Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-11/2023 03.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhəri BPİ-nin X8 İdarəsi cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri BPİ-nin X8 İdarəsinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkətləri nəticəsində onlara dəymiş 5000 (beş min) manat maddi və 3 000 (üç min) manat mənəvi zərər olmaqla, cəmi 8000 (səkkiz min) manat məbləğində pulun, habelə məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Bakı Şəhər BPİ X10 İdarəsindən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4230/2019 saylı qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13328/2019 saylı qətnaməsi və Ali Məhkəmənin xx.xx.2020ci il tarixli 2(102)-1871/2020 saylı qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçının yeni açılmış hallarla əlaqədar ərizəsi əsasında Ali Məhkəmənin Plenumunun xx.xx.2022-ci il tarixli 13(102)-1/2022 saylı qərardadına əsasən Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-1871/2020 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13328/2019 saylı və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4230/2019 saylı qətnamələri ləğv edilərək mülki iş yenidən baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və yenidən məhkəmə baxışına verilmişdir. Hazırda mülki iş üzrə iddiaçılar xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Bakı Şəhəri BPİ-nin X8 İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsi əməkdaşlarının qanunsuz əməlləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 33.550 manat maddi ziyan və 15.000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 48.550 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Dəqiqləşdirmə ərizəsinə əsasən əvvəlki cavabdeh əsl cavabdehlə əvəz edilərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdeh qismində, Bakı şəhəri BPİ-nin X8 İdarəsi isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Daha sonra iddiaçılar xx.xx.2023-cü il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 61.550 manat maddi ziyan və 15.000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 76.550 manat məbləğdə pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı2 etibarnamə əsasında idarə etdiyi “QAZ 33021" (yük) markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2019-cu il tarixdə saat 10-11 radələrində Lökbatan-Biləcəri magistral yolda Biləcəri istiqamətində hərəkət edərkən Biləcəri-Şamaxinka yolayrıcında 2 nəfərdən ibarət olan **-YP-*** nömrəli yol avtopatrul xidmətinin polis serjantları onu saxlamış, onlardan biri özünü “Rasim" kimi təqdim edərək, çadırının olmaması adı ilə avtomobili AR DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin 10 saylı cərimə meydançasına heç bir sənəd təqdim etmədən yerləşdirmişdir. Avtomobil hal-hazırda da həmin cərimə meydançasındadır. İddiaçı2 **-YP-*** nömrəli avtopatrulda xidməti vəzifəsini icra edən polis serjantlarının qanunsuz hərəkətləri barədə həmin gün AR DİN-nin “102" qaynar xəttinə məlumat vermişdir. Bir müddət sonra onun istifadə etdiyi mobil telefonuna tanımadığı şəxs zəng edərək, ona “902"-yə müraciət etməyi məsləhət görmüşdür. O, həmin gün “902"-yə zəng etmiş, sonra isə Bakı Şəhər BPİ X10 İdarəsinin növbətçi hissəsinə müvafiq şikayət ərizəsi təqdim etmişdir. Məlum hadisədən 3 gün sonra AR DİN Baş DYPİ-nə müvafiq şikayət ərizəsi ilə müraciət etmiş və xx.xx.2019-cu il tarixdə isə Bakı Şəhər Prokurorluğuna teleqram vurmuşdur. Bu şikayətlərlə bağlı yalnız Bakı Şəhər BPİ X10 İdarəsi tərəfindən 046-İ6680N-3219 saylı, xx.xx.2019-cu il tarixli məktubla cavab verilmişdir. Həmin məktubdan məlum olmuşdur ki, İddiaçı2 barəsində "Yol hərəkəti haqqında" AR Qanunun 1 saylı əlavəsinin Vİİ hissəsinin 10-cu maddəsinin tələblərinə zidd olaraq, etibarnamə əsasında idarə etdiyi “QAZ 33021" yük markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin kuzovunun arxa divarında dövlət qeydiyyat nişanlarının təkrar yazılmamasına görə, AR İXM-nin 342.5-ci maddəsinə əsasən tarixi məlum olmayan İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı protokolla razılaşmamış belə ki, avtomobilin dövlət qeydiyyat nişanları yerində olmaqla standart normalara tam uyğun olmuşdur. Həmin vaxt avtomobilin istismarını qeyrimümkün edən nasazlığı olmamışdır. Buna baxmayaraq DYPİ-nin əməkdaşları iddiaçılara məxsus yük avtomobilini qanunsuz olaraq avtodayanacaqda saxlamışlar. Mübahisə predmeti olan avtomobil İddiaçı1 sərəncam vermək səlahiyyəti ilə, digər İddiaçı2 isə idarə etmə hüququ ilə verilmiş etibarnamələr əsasında məxsus olmuşdur. Nəzərə alınsa ki, iddiaçılar daş karxanasında fəaliyyət göstərməklə həmin avtomobillə yük daşınması ilə məşğul olmuş, bu fəaliyyət nəticəsində əldə edilmiş gəlirlə həm iddiaçılar, həm də onların ailə üzvləri dolanmışlar. Beləliklə, iddiaçılara məxsus sözügedən avtomobil Bakı şəhər BPİ DYPİ-nin YPX inspektorlarının qanunazidd hərəkətləri nəticəsində xx.xx.2019-cu il tarixdən hazıradək mühafizə olunan duracağa yerləşdirildiyindən onlar həmin tarixdən fərdi sahibkarlıq fəaliyyətlərini həyata keçirə bilməmiş, hər iki iddiaçının ailə üzvləri yeganə qazanc mənbəyindən məhrum edilmişlər. YPX-nin hüquqazidd hərəkətləri nəticəsində iddiaçılar onlara vurulmuş maddi və mənəvi zərərin cavabdeh Bakı şəhər BPİ DYPİ-dən onların xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Yasamal Rayon Məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia rədd edilmiş, apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra avtomobili idarə etmiş İddiaçı2 tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilərək mübahisələndirilmiş, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan da cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən qismən təmin edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək icraata xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Göründüyü kimi Bakı şəhər BPİ DYPİ YPX-nin əməkdaşlarının qanunazidd hərəkətləri məhkəmə aktlarına əsasən tam təsdiq olunmuşdur. Beləliklə bu hərəkətlər nəticəsində iddiaçılara maddi zərər vurulmuş, həmçinin iddiaçılar mənəvi sarsıntı, iztirablar keçirmiş, habelə onların sağlamlığına xeyli zərər vurulmuşdur. Həmçinin qeyd edir ki, iddiaçıya vurulmuş maddi zərərin müəyyən edilməsi məqsədilə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəylə, eləcə də öz sifarişləri əsasında müstəqil mütəxəssis tərəfindən verilmiş rəylə razı deyildir. Belə ki, rəylərdə göstərilən məbləğlər real ziyandan qat-qat aşağıdır. Halbuki iddiaçının istifadəsində olan həmin avtomobil xx.xx.2019-cu il tarixdən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 ilə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə avtomobilin aylıq icarə haqqı 800 manat olmalı idi. Eyni zamanda Əziz Əliyev həmin avtomobilin sürücüsü kimi İddiaçı2 işə qəbul etmiş və sürücü kimi onun əmək haqqı 400 manat olmalı idi. Ona görə də iddiaçılar avtomobilin istifadəsindən məhrum edilməklə 47 aya 800 manat olmaqla ümumilikdə 37.600 manat məbləğində icarə haqqı və 47 aya aylıq 450 manat olmaqla 21150 manat əmək haqqı qismində ziyan dəymişdir. Həmçinin avtomobil DYPİ-nin cərimə meydançasında qanunsuz saxlanıldığına görə yararsız hala düşmüşdür. Mütəxəssis rəyinə görə avtomobilin özünə dəyən ziyan 2800 manat məbləğində müəyyən edilmişdir. Təbii ki, bu dəyən real ziyandan qat-qat aşağıdır. Təxminən 4 ildən artıq müddət ərzində iddiaçılar əsassız olaraq məhkəmə çəkişmələrinə cəlb olunmaları nəticəsində onlara mənəvi ziyan dəymişdir. Mənəvi ziyanı isə 15.000 manat qiymətləndirir. Ümumilikdə isə iddiaçılara 37.600+21150+2800+15000 =76550 manat məbləğində maddi ziyan dəymişdir. Qanunvericiliyin tələbinə görə isə dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində vurulmuş ziyan dövlət büdcəsi hesabına, yəni Azərbaycan Respublikası tərəfindən ödənilir. Hamıya məlum faktdır ki, Azərbaycan Respublikasında dövlət büdcəsindəki bütün əməliyyatlar Maliyyə Nazirliyi tərəfindən aparılır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Verilmiş suallara əsasən iddiaçıların nümayəndə-vəkili əlavə olaraq bildirmişdir ki, inzibati tənbehvermə haqqında qərarda göstərilən cəriməni ödəməmişlər. Avtomobilin dayanacaqda saxlanma xərcinə görə iddiaçılardan pul istədikləri üçün onlar avtomobili bugünədək dayanacaqdan götürməmişlər. Hesab edir ki, həmin dövrdə iddiaçılar yük daşıma fəaliyyətini rəsmiləşdirilmədən həyata keçirmişlər. Buna görə müəyyən sənədlər olmaya bilər, lakin yük avtomobili onların istifadələrində olduğu müddət ərzində daimi hərəkətdə olmuş və gəlir əldə edilmişdir. Avtomobilin istifadədə olduğu müddətdə yükdaşıma qaimələri, ödəniş qəbzləri və ya hesabat qəbzləri yoxdur. Rəydə göstərilən avtomobilin dəyərinin itirilməsi ilə bağlı məbləğlə razı deyillər. Çünki avtomobilin dəyəri həddən artıq aşağı düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini və nümayəndə-vəkilinin izahatında göstərilənləri müdafiə edərək bildirmişdir ki, həmin hadisədən sonra onunla bərabər digər iddiaçını da yol polisinin idarəsinə dəvət etmişlər. DYPİ-nin əməkdaşı onlara avtomobili götürə biləcəklərini bildirsə də, sonradan heç bir sənəd tapa bilmədiyi üçün bunun mümkünsüz olduğunu qeyd etmişlər. Avtomobil onların istifadəsində olduğu müddətdə o, sahibi olaraq hər gün yükdaşımalarla bağlı 50 manat, digər iddiaçıya isə sürücü kimi 25 manat qazanc əldə etmişlər. Ümumilikdə isə gündəlik 75 manat avtomobildən gəlir götürmüşlər. Lakin buna dair məhkəməyə sübut təqdim edə bilmir, bununla bağlı müqavilə isə yoxdur. Verilmiş suallara əsasən iddiaçı bildirmişdir ki, bugünədək dayanacaqda saxlanıldığı müddət ərzində avtomobilin qaytarılması ilə bağlı BDYPİ-yə rəsmi müraciət etməmişdir. Yalnız şifahi qaydada DYPİ-nə müraciət edib danışıqlar aparmış, lakin bu danışıqlar nəticəsiz qalmışdır. Həmçinin bildirir ki, özünün daş karxanası vardır, sözügedən avtomobildən fəaliyyətində öz xeyri üçün istifadə etmişdir. Hazırda avtomobilindən məhrum edildiyi üçün digər şəxsə pul müqabilində yükləri daşıtdırır, bu isə onu ziyana salır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən sonra da yük avtomobilinin dayanacaqdan götürülməsi ilə bağlı müraciət etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən digər İddiaçı2 iddia tələbini və nümayəndə-vəkilinin izahatında göstərilənləri müdafiə edərək bildirmişdir ki, hadisə vaxtı avtomobili, o, özü idarə etmişdir. O, saxlanılan zaman avtomobil boş vəziyyətdə olmuşdur, DYPİ-nin əməkdaşları avtomobili saxlayaraq məcburi cərimə meydançasına yerləşdirmiş, onu isə Bakı Şəhər Yol Polisi İdarəsinə aparmışlar. Orada Zeynal adlı əməkdaş 150 manat müqabilində avtomobili götürə biləcəyini bildirmişdir. O isə pulunun olmadığını bildirmişdir. Sonra Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan məllimin adına ərizə yazmış, lakin cavab gəlməmişdir. Sonra Baş X8 İdarəsinin rəisinə ərizə yazmış, ona da cavab gəlməmişdir. Verilmiş suallara əsasən iddiaçı bildirmişdir ki, yükdaşıma qaimələrini məhkəməyə təqdim edə bilmir İddianın təmin olunmasını xahiş edir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, məhkəmə iclasında onların nümayəndələrinin iştirakları təmin edilməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AD seriyalı, 221674 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “QAZ 33021" yük markalı **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X2 mülkiyyətindədir. -xx.xx.2019-cu il tarixli, ƏN-Vİ seriyalı, 665371 nömrəli etibarnamənin surətinə əsasən müəyyən edilir ki, X3 mülkiyyətində olan “QAZ 33021" yük markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili sərəncam vermək səlahiyyəti daxil olmaqla İddiaçı1 səlahiyyətlərini etibar etmişdir. -xx.xx.2019-cu il tarixli, ƏN-İV seriyalı, 792874 nömrəli etibarnamənin surətinə əsasən müəyyən edilir ki, İddiaçı1 xx.xx.2019-cu il tarixli, ƏN-Vİ seriyalı, 665371 nömrəli etibarnaməyə əsasən “QAZ 33021" yük markalı **-BJ-*** dövlət nömrə nişanlı avtomobili idarə edilməsi üçün İddiaçı2 səlahiyyətlərini etibar etmişdir. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ DYPİ-nin xx.xx.2019-cu il tarixli ***-*******-3219 nömrəli məktubdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsinin Vİİ hissəsinin 10-cu maddəsinin tələblərinə zidd olaraq idarə etdiyi “QAZ 33021" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı bortlu-tenli yük avtomobilinin kuzovunun arxa divarında dövlət qeydiyyat nişanlarını təkrar yazdırmadığına görə Bakı şəhərinin X7 yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə protokol tərtib edilmiş, bununla yanaşı avtomobilin yol hərəkətində iştirakdan kənarlaşdırılmış və mühafizə olunan duracağa yerləşdirilmişdir. -Fotoşəkillərindən və işin faktiki hallarından müəyyən edilir ki, müahisə predmeti olan “QAZ 33021" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil hazıradək Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin “SİQNAL” İLİ İdarəsinin 10 saylı cərimə meydançasında saxlanılır. - Bakı şəhəri BPİ DYPİ-nin YPX inspektoru Cavid Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, İddiaçı2 İXM-nin 342.5-ci (nəqliyyat vasitəsini idarə edərkən konstruksiyanın digər ünsürlər nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) maddəsinə əsasən təqsirli bilinərək barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Qərar xx.xx.2019-cu il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(004)- 4230/2019 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhəri BPİ-nin X8 İdarəsinə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli, 2(103)-13328/2019 saylı qətnaməsi ilə iddiaçılar tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş və Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(004)-4230/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(102)- 1871/2020 saylı qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 3(105)-128/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Baş X10 İdarəsi tərəfindən İddiaçı2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə tərtib edilmiş TP seriyalı, ******* saylı 01 may 2019-cu il tarixli qərar ləğv edilərək İddiaçı2 barəsində Bakı Şəhəri Baş X10 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə başlanan inzibati xəta haqqında işin icraatına əməldə inzibati xəta olmadığından xitam verilmiş, eləcə də avtomobilin iddiaçıya geri qaytarılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 13(102)- 1/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 yeni açılmış hallarla bağlı ərizəsinə baxaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(102)-1871/2020 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 04 noyabr 2019-cu il tarixli 2(103)-13328/2019 saylı və Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli 2(004)-4230/2019 saylı qətnamələrinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 133 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçıların nümayəndəsinin təşəbbüsü ilə 1998-ci il buraxılışlı “QAZ 33021" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı bortlutentli yük avtomobilinin 41 ay müddətinə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin cərimə meydançasında saxlanılması nəqliyyat vasitəsinin itirdiyi dəyərin və istifadə edilməməsi səbəbindən əldən çıxmış faydanın müəyyən edilməsi məqsədilə tədqiqat aparılmışdır. Mütəxəssis rəyindən görünür ki, nəqliyyat vasitəsinin 41 ay müddətində cərimə meydançasında saxlanılması nəticəsində itirdiyi dəyərin məbləği xx.xx.2022-ci il tarixə 2800 manat, nəqliyyat vasitəsinin istifadə edilməməsi nəticəsində əldən çıxmış faydanın məbləği 30.750 manat təşkil edir. Mütəxəssis rəyindən həmçinin müəyyən edilir ki, əldən çıxmış faydanın müəyyən edilməsi üçün gündəlik xərclər hesablanaraq toplanmışdır. Müəyyən edilmişdir ki, bütün xərclər çıxıldıqdan sonra əldə edilən mənfəət 1 gün üçün 25 manat təşkil edir. Mütəxəssis hesab etmişdir ki, bu tip avtomobillərin xidmətinə həm fiziki, həm də hüquqi şəxslərin tələbatı yüksək olduğundan ayın bütün günləri iş günləri kimi nəzərə alınmaqla orta aylıq xalis mənfəət 1 ay həcmində 750 manat hesablanmalıdır. Beləliklə tədqiqat obyekti olan avtomobilin 41 ay ərzində cərimə meydançasında saxlanılması nəticəsində avtomobilin istifadə edilməməsi səbəbindən əldən çıxmış faydanın məbləği xx.xx.2022-ci il tarixə 30.750 manat hesablanmışdır. Rətdə qeyd edilmişdir ki, X1, eləcə də əmlakın qiymətləndirilmə biliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. - Məhkəmənin təyin etdiyi əmtəəşünaslıq və mühasibatlıq ekspertizaları üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7264-9/7273 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, “QAZ 33021" yük markalı, 1998-ci il buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 8500 manat müəyyən olunur. Avtomobilin xx.xx.2019-cu il tarixdən istifadə olunmaması nəticəsində əmtəə dəyərini 5% itirməsi nəticəsində qalıq qiymətinin təxminən 8075 manat olması istisna edilmir. Dolayısı ilə ümumi dəyərdən qalan məbləğ çıxıldıqda vurulmuş zərər 425 manat müəyyən edilmişdir. Həmçinin rəydə qeyd edilmişdir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılır. Lakin təqdim edilmiş iş materiallarında yoxlama (təftiş, audit) materialları öz əksini tapmamışdır. Beləliklə, əldən çıxmış faydanın müəyyən edilməsi üçün ekspertlər qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, “QAZ 33021" yük markalı **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında iddiaşıların sahibliyindədir. xx.xx.2019-cu il tarixdə DİN-nin BDYPİ-nin YPX-nin əməkdaşları tərəfindən İddiaçı2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1 saylı Əlavəsinin Vİİ hissəsinin 10-cu maddəsinin tələblərinə zidd olaraq etibarnamə əsasında idarə etdiyi “QAZ 33021" yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı bortlu-tenli yük avtomobilinin kuzovunun arxa divarında dövlət qeydiyyat nişanlarını təkrar yazdırmadığına görə, yəni konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə, İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmiş, avomobil isə yol hərəkətində iştirakdan kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilmişdir. İddiaçıların şikayəti əsasında həmin hadisə ilə bağlı tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərar inzibati xəta tərkibinin olmaması əsası ilə ləğv edilmiş və avtomobilin qanuni sahiblərinə verilməsi qərara alınmışdır. Yuxarıda sadalanan məhkəmə aktlarına əsasən DİN-nin BDYPİ-nin YPX-nin əməkdaşlarının hüquqa zidd və təqsirli hərəkətləri nəticəsində sözügedən avtomobilin əsassız olaraq Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin “SİQNAL” İLİ İdarəsinin 10 saylı cərimə meydançasında saxlanılması və İddiaçı2 təqsirsiz olması öz təsdiqini tapır. Həmçinin işin halları ilə müəyyən edilir ki, sözügedən avtomobil hazıradək Azərbaycan Respublikası DİN Baş X10 İdarəsinin “SİQNAL” İLİ İdarəsinin 10 saylı cərimə meydançasında saxlanılınır. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçılar izahatlarında bildirmişlər ki, onlar məhkəmə prosesləri davam etdiyi müddət ərzində avtomobilin onlara geri qaytarılması ilə bağlı aidiyyəti orqanlara rəsmi qaydada müraciət etməmişlər. Yalnız şifahi danışıqlar aparılmış və onlardan pul istənilmişdir. Lakin bu hala dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar hətta inzibati xəta haqqında iş üzrə sonuncu məhkəmə aktı olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli qərarından sonra da avtomobilin onlara geri qaytarılması ilə bağlı müraciət etməmişlər. Halbuki qanuni qüvvəyə minmiş həmin qərarda avtomobilin onlara geri qaytarılması qərara alınmışdır. Lakin iş materiallarıdan göründüyü kimi avtomobil indiyədək iddiaçıya təhvil verilməmişdir. Qeyd olunan hallar onu deməyə əsas verir ki, iddiaçılar özləri belə 4 ilə yaxın davam edən məhkəmə baxışları müddətində avtomobilin onlara qaytarılması ilə bağlı və vurulmuş zərərin minimuma endirilməsi ilə bağlı cəhd göstərməmiş və gələcəkdə onlara vurula biləcək ziyanın həcminə laqeyid yanaşmışlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların əldən çıxmış faydaya dair tələbləri əsassızdır. Hazırda iddiaçılar cavabdehin təqsirli hərəkətləri nəticəsində onlara dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq cəmi 76.550 manat məbləğində pulun onlara ödənilməsini xahiş edir. Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, işin halları ilə bağlı etiraz və ya sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların istifadəsində olan yük avtomobilinin əsassız olaraq hazıradək – 4 ilə yaxın müddət ərzində cərimə meydançasında saxlanılmasına görə avtomobilin istifadəsiz və baxımsız qalması səbəbindən dəyərinin itirilməsi mübahisəsizdir. Lakin iddiaçı avomobilin dəyərinin 2800 manat məbləğində itirildiyini bildirsə də, iş üzrə verilmiş ekspert rəyinə əsasən müəyyən edilir ki, qeyd olunan markalı və buraxılışlı, normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin orta bazar qiyməti təxminən 8500 manat müəyyən olunur. Mübahisə predmeti olan avtomobil isə xx.xx.2019-cu il tarixdən istifadə olunmaması nəticəsində dəyərini 5% itirməklə hazırkı dəyəri 8075 manat təşkil edir. Bu da onu deməyə əsas verir ki, mübahisə predmeti olan avtomobil xx.xx.2019-cu il tarixdən duracaqda saxlanılmaqla 425 manat dəyər itirmişdir (8500*5%=425 və ya 8500-8075=425). Məhkəmə xx.xx.2022-ci il tarixli ekspert rəyini nəzərə alaraq qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində cərimə meydançasına yerləşdirilmiş avtomobilin itirilmiş dəyərinin əvəzi olaraq 425 manat məbləğində pul iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçıların digər tələbi isə avtomobilin qanunsuz olaraq duracağa yerləşdirilməsi nəticəsində iddiaçıların ayrı-ayrılıqda bağladığı müqavilələrə əsasən aylıq 800 manat icarə haqqı və 400 manat əmək haqqı olmaqla dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, ididaçılar avtomobilə dair İddiaçı1lə icarə müqaviləsinin bağlanması və həmin müqavilə üzrə icarəyə götürənlə İddiaçı2 əmək müqaviləsi bağlamaqla sürücü kimi fəaliyyət göstərməsini əsas gətirərək əldən çıxmış faydanı tələb etsələr də, bu halları sübut edə bilmirlər. Belə ki, iddiaçılar xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətini məhkəməyə təqdim etsələr də, həmin müqavilə əsasında hansı hərəkətlərin edilməsi, öhdəliklərin hansı qaydada və nə dərəcədə icra edilməsi, həmçinin digər İddiaçı2 sürücü kimi işə qəbul edilməsi ilə bağlı sübutları – ödəniş qəbzləri, hesabat sənədlərini və s. məhkəməyə təqdim etməmişlər. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi isə ziddiyyətli olmaqla, istinad edilən mənbələr dəqiq göstərilmədiyindən sübut olaraq qəbul edilə bilməz. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəylə isə müvafiq materiallar iddiaşı tərəfindən təqdim edilmədiyindən əldən çıxmış faydanın hesablanması mümkün olmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə sübut olunmadığından təmin edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X4 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. İddiaçılar eyni zamanda mənəvi zərərə görə 15.000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. İşin faktiki hallarından məlumdur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində 4 il müddətində avtomobil əsassız olaraq dayanacaqda qalmışdır. Bu müddət ərzində iddiaçıların hüquqlarını müdafiə etmək məqsədilə dəfələrlə məhkəmə şikayətlə müraciət etməsi, avtomobilə maddi ziyan vurulması isə onu deməyə əsas verir ki, iddiaçılarən mənəvi sarsıntı keçirməsi istisna edilmir. Lakin iddiaçılar bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq qeyd edir ki, iddia tələbi mənəvi zərərin tutulması ağlabatan hissədə qismən – 500 manat məbləğində təmin edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə itirilmiş dəyərinin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, cəmi 955 (doqquz yüz əlli beş) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən “QAZ 33021” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə itirilmiş dəyərinin əvəzi olaraq 425 (dörd yüz iyirmi beş) manat, mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat olmaqla, cəmi 955 (doqquz yüz əlli beş) manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-11/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-11/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver