Məhkəmə qərarları › İş №2(004)-1101/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1101/2021

27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1101/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2, ev 9, 10 saylı mənzilin hamam otağının ilkin texniki-layihə göstəricilərinə uyğyun təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və vurulmuş 3000 manat mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus mənzilin üst mərtəbəsində, yəni 12 saylı mənzildə yaşayan Cavabdeh mənzilindən mütəmadi olaraq, mənzilinin hamam otağına su axıdılır. Nəticədə hamam otaqı istifadə üçün yararsız hala salınır. Tərəfindən dəfələrlə irad bildirilmiş, lakin heç bir müsbət nəticə olmamışdır. Dəfələrlə 188 saylı MTK İdarə heyətinin sədri Şakir Manafova birgəyaşayış qaydasının pozulması ilə bağlı müraciət etmiş, nəticə müsbətə dəyişməmişdir. Qonşuluğunda yaşayan Cavabdeh yol verilməz hərəkətləri nəticəsində mənzilin hamam hissəsinə çox ciddi maddi ziyan dəymişdir, tavan hissəsində uçmaq təhlükəsinin göstəricisi kimi armatur şəbəkəsi görsənir, demək olar ki, beton qatı dağılmış vəziyyətdədir. Cavabdeh açıq şəkildə ona maddi ziyan vurmaqdan çəkinmir, iradlarını eşitmək istəmir, ona maddi və mənəvi zərər vurmaqda davam edir. Hesab edir ki, cavabdehin hesabına texiniki-tikinti ekspertizası aparılmalı, vurulan maddi zərərin miqyası qiymətləndirilməli, ödənilməli və ya aradan qaldırılmalıdır. İddiaçı məhkəmə prosesinin gedişatında əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə verərək, Cavabdeh əsl cavabdeh X4 ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı iddia etmişdir ki, cavabdeh X2 mənzilindən su sızması nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2, ev 9, 10 saylı mənzil İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 2, ev 9, 12 saylı mənzil isə cavabdeh X2 mülkiyyətlərindədir. 188 saylı MTK-nın sədri tərəfindən verilmiş 04.03.2021-ci il tarixli arayışdan görünür ki, Yasamal rayonu, Y.Yasamal 2, ev 9, 10 saylı mənzilə üst mərtəbədəki X3 məxsus mənzildən su axması nəticəsində iddiaçıya ziyan vurulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/952 saylı, 21.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu Y.Yasamal 2, ev 9, 10 saylı mənzilində aparılmış baxış zamanı müşahidə olunan qüsurların su sızmaya aid olduğu və həmin qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 497 manat məbləğində olduğu müəyyən edilir. Göründüyü kimi, cavabdeh X4 tərəfindən İddiaçı 497 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, maddi ziyan olaraq, cavabdeh X1 1844 manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın tutulması hissəsində qismən təmin edilməsini nəzərə alıb hesab edir ki, “dəymiş mənəvi zərərin əvəzi olaraq 15000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul cavabdehdən tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyan olaraq, 497 (dörd yüz doxsan yeddi) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdeh X1 tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar