Məhkəmə qərarları › İş №2(004)-1119/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1119/2021

04.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi z
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1119/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı " əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair " iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 18.11.2020-ci il tarixli, N020/460 saylı əmrinin ləğv edilməsi, “Taxtabənd işləri üzrə Supevayzer” vəzifəsinə işə bərpa, cavabdehdən onun xeyrinə 18.11.2020-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə 4500 manat məbləğində orta aylıq əmək haqqının, 5.000 manat maddi və 5.000 manat mənəvi ziyana görə pulun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh “Cavabdeh" MMC-nin 18.11.2020-ci il tarixli, N020/460 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) ləğv edilmişdir. Həmin əmri əsassız və qanunsuz hesab edir. Belə ki, 01.03.2001-ci ildə "Xəzərdənizqazmatikinti” trestində əmək fəaliyyətinə başlamış, 20.05.2013-cü ildə Cavabdeh MMC-yə taxtabənd işləri üzrə briqadir vəzifəsinə işə qəbul edilmişdir. 01.10.2015-ci il tarixində həmin şirkətdə taxtabənd işləri üzrə supevayzer vəzifəsinə təyin olunmaqla vəzifədə irəli çəkilmişdir. Himayəsində həyat yoldaşı və 3 azyaşlı övladı var. Cəmiyyətin 24.08.2020-ci il tarixli, N020/304 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən ləğv olunmuşdur. Karantin qaydlarının pozulmasına görə. Cəmiyyətə qarşı həmin əmrin ləğv edilməsi, işə bərpa barədə, cavabdehdən onun xeyrinə 24.08.2020-ci il il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi iş buraxmaya görə 4500 manat məbləğində orta aylıq əmək haqqının, normadan artıq işə görə 51 576 manat pulun, gecə vaxtı yerinə yetirilən işə görə 29 568 manat pulun, 5.000 manat maddi və 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 10. 000 manat pulun tutulması barədə iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2020-ci il il tarixliı, 2(004)-4546/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apelyasiya şikayəti hazırda Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Qeyd olunan əmək mübahisəsinə baxılarkən, “cavabdehin 04.09.2020-ci il tarixli, 020/331 saylı əmri ilə yuxrdıa qeyd olunan əmr ləğv edilmiş və işdən çıxdığı gündən işə bərpa olunan günə qədər orta aylıq əmək haqqının ödənilməsi qərara alınmışdır. Hesab edir ki, qeyd olunan iddia ərizəsi üzrə məhkəmə prosesi davam etdiyindən və bu əmək mübahisəsi üzrə mülki iş hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, yəni yekun məhkəmə qərarı olmadığından, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz və əsassızdır. Cavabdeh 3 aydan az müddətdə əvvəlcə karantin qaydalarını pozmaqla əlaqədar onu işdən azad etmiş, sonradan əmrin qanunsuz olduğunu qəbul edərək bu əmri ləğv etmiş, onu işə bərpa etmiş, sonra BP Eksploreyşn (Kaspian Si) Limited, Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iradına görə, onun bu şirkətin layihələrinə cəlb olunmayacağını əsas tutaraq, ona dənizdən quruya keçməsini təklif etmiş və daha az maaşlı iş təklif etmişdir, daha sonra isə əmək müqaviləsini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b ” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) ləğv etmişdir. Onların təklif etdikləri iş tam fərqli idi, onu Cavabdeh şirkətində Neft Emalı zavodunda taxtabənd işləri üzrə briqadir köməkçisi vəzifəsinə, yəni fəhlə vəzifəsinə keçirməyi təklif edirdilər. Əvvəlki əmək haqqı 3500 manat və ondan çox olurdu, necə 800 manatlıq quruda olan fəhlə işi ilə razılaşa bilərdi ki, qəbul etməmişdir. Qeyd olunanlar açıq şəkildə təsdiq edir ki, cavabdeh ona qarşı qərəzli olmuş, hansı yollarla olursa olsun əmək müaviləsinin ləğv edilməsini qarşısına məqsəd qoymuş, qanuni əsaslarla bunu həyata keçirə bilmədiyindən qanunsuz üsullardan da çəkinməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Lakin, əmək müqaviləsinin ləğv edilməsi barədə 18.11.2020-ci il tarixli, N020/460 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə) ləğv edilməsi sadə bir əsas və ya əmr (məsələn: əmək müqaviləsinin müddətinin qurtarması, işçinin öz xahişi ilə Əmək müqaviləsinin ləğv edilməsi əsası və sair) deyildir və yalnız qərar hissəsindən ibarət olmamalıdır. Belə ki. bu barədə olan əmr və işdən azad olunma müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir. Göstərilən əsasdan da bu əmr qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi rilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Hesab edir ki, "Cavabdeh” MMC-nin əmri o əsasdan da qanunsuzdur ki, bu əmrdə ştatların ixtisarı və işdən azad olunması əsaslandırılmayıb, ümumi sözlərdən istifadə edilməklə yalnız qərar hissəsindən ibarətdir. Cavabdeh müəssisə tərəfindən ştatların ixtisarı və işçilərin sayının azaldılması ilə bağlı əvvəlcədən əsaslandırılmış əmr tərtib olunmamış, ixtisarların zəruriliyi əsaslandırılmamış. Şirkət üzrə ixtisarların hansı sahə və struktur bölmələri üzrə aparılması göstərilməmiş, bu ixtisarların hansı peşə və ixtisaslara şamil edilməsi göstərilməmiş, neçə nəfər işçinin sayının azaldılması və ya ştatının ixtisarı göstərilməmiş və əsaslandırılmamış, ştatların ixtisarı və işçilərin sayının azaldılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. Cavabdeh MMC-də onunla eyni vəzifədə 40 nəfərdən artıq işçi işləyir. Nədənsə hu ixtisarlar digər işçilərə deyil, yalnız ona şamil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin l-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyala keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşində bu qədər yüksək göstəricilərinin, peşəkarlığının və iş təcrübəsinin olmasına baxmayaraq, cavabdeh müəssisə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlığı aşağı olan işçiləri işdə saxlayaraq, onun tutduğu vəzifəni qanunsuz olaraq ixtisar etmişdir. Qeyd olunan faktlar məhkəməyə tədirn eldiyi sənədlər də təsdiq edir. Əgər peşəkarlığı yüksək olmasaydı. İşəgötürən tərəfindən bu yüksək vəzifəyə irəli çəkilməz və mükafatlandırılmazdı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara. Məhkəməyə təqdim etdiyi sənədlər də təsdiq edir ki, 16 yaşınadək 3 azyaşlı övladı var. Lakin ixtisarlar aparılarkən Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin tələblərinə də əməl edilməmişdir. Göstərilən əsasdan bu əmr qanunsuzdur və məhkəmə qaydasında ləğv edilməlidir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X5 iddiaçının izahatında göstərdiklərini müdafiə edərək göstərmişdir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin bir çox müddəaları kobud şəkildə pozulmuşdur. Karantin qaydasının pozulması əmək qanunvericiliyi ilə tənzimlənmir və iddiaçıya cərimə şəklində inzibati tənbeh tətbiq edilə bilərdi. Həmçinin karantin qaydalarının pozulması halı iş yerində baş verməmişdir və əmək qanunvericiliyinin pozulmasından söhbət gedə bilməzdi. Odur ki, iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, əgər iddiaçıya qarşı qərəz olsa idi, birinci dəfə işə bərpa olunmazdı, əmr ləğv olunmazdı. Digər tərəfdən iddiaçı taxtabənd işləri üzrə supervayzer vəzifəsi üzrə işə bərpa edilmiş və bununla əlaqədar olaraq iddiaçıya məktub göndərilmiş və 07.09.2021-ci il tarixdən öz vəzifələrinin icrasına davam etməli olduğu ona bildirilmişdir. Daha sonra Cavabdeh MMC tərəfindən yaranmış istehsalat zərurəti ilə əlaqədar olaraq İddiaçı 23.09.2021-ci il tarixli məktubla başqa işə keçirilmək təklif olunmuş, qeyd olunan iş onun tərəfindən qəbul edilməmiş, 08.10.2020-ci il tarixdə ona rəsmi bildiriş verilərək 18.11.2020-ci il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə iddiaçının izahatına cavab olaraq qeyd etmişdir ki, iddiaçı ilə eyni vaxtda daha 1 nəfər, X2 da ştat vahidi üzrə ixtisar olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin baş direktoru X6 ilə İddiaçı arasında 01.05.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən işçi taxtabənd işləri üzrə supervayzer vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 1 il müddətinə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış 17.09.2020ci il tarixli məktubdan görünür ki, iddiaçıya karantində olduğu müddət ərzində oteli tərk etməsi, bununla da karantin qaydalarının pozuntusuna yol verməsi, belə olan halda, bundan sonra Cavabdeh şirkətinin müştərisi olan BP Exploratıon (Caspian Sea) Ltd. şirkətinin idarə etdiyi layihəyə tutduğu vəzifə (və hər hansı digər vəzifə üzrə) işə cəlb olunmasının qeyri-mümkün olduğu, hazırda şirkətin cəlb olunduğu digər layihələrdə əlavə taxtabənd işləri üzrə supervayzerin işlərə cəlb olunmasına zərurət olmadığı bildirilmiş, bununla bağlı əməyin təşkilində müvafiq dəyişikliklərin edilməsi zərurətini nəzərə alaraq, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, ona 21.09.2020-ci il tarixdən etibarən əmək müqaviləsinin qüvvədə olma müddəti ərzində Cavabdeh şirkətində Neft Emalı zavodunda taxtabənd işləri üzrə briqadir köməkçisi vəzifəsinə keçirilməsi (başqa işə keçirmə) təklif edilmiş, təklifə 2 iş günü ərzində yazılı şəkildə münasibətini bildirməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin İddiaçı ünvanlanmış 08.10.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçıya Cavabdeh şirkətində Neft Emalı zavodunda taxtabənd işləri üzrə briqadir köməkçisi vəzifəsinə keçirilməsi (başqa işə keçirmə) təklif edilməsinə baxmayaraq, o, təklifə heç bir münasibət bildirməmiş və işə çıxmamışdır. Qeyd edilənləri nəzərə alaraq bildirilmişdir ki, onunla bağlanmış Off/SCO 160/3041 saylı 01.05.2017-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (b) maddəsinə əsasən, tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı ilə əlaqədar, 19.11.2020-ci il tarixdə ləğv ediləcəkdir. Müqavilənin ləğvinədək və ləğvi zamanı Azərbaycan Respublikasının əmək qanunvericiliyinin bütün müvafiq qaydalarına riayət olunacaqdır. Xəbərdarlıq müddəti ərzində (bu bildiriş təqdim edildiyi tarixdən) iş axtarmaq məqsədilə əmək funksiyalarının icrasından tamamilə azad olunur və bu səbəbdən işə çıxması tələb olunmur. Məlumat üçun bildirilmişdir kı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-cı maddəsinin 4-cü bəndinə əsasən işçinin razılığı ilə 6 həftə əvvəl xəbərdarlıq müddəti əvəzinə ona orta aylıq əməkhaqqının 1,4 misli bir dəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu abzasın birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 020/374/2 saylı, 07.10.2020-ci il tarixli ştat vahidlərinin ixtisan haqqında əmrdən görünür ki, ştat cədvəlində iddiaçının işlədiyi taxtabənd işləri üzrə baş superintendent vəzifəsi və X1 işlədiyi taxtabənd işləri üzrə supervayzer vəzifəsi üzrə ştat ixtisar edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 18.11.2020-ci il tarixli, N020/460 saylı “əmək müqaviləsinin ləğv olunması haqqında” əmrindən görünür ki, Cavabdeh» MMC-də taxtabənd işləri üzrə supervayzer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış off/0160/3041 saylı 01.05.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən və Məcəllənin 77-ci maddəsinin 1-3-cü hissələrində nəzərdə tutulmuş qaydada 19.11.2020-ci il tarixdən etibarən xitam verilməsi. əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar bu əmrin surətinin, işçinin əmək kitabçası və son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ışdənçıxarma müavinəti də daxili olmaqla) sonuncu iş günü işçiyə təqdim edilməsi əmr edilmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqının tutulması, maddi və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək. 2-ci bəndinə əsasən, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmənin gəldiyi qənaətə görə, hazırda iddiaçı müvafiq əmrin qanunsuzluğuna istinad edib onun ləğv edilməsini iddia etsə də, məhkəmə qeyd edir ki, iddiaçı hüquqlarının pozulduğunu sübut edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi baradə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar