iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli FR/90725/69/22 nömrəli Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanılmış “güzəştli kredit müqaviləsinin” surətindən görünür ki, bank tərəfindən İddiaçı 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla illik 1 faiz dərəcəsi ilə 4960,74 manat məbləğində kreditin verilməsi haqqında bağlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 8İ-1332 reyestr nömrəli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisi "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən "X5” ASC xeyrinə İddiaçı FR/90725/69/22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4816.95 manat tutulmalıdır. Bundan əlavə borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4836.95 manat pul tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisinin 8İ-1332 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri 25 saylı notariat ofisinin 8İ-1332 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildirişdən görünür ki, həmin tarixdə Cavabdeh2 ASC tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli FR/90725/69/22 saylı kredit müqaviləsi üzrə borcun 20 gün müddətində ödənilməyəcəyi halda öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barədə notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan qaimədən görünür ki, icra qeydinin aparılacağı barədə borcluya göndərillən bildiriş məktubu “qapı bağlıdır” səbəbindən təqdim edilə bilinməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli FR/90725/69/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 ASC ilə İddiaçı arasında bağlanmış olan kredi müqaviləsi üzrə bank tərfindən sonuncuya 5 il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək 1 il güzəşt müddəti olmaqla illik 1 faiz dərəcəsi ilə 4960,74 manat məbləğində kredit verilmişdir. Borclu İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetrilməmiş və bank tərəfindən xx.xx.2021-ci il tarixli icra qeydinin aparılacağı barədə borcluya bildiriş məktubu ünvanlanaraq göndərilmişdir. Həmin icra qedyinin aparılacağı ilə bağlı bildiriş sonuncunun məlum olan ünvanına “qapı bağlıdır” səbəbindən çatdırılmamış və ünvan ndən "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Həmin Qanununun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydi almaq üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 161-ci bəndində göstərilirki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin təlimatın 162-ci bəndinə əsasən əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdiyi hallarda icra qeydləri aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, icra qeydinin aparılması zamanı hər hansı bir pozuntuya yol verilmədiyindən, icra qeydi qanuni və əsaslı olmuşdur. Beləki, qanunvericiliyin tələblərinə uyğun olaraq icra qeydinin verilməsindən öncə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmiş, lakin “ünvan bağlı” olduğundan məktub geri qaytarılmışdır. Kredit müqaviləsinin bitmə müddəti xx.xx.2024-cü il olduğundan isə iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddəti də ötürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edi ki, İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(003)-954/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-954/2022
05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver