Məhkəmə qərarları › İş №2(004)-100/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-100/2024

31.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-100/2024 31.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hasisəsi nəticəsində Cavabdeh idarə etdiyi “JAC” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosiklet toqquşmuş, nəticədə iddiaçının sağlamlığına 400 manat, motosikletə 980 manat, mənəvi zərər olaraq 1000 manat zərər vurulmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Yasamal RPİ Təhqiqat Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı bədən xəsarətləri almışdır (MTE xx.xx.2023-cü il tarixli rəyinə əsasən). İddiaçı almış olduğu bədən xəsarətlərinin dərəcəsi əsas götürülməklə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Yasamal RPİ DYPŞ-nə göndərilmişdir. İş materiallarına xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı əlavə edilmişdir. Sözügedən hesabata əsasən müəyyən edilir ki, “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosikletə vurulmuş zərərin həcmi (təmir-bərpa xərci) ümumilikdə 980 manat təşkil edir. İş materiallarında olan 9/7750 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, Mototly.az tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumatlara əsasən “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 940 (doqquz yüz qırx) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 (qırx) manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi mülki işin mübahisəsiz halıdır. xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi üzrə aparılmış cinayət təqibi materiallarına əsasən İddiaçı sağlamlığa zərər vurmayan bədən xəsarətlərinin yetirilməsi müəyyən edilsə də, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən sağlamlığa vurulmuş zərərin bərpa-müalicəsi ilə bağlı zəruri sənəd, sübut və ya materiallar (həkim, müayinə, müalicə, reabilitasiya xərcləri) məhkəməyə təqdim edilməmiş, 400 manat məbləğində saölamlığıa vurulmuş zərərin əmələ gəlməsinin faktiki və ya hüquqi əsasları barədə əsaslı mülahizə bildirilməmiş, bu istiqamətdə sübutetmə funksiyası həyata keçirilməmişdir. Məhkəmə qərar qəbul edərkən zərərin meyarını öz mülahizəsi əsasında deyil, yalnız mötəbər sübutlar əsasında müəyyən etməlidir. Nəzərə almaq lazımdır ki, məhkəmələrin arbitr funskiyası nəzərə alınaraq mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə, “obyektiv həqiqət” deyil, “formal həqiqət”in müəyyən edilməsi əsas götürülür. Lakin, zərurət yaranarsa məhkəmə sübutların təmin edilməsi ilə bağlı tərəflərə yardım etməklə proses iştirakçılarının prosessual hüquq və vəzifələrini icah etməklə mükəlləfdir. Bu səbəbdən, iddia bu hissədə təmin edilməməlidir. Motosikletə vurulmuş zərərlə bağlı məhkəmə müvafiq ekspertiza rəyini əsas götürür. Belə ki, ekspert rəyi ilə Mototly.az tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli məlumatlarda vurulmuş zərərin məbləği ilə bağlı müəyyən fərq (40 manat) vardır. Lakin, məhkəmə hesab edir ki, xüsusi biliklərə malik şəxslər olan ekspertin müəyyən etdiyini rəy daha əsaslı və mötəbərdir. Yəni, iddiaçıya məxsus “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosikletin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 940 (doqquz yüz qırx) manat təşkil etməsi xüsusatını məhkəmə qəbul edir. Vurulmuş mənəvi zərərlə bağlı iddiaçının məhz motosiklet vasitəsilə (daha təhlükəli şəraitdə) hərəkət edərkən cavabdehin təqsirli hərəkətləri nəticəsində bədən xəsarətləri alması xüsusatı əsas götürülməklə məhkəmə iddiaçının müvafiq hiss, həyəcan, narahatlıq, qorxu, stress keçirməsini qəbul edir. Lakin, hadisənin ağırlıq dərəcəsi və hadisənin ehtiyatsızlıqdan (özünəgüvənmə) baş verməsi nəzərə alınmaqla mənəvi zərərin həcminin 1000 manat məbləğində deyil, 300 manat məbləğində müəyyən edilməsi qanuni və əsaslı hesab edilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hasisəsi nəticəsində Cavabdeh təqsiri nəticəsində idarə etdiyi “JAC” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosiklet toqquşmuşdur. Nəticədə İddiaçı bədən xəsarətləri almış, ona məxsus olan “Zontes” markalı 90-A-605 dövlət qeydiyyat nişanlı motosikletə maddi zərər və iddiaçının özünə isə mənəvi zərər vurulmuşdur. İş materiallarında olan qüsur aktına əsasən avtomobilə vurulmuş zərərin məbləği 980 manat göstərilsə də, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində tərtib edilmiş rəyə əsasən avtomobilə vurulmuş zərərin həcmi 940 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaya etiraz edilsə də, etirazın əsasları sübuta yetirilməmişdir. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən məhkəmənin öz təşəbbüsü ilə araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən, ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 940 (doqquz yüz qırx) manat maddi zərərin əvəzi, 300 (üç yüz) manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 1240 (min iki yüz qırx) manat pul və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 940 (doqquz yüz qırx) manat maddi zərərin əvəzi, 300 (üç yüz) manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 1240 (min iki yüz qırx) manat pul və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar