Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4428/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı işə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmrinin ləğv edilməsi, onun Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində məktəbin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən azad olunduğu tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdehdən 7000 manat maddi ziyanın, 10000 manat məbləğində mənəvi ziyanın və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1999-2000-ci tədris illərində Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində ibtisadi sinif müəllimi, 2002-ci ildən həmin məktəbdə məktəb psixoloqu vəzifəsində çalışmış, xx.xx.2015-ci ildən isə həmin məktəbdə yüksək balla müsabiqədən keçərək, məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə fəaliyyəti ilə bağlı olaraq xəbərdarlıq, töhmət və ya hər hansı bir başqa intizam tənbehi verilməmişdir. İşlədiyi kollektivdə və tabeçiliyində olduğu təşkilatlarda böyük nüfuz və hörmətə malik olmuş, peşəsinə, yüksək müəllim adına şərəflə xidmət etmişdir. Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin binası qəzalı olduğundan müvəqqəti olaraq məktəbin şagird və işçi heyəti təmirsiz olan başqa bir ünvana köçürülmüşdür. Direktor vəzifəsində işlədiyi dövrdə dəfələrlə məktəbdə tədris və təlim-tərbiyə işinin təşkili, maliyyə-təsərrüfat fəaliyyəti yoxlanmış və heç bir pozuntu aşkar edilməmişdir. Məktəbin keçmiş psixoloqu X1 şikayəti əsasında son dərs günü - xx.xx.2022-ci il tarixdə Qazax-Tovuz Regional Təhsil İdarəsindən yoxlama gəlmiş, şikayətçi 2021-ci ilin sentyabr ayında əmək funksiyalarını yerinə yetirmədiyinə və diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində olmadığına görə işdən azad edilmişdir. İdarənin əməkdaşı həmin şikayəti yoxlamaq adı altında məktəbdə başqa xırda nöqsanları əsassız olaraq şişirtmiş, ondan direktor müavinlərini işdən çıxarmağı, özünün isə “öz ərizəsi” ilə işdən çıxmasını tələb etmişlər. Son nəticə barədə hər hansı bir sənəd (arayış) təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə hər hansı bir əmr təqdim edilmədən direktor vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən kənarlaşdırıldığı bildirilmiş, Şəmkir Təhsil Sektorunun aparıcı məsləhətçisi və məktəbin təsərrüfat müdiri ondan möhür, ştamp və məktəbin sənədlərini təhvil almışdır. O, Həmkarlar İttifaqının üzvüdür, işdən çıxarılması ilə bağlı məsələnin müzakirə olunması üçün Həmkarlar İttifaqı tərəfindən hər hansı bir iclasa çağırılmamış və ona ittifaqın qərarı da verilməmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ərizə ilə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətinin, əmək kitabçasının əslinin, həmçinin həmin əmrin qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən yaradılmış komissiyanın iştirakı ilə məktəbdə yoxlama aparıldığını, yoxlama zamanı aşkar olunmuş nöqsanlar nəzər alınaraq bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini bildirmişdir. Lakin bügünə kimi işdən azad olunmağı barədə hər hansı bir əmr, onun əmək kitabçası,əmrin qəbulu üçün əsas olmuş sənədlər təqdim edilməmiş və işdən azad olunması ilə bağlı onunla son haqq-hesab da aparılmamışdır. Müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi,ailə vəziyyəti nəzərə alınmamış, əmək müqaviləsinə xitam verilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş ən sərt tənbeh tədbiri seçmişdir. 2000-ci ildən müəllim kimi fəaliyyət göstərən, ötən müddət ərzində hər hansı intizam tənbehi almayan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması düzgün, ədalətli seçilmiş tənbeh tədbiri deyildir. Lakin işəgötürən ƏM-in 187-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş normaya əməl etməyərək, intizam tənbeh tədbirini xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan təxminən 3 ay sonra tətbiq etmiş, xx.xx.2022-ci il tarixdə məktəbin möhürü, ştampı və digər sənədləri təhvil alınmışdır. Nəticə etibarilə cavabdeh həmin normanı pozaraq əmək qanunvericiliyində nəzərdə tutulmuş birbaşa ən ciddi tənbeh növünü, yəni əmək müqaviləsinin, ƏM-in 70-ci maddəsinin “ç” bəndini tətbiq etməsi ədalətli və qanuni deyildir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsinə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-948 saylı əmrinin ləğv edilməsi, onun Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbində məktəbin direktoru vəzifəsinə işə bərpa edilməsi, işdən azad olunduğu tarixdən işə bərpa olunan günə qədər məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi və mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat xərcin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Təhsil Nazirliyinin xx.xx.2015-ci il tarixli 11/249 nömrəli əmri ilə Zəyəm qəsəbə Ə.Cəmil adına tam orta məktəbində direktor vəzifəsinə təyin edilmişdir; Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 65 saylı əmrinin surətindən görünür ki, Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin fəaliyyətinin yoxlanılmasını təmin etmək üçün komissiya yaradılması əmr edilmişdir; Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavininə Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanmış məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə kənd tam orta məktəbində aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən Şəmkir rayonu uzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına ünvanladığı təqdimata baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, təqdim olunmuş təqdimat Şəmkir rayonu üzrə Təhsil Regional Təhsil İdarəsinin arayışında göstərilən maddələr üzrə nöqsanları nəzərə alaraq, Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatı təqdimatın təmin edilməsini qərara almış, Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru İddiaçı Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi uçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz etməmişdir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmrinin surətindən görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyələrindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir; Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əsaslandırmadan görünür ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayon Zəyəm qəsəbə Ə. Cəmil adına 1 saylı tam orta məktəbdə aparılmış yoxlama nəticəsində əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Məktəbin direktoru İddiaçı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyətlərindən sui-istifadə etdiyinə, maliyyə pozuntusu hallarına yol verdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir; xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, möhür, ştamp və məktəb sənədləri məktəbin sabiq direktoru İddiaçı təhvil alınaraq, məktəbin təşkilatçı müavini X3 təhvil verilmişdir; AR Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin 27 iyun 2022-ci il tarixli əmrinin surətindən görünür ki, Zəyəm qəsəbə 1 nömrəli tam orta məktəbinin direktoru İddiaçı 01 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək əmək məzuniyyətinə buraxılmışdır; AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ünvanladığı sorğuya cavabından görünür ki, Şəmkir rayonu Zəyəm qəsəbə Əhməd Cəmil adına tam orta məktəbin sabiq direktoru İddiaçı və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı AR Elm və Təhsil Nazirliyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material üzrə araşdırma aparılmış və cinayət əlamətləri olan faktlar müəyyən edilməmişdir; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; Ödəniş qəbzinin surətindən görünür ki, 6 saylı mediasiya təşkilatının hesabına 50 manat məbləğində pul ödənilmişdir; Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, Şəmkir rayon təhsil şöbəsi üzrə Həmkarlar İttifaqının sədri vəzifəsində çalışır. 10 iyun 2022-ci il tarixində Ülviyyə xanımın direktor işlədiyi məktəbdə yoxlama aparılmışdır. Regional təhsil idarəsi rəy verilməsi ilə bağlı onlara müraciət etmişdir. O isə 31 avqust 2022-ci il tarixində yoxlamada iştirak etmədiyi, eyni zamanda yoxlama zamanı ciddi qanun pozuntularının aşkar edilmədiyini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi barədə rəy tərtib edərək, Regional təhsil idarəsinə göndərmişdir. Onlar isə həmin rəy ilə razılaşmayaraq, Ülviyyə xanımın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı yenidən təqdimat göndərdilər. O əvvəlki tarixə iclas keçirərək, protokol tərtib edə bilməməsinə və təkbaşına rəy vermək hüququnun olmamasına baxmayaraq həmin təqdimata uyğun rəy vermək məcburiyyətində qaldı. Çünki onlar ilk rəyin müsbət olacağını düşünmürdülər. Daha sonra ilk rəyi qəbul etməyərək, təqdimat göndərmələri və həmin təqdimata uyğun rəy verilməsinə məcbur edilməyi barədə Korrrupsiyaya qarşı Mübarizə İdarəsinə də izahat vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, Ülviyyə xanımın əvvəl direktoru olduğu məktəbin fiziki tərbiyə müəllimi kimi işləyir. Orta təhsilli olduğu üçün orta siniflərə dərs tədris edirdi. Lakin 9 və 10-cu siniflər könüllü olaraq fiziki tərbiyə dərsini onlara tədris etməyini xahiş etmişlər. O isə digər fiziki tərbiyə müəllimi ilə razılığa gələrək, Ülviyyə xanıma yaxınlaşmış və şagirdlərin istəyinin nəzərə alınmasını, həmin dərslərin onun tərəfindən tədris edilməsini xahiş etmişdir. Qanunvericilikdə şagirdlərin istəyi ilə belə halların mümkün olduğu qeyd edilir. Ülviyyə xanım da bunu nəzərə alaraq həmin dərslərin onun tərəfindən tədris edilməsinə icazə vermişdir. Yoxlamanı həyata keçirən xanım icazə versəydi, ona da bütün bunları izah edəcəkdi. Lakin xanım qərəzli şəkildə yoxlama apardığı üçün onlarla çox aqressiv danışmış və qeyd edilən məsələlərlə bağlı izahat verməyinə icazə verməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirmişdir ki, Ülviyyə xanımın əvvəl direktoru olduğu məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. Yoxlama aparıldığı zaman tədris işləri ilə bağlı bir neçə iradlar bildirilmiş, lakin bütün bu iradlar əsassız olmuşdur. Bütün bu iradlarla bağlı qanunvericiliyin tələblərini qeyd edərək, yoxlama aparan şəxsə izahat vermişdir. Tutulan iradlardan da aydın olur ki, həmin yoxlama qərəzli şəkildə həyata keçirilmişdir. Məktəbin binası təmir üçün dayandırılmışdır. Bu səbəbdən də dərslər başqa məktəbin yardımçı binasında keçirilirdi. Yoxlama gəldiyi zaman son zəng günü idi və tədris ili yekunlaşırdı. Onların qeyd etdiyi dərnək jurnalı sadəcə bir gün, həmin gün üçün yazılmamışdır. Bunun səbəbi isə son zəng günü olduğu üçün müəllimlərin son zəng tədbiri ilə məşğul olmasıdır. Həmin dərnəyin keçirilməsi qeyrimümkündür. Yoxlamanı aparan xanım qərəzli olaraq jurnalın bir ildir ki, doldurulmadığını qeyd etmişdir. Lakin jurnal sadəcə həmin gün doldurulmamışdı. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Şəmkir rayonu Zəyəm qəsəbə Ə.Cəmil adına 1 saylı tam orta məktəbin direktoru vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsi aparılmış yoxlamalara əsasən vəzifə səlahiyyələrindən sui-istifadə edilməsinə, əmək müqaviləsi üzrə öhdəliklərin və vəzifə funksiyalarının yerinə yetirilməməsinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq, həmkarlar təşkilatının razılığının alınmaması, əmək müqaviləsi ləğv edilərkən intizam tənbehinin verilməsi üçün müəyyən edilmiş müddətlərin pozulması və əmək qanunvericiliyinin bir sıra tələblərinə əməl edilməməsinə əsaslanaraq əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ödənilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-in 70-ci maddəsində göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin üzərinə mühüm vəzifələr qoymuşdur. ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. İddia tələbinin hüquqi əsaslarından biri kimi çıxış edən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İlk növbədə qeyd olunmalıdır ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməzdən əvvəl işəgötürənin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş əsas vəzifələrindən biri müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasıdır. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməlidir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Ümumiyyətlə, həmkarlar ittifaqları təşkilatları (birlikləri) əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçilərin könüllü birləşib yaratdıqları nizamnamə və müvafiq qanunvericilik əsasında fəaliyyət göstərən işçilərin nümayəndəli orqanıdır. Belə ki, özlərinin hüquqlarını, qanuni mənafelərini müdafiə etmək məqsədi ilə işçinin, işəgötürənin, əmək kollektivinin, həmkarlar ittifaqları təşkilatının fərdi və ya kollektiv əmək mübahisəsi aparmaq hüququ vardır. Bu hüququn həyata keçirilməsi yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər (Əmək Məcəlləsinin 3-cü maddəsinin 12-ci hissəsi və 18-ci maddəsinin 1-ci hissəsi). Əmək Məcəlləsinin “həmkarlar ittifaqı” adlanan 19-cu maddəsinə uyğun olaraq, işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir. Adıçəkilən Qanunun 5-ci maddəsinə görə, həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər. Hazırki işdən göründüyü kimi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini tərəfindən Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına məktəbdə aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən təqdimat ünvanlanmış və təqdimata cavab olaraq Həmkarlar təşkilatının sədri Z.Əhmədova tərəfindən bildirilmişdir ki, təqdim olunmuş təqdimata Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatında baxılmış və müzakirə zamanı məlum olmuşdur kı, Regional Təhsil İdarəsinin məktəbdə apardığı monitorinqə əsasən qanun pozuntusu aşkar olunmuşdur. Regional Təhsil İdarəsinin arayışında göstərilən maddələr üzrə nöqsanları nəzərə alaraq, Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatı təqdimatın təmin edilməsini qərara almış, Şəmkir rayon Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəbinin direktoru İddiaçı Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-c hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehinin verilməsi - əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi uçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilməmişdir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatının sədri Z.Əhmədova bildirmişdir ki, 10 iyun 2022-ci il tarixində Regional təhsil idarəsi rəy verilməsi ilə bağlı onlara müraciət etdikdə yoxlama zamanı ciddi qanun pozuntularının aşkar edilmədiyini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi barədə rəy tərtib etmiş və Regional təhsil idarəsinə göndərmişdir. Onlar isə həmin rəy ilə razılaşmayaraq, Ülviyyə xanımın əmək müqaviləsinə Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı təqdimat göndərdiklərini, onun isə məcbur qalaraq əvvəlki tarixə formal olaraq heç kimin iştirakını təmin etmədən (təkbaşına) güya iclas keçirildiyini qeyd etməklə həmin təqdimata uyğun rəy vermək məcburiyyətində qalmışdır. Əmək Məcəlləsinin 309-cu maddəsinə müvafiq olaraq isə işçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları tərəfindən həyata keçirilir. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir. Əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə (qeyd olunan əsaslarla) ləğv edilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmaması, müvafiq tələbə formal yanaşılması isə daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Əmək Məcəlləsi ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət müəyyən edən 310-cu maddəyə əsasən istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci hissəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Beləliklə, iş materiallarından və şahid ifadələrindən göründüyü kimi, işçi ilə əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda, müvafiq razılıq qanunla müəyyən edilmiş qaydada alınmamışdır. Belə ki, ilk dəfə verilmiş rəydə iddiaçının fəaliyyətində ciddi qanun pozuntuları olmadığı nəzərə alınmaqla müvafiq tədbir görülməsinə etiraz etmədikləri göstərilmişdir. Sonradan həmkarlar ittifaqı təşkilatının rəyi dəyişdirilmiş, geri tarixə iclas keçirildiyi kimi qeyd edilmiş, əslində isə iclas keçirilmədən, iddiaçının çağırılıb izahatı alınmadan həmkarlar təşkilatının sədri tərəfindən razılıq verilmişdir. Lakin bu razılıq qanunun tələblərinə əməl edilmədən formal verildiyindən işəgötürən tərəfindən öz vəzifəsinin yerinə yetirilmiş hesab edilməsi üçün əsas hesab edilə bilməz. Bu hallar öz əksini (işdən azad edilməsi ilə bağlı hər hansı bir iclasın keçirilməməsi və s.) həmkarlar təşkilatının sədri şahid qismində dindirilərkən verdiyi ifadələrində tapmışdır. Bunun əksini sübut etmək vəzifəsinin işəgötürənin üzərinə düşməsinə baxmayaraq o, həmin halları təkzib edəcək, eləcə də işçinin həmkarlar təşkilatının iclasında iştirak etməsini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, həmkarlar ittifaqının razılığının alınması işçinin işdən çıxarılması haqda müvafiq əmr verildikdən sonra deyil, həmin əmrə qədər qanunla müəyyən edilmiş qaydada həyata keçirilməli və sənədləşdirilməli, işdən çıxarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunmalı, işçi həmin iclasin yeri və vaxtı barədə məlumatlandırılmalı və iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, həmkarlar ittifaqının üzvü olan işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilərkən əmək qanunvericiliyinin 80-cı maddəsi ilə müəyyən edilmiş imperativ tələblərə əməl edilmədiyindən, əmək müqaviləsinin ləğv edilməsi ilə əlaqədar həmkarlar ittifaqının fəaliyyətinə müdaxilə edildiyindən və müvafiq rəy qanunla müəyyən edilmiş qaydada alınmadığından, bu hal isə öz növbəsində Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına ictimai nəzarət qaydalarının və işçinin hüquqlarının pozulması ilə nəticələndiyindən iddia təmin edilməli, əmək müqaviləsinin ləğvi barədə əmr qanunsuz hesab olunmalı və o, əvvəllər tutduğu “direktor” vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. İddiaçının iddia ərizəsində göstərdiyi digər dəlillər, işçi işdən azad olunarkən əmrin, əmək kitabçasının, əmrin qəbuluna əsas olmuş sənədlərin təqdim edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Cavabdehin nümayəndəsinin izahatına əsasən müvafiq sənədlər əmək müqaviləsinə xitam verildiyi gün işçiyə təqdim olunması üçün regiona göndərilmiş, bu səbəbdən həmin sənədlərin təqdim edilməsində gecikmələr olmuşdur. İddiaçının nümayəndəsi isə məhkəmə prosesi dövründə həmin sənədləri əldə etdiklərini bildirmişdir. İddiaçının digər dəlili, intizam tənbeh tədbirinin xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan təxminən 3 ay sonra tətbiq edilməsi ilə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Cavabdehin nümayəndəsi isə direktorun 01 iyul 2022-ci il tarixindən 29 avqust 2022-ci il tarixinədək məzuniyyətdə olması, məzuniyyətdən qayıtdıqdan sonra, xx.xx.2022-ci il tarixdə əmrin verildiyini bildirmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarına görə, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin iddia tələbi mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmr ləğv edilməli, İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Zəyəm qəsəbə Ə.Cəmil adına tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilməli və ona xx.xx.2022ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, K-948 nömrəli əmr ləğv edilsin. İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən əvvəllər tutduğu Zəyəm qəsəbə Ə.Cəmil adına tam orta məktəbində “direktor” vəzifəsinə bərpa edilsin və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4428/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4428/2022
29.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi z
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver