Məhkəmə qərarları › İş №2(004)-1066/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1066/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1066/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi ziyan) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 550/2024 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan ”Kia Rio” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsinin nəzərə alınması hökm edilmişdir.

2. Həmin hökmdən görünür ki, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidov tərəfindən sorğuya verilmiş cavab məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-550/2024 nömrəli hökmü xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq 5000 manat olmaqla, ümumilikdə 10000 manat məbləğində pul və 120 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq öna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(004)-550/2024 nömrəli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququna məhrum edilməklə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə o zərərçəkmiş şəxs qismində tanınmışdır. Ona görə də mülki iddia vermək qərarına gəlmişdir. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yolun sağ tərəfdən 2-ci hərəkət solağı ilə həmin küçənin Ə.Haqverdiyev küçəsi ilə kəsişdiyi yer istiqamətində 35-40 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymaması üçün, əgər piyada keçidə daxil olmuşdursa, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bu tələblərə əməl etməyərək, hərəkətini davam etdirib həmin küçədə 319A ünvanında yerləşən “Pürrəngi” kafesinin qarşısında nizamlanmayan piyada keçidi ilə yolu sol tərəfdən sağ tərəfə keçən onu avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan onun sol bazu sümüyünün cərrahi boyunun qapalı çoxparçalı yerdəyişən sınığı, sağ Vİİ qabırğanın sınığı, sol qasıq sümüyünün yerini dəyişmiş parçalı sınığı, büzdüm sümüyün az yerdəyişmiş sınığı, V bel fəqərəsinin hər iki yan çıxıntısının az yerdəyişmiş sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü avtomobili saxlayaraq ona köməklik edib, avtomobili ilə onu X1 aparmış, orada ona ilk tibbi yardım göstərib xəstəxananın palatasında yerləşdirmişlər. Onu idarə etdiyi avtomobillə vuran sürücü, sonradan adı məlum olan Cavabdeh xəstəxanada müalicə olunmağı üçün yaxından köməklik edəcəyinə, dəymiş ziyanı tam şəkildə ödəyəcəyinə söz versə də, heç bir ziyan ödəməmiş və hadisədən sonra heç bir əlaqə saxlamamışdır. Ona görə də, həyat yoldaşı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. xx.xx.2024-cü il tarixli,102 nömrəli ekspert rəyindən də görünür ki, onun adına KTM-də tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarətlər “Sol bazu sümüyünün cərrahi boyunun qapalı, çoxparçalı yerdəyişən sınığı, sağ Vİİ qabırğanın sınığı, sol qasıq sümüyünün yerini dəyişmiş parçalı sınığı, büzdüm sümüyünün az yerdəyişmiş sınığı” küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir.

b) iddiaya etiraz

7. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin olunmasına etiraz edərək, göstərmişdir ki, o hadisədən sonra iddiaçı ilə razılıq əldə etməyə çalışmış, lakin onun təklif etdiyi pul kompensasiyasının məbləği iddiaçını qane etməmişdir. Buna görə də aralarında razılıq olmamış, ona cəza təyin edilmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, hadisə nəticəsində cavabdeh ona həm maddi, həm mənəvi ziyan vurmuş, hadisədən sonra onunla maraqlanmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

11. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.”

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır”.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının iştirakı ilə yol nəqliyyat hadisəsi törətmiş, hadisədə təqsirli bilinərək barəsində hökm çıxarılmışdır. İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır.

18. Hazırda iddiaçı hadisə nəticəsində sağlamlığına dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.

19. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zəruri şərtlər iş üzrə ödənilir. Belə ki, iş üzrə qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilir ki, törədilmiş əməl hüquqa zidd olmuş, əməl təqsirli olaraq törədilmiş, törədilmiş əməl nəticəsində başqa şəxsə zərər vurulmuşdur və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqə mövcuddur.

20. Odur ki, iddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

21. Bununla belə, maddi zərərin tutulması hissəsində iddia tələbi təmin edilə bilməz ona görə ki, dəymiş maddi zərərin həcmi ilə bağlı ümumiyyətlə hər hansı sübut təqdim edilməmişdir.

22. İş materiallarına əlavə edilmiş hökmdə iddiaçının (cinayət işi üzrə zərərçəkmişin) sağlamlığına az ağır zərər vurmaya aid xəsarətləri müəyyən edilsə də, hazırkı iş üzrə iddiaçı bu xəsarətlərin bərpası yönündə hansı xərcləri çəkdiyini göstərməmiş, bu barədə sübutların məhkəmə tərəfindən alınmasına etiraz etmişdir.

23. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür.

24. Mənəvi zərərin ödənilməsi hissəsində isə iddia tələbi qismən əsaslıdır.

25. Belə ki, Ali Məhkəmə Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən mənəvi zərərin tutulması barədə iddiaların təmin olunması üçün şəxsin mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır.

26. Hazırkı işin halları baxımından qeyd olunan hallar sübut olunur.

27. Avtomobil vurması nəticəsində hər bir insan fərdi kimi iddiaçının da qorxu, həyəcan, stress keçirməsi, bunun nəticəsində mənəvi sarsıntılara məruz qalması hamıya bəlli olan hal olmaqla ümumən təkzibedilməzdir.

28. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

29. Bu konteksdə işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi kompensasiyanın məbləği 2000 manat həddində müəyyən edilməlidir. Bu məbləğ işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir.

30. Odur ki, iddia tələbi qismən təmin edilməli və mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

31. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddia təmin olunan hissəyə münasib hissəsi olan 40 manat məbləğdə pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mənəvi ziyanın əvəzi olaraq 2000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar