Məhkəmə qərarları › İş №2(004)-1048/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1048/2023

13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1048/2023 13.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma kimi əldə etmiş olduğu ümumilikdə 103000 manat pul vəsaitinin alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq uzun müddət ölkənin xaricdə maraqlarını təmsil etmişdir. 2016-cı ildə Azərbaycanda olarkən X13 ilə tanış olub ailə qurmaq məqsədi ilə el adəti ilə elçilik mərasimi etdirmişdir. Məzuniyyətdən qayıdanda Vəfanın atası Cavabdehlə danışaraq fərdi ev tikdirmək istədiyini ona bildirmişdir. Ailədə tək oğlan olduğu üçün və atası olmadığından inam və güvən hissi ilə Cavabdeh göndərəcəyi pul vəsaiti müqabilində evin tikintisinə nəzarət etməyinə razılaşmışlar. Xidməti zərurətlə əlaqədar Bakı şəhərinə yenidən gələ bilmədiyi üçün Səlimə poçt vasitəsilə 10000 manat göndərərək torpaq sahəsi almasını xahiş etmiş və xx.xx.2016-cı ildə Xəzər rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 6 sot torpaq sahəsi göndərdiyi pulun 9000 manatına alqısatqı yolu ilə alınaraq Cavabdeh adına notarial qaydada rəsmiləşdirilmişdir. Həmin ilin oktyabr ayında tərəfindən Səlimə 4000 manat Bank vasitəsilə göndərilmiş və evin tikilişinə başlanılmışdır. Həmçinin, qeyd edilən səbəbə görə evin çertyoj-plan sənədi Səlimin adına sifariş olunmuşdur. Tikintinin gedişatı ilə bağlı şəkillər Səlim və nişanlısı tərəfindən mütəmadi olaraq ona telefon vasitəsi ilə göndərilmişdir. Ümumilikdə evin tikiliş və təmirinə torpaq sahəsi ilə birlikdə 124000 manat sərf etmişdir. Pulun 50000 manatını hissələrlə Bakıya səfər edən tanışları, poçt, bank və ya özü vasitəsilə Cavabdeh çatdırılmışdır. 83000 manatı isə 2018-ci ilin fevralında və ona məxsus olan Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən iki otaqlı mənzilin satışından əldə olunan pul vəsaiti anası İddiaçı2 tərəfindən evi alan Qasımov Elşadın və digər şahidlərin iştirakı ilə evin tikintisinə sərf etmək üçün Cavabdeh verilmişdir. 2018-ci ilin may ayında xidməti ezamiyyəti başa çatmış və Bakıya qayıdaraq həmin ilin iyulunda X13 ilə rəsmi nikaha daxil olmuşdur, nikahdan bir övladı X7 dünyaya gəlmişdir. Ailədaxili keçimsizlik, yola getməmələri səbəbindən 2020-ci il iyun ayının 29-dan etibarən Vəfayla ayrı yaşamağa başlamışlar. 2020-ci ilin oktyabr ayında isə Vəfa evin atası Cavabdeh adına olduğundan istifadə edib onu polislə hədələyərək evdən çıxmağını, əks halda isə məhkəmə orqanlarının 3 gün müddətində işə qarışacağını deyib hədələyərək ona vaxt vermişdir. Dövlət qulluğunda çalışdığını nəzərə alaraq, nüfuzuna xələl gəlməsini ehtiyat edərək və ailə üzvü bacısının dünyasını dəyişməsi və yas içində olduğunu nəzərə alaraq himayəsində olan anasını da götürüb kirayə evdə yaşamağa başlamışdır. Anasının baş verənlərlə bağlı keçirdiyi stresini düşünərək bir müddət Cavabdehlə danışıb məsələni qaydasına sülh yolu ilə qoyacaqlarını düşünmüşdür. Bundan sonra, ona dəfələrlə ev məsələsini sülh yolu ilə həll etməyi təklif edərək nikahdan əvvəl tikilməyinə baxmayaraq evi satıb övladının xatirinə yan hissəsini onlara verəcəyini demişdir. Sözdə razılıq versə də, evə real alıcılar çıxanda bəhanələr gətirərək evi satmaqdan imtina etmişdir. Kirayədə yaşadığını, borca düşdüyünü, aliment ödədiyini, bütün bunların çətinliyini nəzərə alıb evin satılmasını tələb etmiş, cavabdeh isə razılaşmamış və onun pul vəsaitlərini mənimsəmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsi Cavabdeh öz şəxsi vəsaiti hesabına alınmışdır. Belə ki, o uzun müddət fərdi sahibkar kimi fəaliyyət göstərmiş, həmçinin müxtəlif dövlət orqanlarında çalışmışdır. Hal-hazırda da Azərbaycan Respublikası Qida X1 və Təchizat departamentin direktor müavini, təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışır. Hər zaman müəyyən qazancı olmuşdur və bu qazancla da torpaq sahəsi alaraq fərdi yaşayış evi tikdirmək qərarına gəlmişdir. Belə ki, iddia ərizəsində bununla bağlı göstərilən hallar həqiqəti əks etdirmir. Qeyd edilən fərdi yaşayış evi cavabdehin vəsaiti hesabına tikilmişdir. İddia tələbində göstərilən İddiaçı1 tərəfindən müəyyən pul vəsaitlərinin evin tikilməsi məqsədilə dostları, tanışları və digər vasitələrlə cavabdehə göndərildiyi iddiası da həqiqəti əks etdirmir. Eyni zamanda, guya iddiaçılara məxsus mənzilin satılaraq pulunun cavabdehə verilməsi barədə göstərdiyi fikirlər də həqiqəti əks etdirmir, iddiaçılar yetkin insanlardır və əgər hər-hansısa mənzili satıblarsa onlar, bu satışdan əldə etdikləri vəsaitin cavabdehə verilməsi barədə iddiaları həqiqəti əks etdirmir. Çünki iddiaçılar normal hüquq qabiliyyətli insanlardır, bu qədər vəsaitin iddiaçıya verilməsi ağlabatan olmamaqla yanaşı, gerçəklikdən də uzaqdır. Digər tərəfdən iddiaçıların öz iddia ərizəsində göstərdikləri kimi hal baş versəydi hal-hazırki dövrə qədər məhkəməyə müraciət etmiş olmalı idilər, lakin bu hal baş verməmişdir. İddia ərizəsində göstərilən digər hal guya cavabdeh tərəfindən onu polislə hədələməklə bağlı iddia doğru deyildir, çünki iddiaçı özü dediyi kimi ali təhsilli, dövlət qurumunda çalışan şəxsdir. O bilməlidir ki, bu kimi məsələlərdə polisin müdaxiləsi həm qanunla, həm də təcrübə baxımından mümkünsüzdür. Belə ki, bu kimi mübahisələr mülki iş kateqoriyasına daxil olduğundan hüquq mühafizə orqanlarının qarışması halı istisnadır. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma kimi əldə etmiş olduğu ümumilikdə 83000 manat pul vəsaitinin alınaraq İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu məhkəməyə ərizə təqdim edərək, İddiaçı1 münasibətdə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1048/2023 nömrəli qərardadına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi İddiaçı1 münasibətdə geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu İddiaçı1 cavabdehin qızı olan X13 ilə nişanlandıqdan sonra oğlu işi ilə əlaqədar xarici ölkədə olduğundan oradan evin tikintisi ilə bağlı pul göndərəcəyi, Cavabdeh isə tikinti işlərinə nəzarət edəcəyi barədə aralarında razılaşmışlar. Daha sonra, oğlu İddiaçı1 göndərdiyi pul ilə Cavabdeh torpaq sahəsi almışdır. Torpaq sahəsinin alınması, evin tikintisi və təmir xərclərinin hamısını oğlu İddiaçı1 qarşılamışdır. O da, bəzi vaxtlarda həmin yerə gedib tikinti işləri ilə maraqlanmışdır. Oğlu 2018-ci ilin may ayında xarici ölkədən xidməti ezamiyyətini başa çatdırıb qayıtdıqda ev hələ də hazır deyildi. Buna görə də, oğlu ilə məsləhətləşərək evini satıb həmin pulu evin tikintisini tamamlamaq məqsədi ilə Cavabdeh vermişdir. O da, yeni evdə oğlu ilə birlikdə yaşamağı düşünmüşdür. Yeni evin tikintisi başa çatmış, toy olmuş və həmin evə köçmüşlər. Təxminən 1 il 6 ay müddətində birlikdə həmin evdə yaşamışlar. Oğlunun cavabdehin qızı ilə nikahından övladı dünyaya gəlmişdir. Sonradan, oğlu ilə həyat yoldaşı arasında münasibətlər pozulmuş və onlar boşanmışlar. Həmçinin, cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, 83000 manat pulu iddia ərizəsində göstərilən tarixdə, notariat ofisində evini satdığı şəxsin və onun anasının yanında Cavabdeh vermişdir. Pulu Cavabdeh verərkən oğlu Azərbaycanda deyildi. O, öz evində evi satdığı şəxs və anası ilə görüşmüşdür. Cavabdeh də orada idi. Bir müddət keçdikdən sonra, notariat ofisinə getmişlər və evinin alqı-satqısı nəticəsində əldə etdiyi pulu notariat ofisində Cavabdeh vermişdir. Onlar uşağa görə evin alqı-satqısı nəticəsində əldə edəcəkləri pulun yarısını onlara verəcəkləri barədə razılaşmışlar. Cavabdehin qızı ata evinə çıxıb getmişdir. Evə real alıcılar çıxdıqda onlar evi satmaqdan imtina etmişlər. Daha sonra, cavabdehin qızı oğluna zəng edərək, onları evdən çıxmayacaqları təqdirdə polislə hədələmiş, onlar da evdən çıxaraq kirayə evdə yaşamağa başlamışlar. İştirak etdiyi məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 Məmmədhüseyn oğlu iddiaçının izahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı1 Cavabdeh ilə whatsapp yazışmalarında cavabdeh ev satıldıqdan sonra pulu verəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatının iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş və əlavə olaraq bildirmişdir ki, şahid ifadələri iddiaçının izahatı ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı izahatında pulu cavabdehə notariat ofisində, şahidlər isə notariat ofisindən kənarda avtomobilin yanında verdiyini bildirmişlər. Hesab edir ki, iddia əsassızdır və rədd eidlməlidir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-532/2021 nömrəli qətnaməsinə iddiaçı X13 ilə İddiaçı1 arasında 23 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2387 nömrə ilə qeydə alınmış nikahın pozulması və 07 mart 2019-cu il təvəllüdlü X4 anası X8 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(011)- 50/2022 nömrəli qərarından görünür ki, Bakı Şəhər BPİ-nin istintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X5 29 dekabr 2021-ci il tarixdə qərar qəbul edilərək, toplanmış material üzrə İddiaçı1 ilə Cavabdeh arasındakı mübahisə mülki xarakterli olduğundan, yəni Cavabdeh məqsədi İddiaçı1 aldadıb pulunu ələ keçirmək olmadığından, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri yaranmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin müvafiq qərarı ilə, İddiaçı1 Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X3 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 29 dekabr 2021-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı2 ilə X15 arasında bağlanılmış və Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli 4Ə-172 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, müvafiq müqavilə əsasında İddiaçı2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42,71 kv.m olan mənzili 82000 manata X2. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, ev 2 ünvanında yerləşən 2 nömrəli mənzil (yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu, Şəhriyar küçəsi, 24, M1, m2) X9 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirlmiş şahid X10 ifadəsində bildirmişdir ki, iddiaçı ona məxsus olan evi oğlu X2. İddiaçı cavabdehi onlara qohumu kimi təqdim etmişdir. İddiaçı notariat ofisində evinin alqı-satqısı nəticəsində əldə etdiyi pulu paketə bükmüşdür. Pulu götürəndə cavabdeh orada olmuşdur. Daha sonra, iddiaçı pulu çöldə olan Jiquli avtomobilinin yanında cavabdehə vermişdir. İddiaçı özü də həmin maşına minmiş, cavabdehin qızı da həmin maşında idi. Şahid iddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı oğlunu evləndirdiyindən evini satdığını bildirmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq isə bildirmişdir ki, notariat ofisi Yasamal rayonunda yerləşən 528 nömrəli notariat ofisi idi. İddiaçı pulu cavabdehə göy rəngli Jiquli avtomobilinin yanında vermişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş şahid X15 ifadəsində bildirmişdir ki, 2018-ci ilin fevralında iddiaçıdan ev almışdır. İddiaçı alqı-satqı işlərindən başı çıxmadığından qardaşını da çağırmışdır. İddiaçının qardaşı kimi təqdim etdiyi Səlim və ya Salman adlı şəxs də gəlmişdir. İddiaçı ilə aralarında ona məxsus olan mənzillə bağlı alqı-satqı müqaviləsi bağlanmışdır. X6 küçəsində yerəşən notariat ofisində bağlamışlar. Alqı-satqı iki gün çəkmişdir. Birinci gün evin sənədləri təqdim olunmuş və onlar ödənişi etmiş, onlara bununla bağlı qəbz verilmişdir. İkinci gün isə həmin qəbzi notariat orqanına təqdim etmiş və onlara evin sənədləri verilmişdir. Qəbz də Almaz xanıma verilmişdir. Hər iki gün o, anası, Səlim adlı şəxs və iddiaçı notariat ofisinə getmişlər. İddiaçı Səlimlə birlikdə pulu götürərək maşına minib getmişlər. İddiaçı oğlunun ailə qurması ilə əlaqədar evi balaca olduğundan satdığını, torpaq alıb daha geniş ev tikəcəklərini bildirmişdir. Şahid cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, notariat ofisi Ələsgər Ələkbərov küçəsində yerləşirdi. Pulu iddiaçı Səlimə vermiş və onlar göy rəngli maşına minib getmişlər. O, həmin evi öz adına almışdır, anası həmin evdə qeydiyyatdadır. Şahid sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, o, pul olan paketi Səlimin əlində görmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmənin qənaətinə görə, iddiaçının iddia tələbi üzrə qanuni əsas mövcud deyildir. Belə ki, iddiaçı Cavabdeh ilə iddiaçının oğlu İddiaçı1 arasındakı razılaşmaya əsasən, Cavabdeh iddiaçının oğlu İddiaçı1 üçün ev tikdirdiyini və həmin evin tikintisini tamamlamaq üçün öz evinin satışından əldə edilən pulu Cavabdeh verdiyini iddia edir. Qeyd edilənlər yalnız iddiaçının İddiaçı1 ilə cavabdeh arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərin yaranması qənaətinə gəlməyə əsas verir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibəti və digər münasibətlər yaranmamış, cavabdehin iddiaçı qarşısında hər hansı müstəqil öhdəliyi mövcud olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən tələb etdiyi 83000 manat pulun cavabdehə verilməsini sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə mötəbər və inandırıcı sübut təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, şahid ifadələri iddiaçının izahatı ilə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı izahatında pulu cavabdehə notariat ofisində, şahidlər isə notariat ofisindən kənarda avtomobilin yanında verdiyini bildirmişlər. Bu baxımdan həmin ifadələrin “əsaslı şübhədən kənar” sübut kimi qəbul edilməsi mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı2 Cavabdeh qarşı “pul” dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əsassız olması səbəbindən rədd edilməli olması qənaətinə gəldiyindən prosessual qənaət prinsipini nəzərə almaqla cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirmir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı2 Cavabdeh qarşı “pul” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar