Məhkəmə qərarları › İş №2(004)-1061/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1061/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1061/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı X5 və onun vəkili və nümayəndəsi Vəkil, X1, Cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı X5 cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X8 cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 46027,96 manat, 631.725 qram qızılın və ya onun əvəzi olaraq 1.678.320 min İran rial məbləğində maddi zərərə görə, 5000 manat vurulmuş mənəvi zərərə görə, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birindən 1250 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, X8 X4 ilə xx xxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və birgə nikahlarından övladları olmamışdır. Sabunçu rayon məhkəməsinin 2(008)-5892/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə onlar arasında olan nikah pozulmuşdur. İddiaçı cavabdehlə aralarında olan nikah pozulmamışdan əvvəl İran İslam Respublikasından dəyərini ödəmədən nisyə 1 milyard 229 milyon 890 min İran rialı məbləğində 568.64 qram qızıl-zinət əşyaları və ümumi dəyəri 15 milyon tümən olan 3 ədəd xalça gətirərək yaşadığı ünvanda saxlamışdır. Cavabdeh X4 evdən gedərkən həmin xalça və qızıl-zinət əşyalarını özü ilə aparmış və iddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq onları geri qaytarmamışdır. Bunun nəticəsində iddiaçı həmin əşyaların dəyərini onların sahiblərinə ödəmək məcburiyyətindədir. Bununla əlaqədar iddiaçı Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PB-nə şikayət etmiş və PB-də cavabdeh X11 həmin əşyaları götürdüyünü etiraf etmişdir. Həmçinin cavabdeh X4 ilə birgə nikah dövründə cavabdeh ondan birinci nikahından olan oğlu Cavabdeh2 təhsil xərcləri ilə bağlı hissə-hissə olmaqla cəmi 20000 manat məbləğində borc pul almış, lakin sonra həmin pul məbləğini ona qaytarmaqdan imtina etmişdir. Həmçinin cavabdehX4 birgə nikahda olduqları dövrdə onun zamin olduğu xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə “X20” Bakı filialından borc pul götürmüş, həmin pulları ödəmədiyi üçün , o, zamin olaraq cavabdehin əvəzinə banka olan 4777,96 manat məbləğində pulu ödəmişdir. Cavabdeh X4 həmin pulları ailə ehtiyaclarına sərf etməmişdir. Həmçinin cavabdeh X4 iddiaçı ilə birgə nikahda olduğu dövrdə ünvan 1 ünvanında yerləşən gözəllik salonunu icarəyə götürərək, həmin obyekti təmir etdirmiş, içərisini mebel və sair avadanlıqlarla təchiz etmişdir. Lakin hazırki günə kimi X4 iddiaçıya hər hansı mənfəəti verməmiş, ona görə də iddiaçıya 20000 manat məbləğində maddi zərər dəymişdir. Eyni zamanda cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda İran İslam Respublikasının Məşhəd şəhərinə ziyarətə getmək üçün iddiaçıdan 1250 manat məbləğində borc pul istəmiş və sonra qaytaracaqlarına dair vəd versələr də, iddiaçı ilə X4 arasında olan nikahın pozulmasından sui-istifadə edərək həmin pulu iddiaçıya qaytarmamışlar. Cavabdeh X4 bu hərəkətləri ilə ona mənəvi zərər vurmuşdur. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh X4 iddia tələblərinə etiraz edərək, iddiaçının tələblərinin şər və böhtan olduğunu, həqiqətə uyğun olmadığını, evdən gedərkən yalnız iddiaçının ona toydan əvvəl hədiyə kimi verdiyi qızıllarını özü ilə apardığını, xalça və hətta özünə məxsus qeyim əşyalarını aparmadığını bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələblərinə etiraz edərək, onun ümumiyyətlə təhsil xərclərinin cəmi 8000 manat təşkil etdiyini, həmin məbləğdən 1000 manatın iddiaçı tərəfindən ödənildiyini və həmin məbləğin borca deyil hədiyyə şəklində verildiyini, qalan hissənin isə anası X4 tərəfindən ödənildiyini bildirmişdir. Bundan əlavə Məşhəd şəhərinə ziyarətə getmək üçün də pulların anası tərəfindən verildiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddia tələbinə etiraz edərək izahatlarında bildirmişlər ki, onların Məşhəd şəhərinə ziyarətə getmək üçün xərcləri 90-100 manat məbləğində olmuş, həmin xərcləri də cavabdeh X4 ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş X5 və X3 şikayət ərizələri üzrə toplanmış materialdan görünür ki, X8 ərizə ilə Sabunçu RPİ-nin 14-cü PB-nə müraciət edərək cavabdeh X4 tərəfindən ona məxsus olan 10000 manat məbləğində nağd pulun, 3 ədəd əl xalçasının və 10000 dəyərində müxtəlif qızıl-zinət əşyalarının və digər ona məxsus əşya və sənədlərin oğurlanmasını bildirmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-də izahatı alınmış X4 iddiaçının dedklərinin hamısının şər və böhtan olduğunu və iddiaçıya məxsus nə xalça, nə pul, nədəki ziynət əşyalarının götürülmədiyini göstərmişdir. Məhkəmədə də iddiaçı cavabdeh tərəfindən ona məxsus xalça və qızılların cavabdeh X4 tərəfindən götürülməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən Cavabdeh2 təhsilinə 20000 manat məbləğində pul vəsaitinin xərcləməsini bildirməsinə baxmayaraq, Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən Yasamal rayon məhkəməsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 019/140 saylı məktubundan görünür ki, Cavabdeh2 2014-2018-ci illərdə təhsil haqqı illik 2000 manat olmaqla 4 tədris ili ərzində 8000 manat təşkil etmişdir. Bundan əlavə iddiaçı 20000 manat məbləğində pulun M.Jamşidiyə oğlunun təhsili üçün borca verdiyini bildirsədə, bunu da təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bununla əlaqədar qeyd etmək istəyir ki, iddiaçı tərəfindən təhsil haqları birinci cavabdehlə birgə nikahları olan dövrdə ödənilmişdir və həmin dövrdədə iddiaçının özünün məhkəmədə verdiyi izahatındanda görünür ki, onlar mehriban ailə olaraq yaşamışlar. Bu isə iddiaçı tərəfindən təhsil haqlarının hədiyə olaraq ödənilməsini təsdiq edir. Belə olan halda isə həmin pullar geri tələb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 668.1.3-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. Həmin Məcəllənin 669-cu maddəsinə əsasən nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. Eyni zamanda iddiaçı cavabdeh M.Jamşidinin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən gözəllik salonunda icarəyə verənin razılığı ilə M.Jamşidinin əvəzinə 20000 manat məbləğində təmir və təchiz işlərininin aparılmasını və həmin xərclərin birgə nikah dövründə əldə edilmiş qazanc hesabına ödənilməməsini təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 680.1-ci maddəsinə əsasənkirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasənkirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Bundan əlavə iş materiallarında olan “X20” Bakı filialının xx xxxx 2019-cu il tarixli, 2019/784 saylı arayışından görünür ki, X8 xx xxxxxx 2015-ci il tarixdə X3 adına götürdüyü 4000 manat kredit öhdəliyinə zamin qismində çıxış etmiş və həmin kredit üzrə öhdəliklərin 4777,96 manat X8 tərəfindən ödəməklə yerinə yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Bankın arayışından görünür ki, bankdan kredit tərəflərin birgə nikahda olduğu dövrdə götürülmüş və həmin dövrdədə ödənilmişdir. İddiaçı cavabdeh M.Jamşidi tərəfindən götürülmüş kreditin ailə ehtiyaclarına sərf edilməməsini bildirsədə, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, bankdan götürülmüş kredit tərəflərin ailə ehtiyaclarına sərf edilməsi, və həmin kreditin tərəflərin birgə nikah dövründə əldə etdikləri qazanc hesabına ödənilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bundan əlavə iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Məşhəd ziyarətinə getmək üçün borca onlara 1250 manat məbləğində vəsaitin verildiyini bildirsədə, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Maddəsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə məhkəmə hesab edir ki, maddi zərər tələbi təmin edilmədiyindən, mənəvi zərər tələbi də təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar