Məhkəmə qərarları › İş №2(004)-1092/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1092/2023

19.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1092/2023 19.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Həşimov və "xxxx" ASC cəlb edilməklə “icra məmurunun hərəkətlərindən, ilkin satış qiymətinin ləğv edilməsi və yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Həşimov və "xxxx" ASC cəlb edilməklə “icra məmurunun hərəkətlərindən, ilkin satış qiymətinin ləğv edilməsi və yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icra məmurunun hərracın keçirilməsi ilə bağlı Əmlak Hərrac Mərkəzinə göndərdiyi sifarişin qanunsuz hesab edilməsi və “X1 Mərkəzi” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 47,4 kv.m ümumi 34,7 kv.m yaşayış, 12,7 kv.m yardımçı sahədən və istifadədə olan 0,0063 ha torpaq sahəsindən ibarət olan fərdi yaşayış evinin bazar qiymətindən yarı qiymətə, yəni 33250 manat qiymətləndirilməsinə dair 14 dekabr 2021-ci il tarixli qərarın ləğv olunması, mənzilin dəyərinin bazar qiymətinə uyğun olaraq 60000 manat qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edildi ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh MMC qeyd edilsə də, cavabdehə yönəldilmiş tələb aydın və dəqiq qeyd edilməmiş, iddiaçı iddia ərizəsinin tələb hissəsində cavabdeh qismində qeyd etdiyi Cavabdeh MMC-yə qarşı hansı tələbin yönəldiyini qeyd etməmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsinin tələb hissəsində “X1 Mərkəzi” MMC tərəfindən qəbul edilən 14 dekabr 2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etsə belə, həmin MMC-ni cavabdeh qismində cəlb etməmiş və tələbdə ləğv edilməsini nəzərdə tutduğu qərarı və digər sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə iddia tələbində icra məmurunun hərracın keçirilməsi ilə bağlı Əmlak Hərrac Mərkəzinə göndərdiyi sifarişin qanunsuz hesab edilməsi tələbi irəli sürülsə də, qeyd etmək lazımdır ki, icra məmurunun hərəkətlərindən şikayət iddia tələbi qismində irəli sürülə bilməz. Həmin müraciətlərə mülki mühakimə icraatı qaydasında baxılmalı deyil, icra məmurunun olduğu yer üzrə şikayət formasında (8 indeksi ilə) müraciət edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi prosessual qanunvericiliyinin tələblərinə uyğun tərtib olunmadığı üçün, iddia ərizəsində qeyd edilən cavabdehə qarşı tələb göstərilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Həşimov və "xxxx" ASC cəlb edilməklə “icra məmurunun hərəkətlərindən, ilkin satış qiymətinin ləğv edilməsi və yenidən qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar