Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1129/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” X1rşı “istehlakçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxx” X1rşı “istehlakçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ödənilmiş 358 manat məbləğin, 20 manat məbləğində dövlət rüsumunun və vurulmuş mənəvi ziyana görə təzminatın “xxxxxxxxxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin iyun ayında 3-cü mikrorayon dairəsində yerləşən “xxxxxxxxxxx” MMC-nin X3 Şəbəkəsindən “qızıl zəmanətlə” dövlət qulluqçusu kimi satış qiyməti 950 manat olan 1 ədəd “Hoffman” markalı məişət kondisioneri almış (kreditlə 18 ay müddətinə ayda 50 manat ödəmək şərti ilə) və həmin kondisioner qızı Əliyeva Sevincin icarəyə götürdüyü gözəllik salonunda cavabdehə məxsus satış müəssisəsinin servis xidmətinin işçiləri tərəfindən quraşdırılmışdır. 2018-ci ilin dekabr ayında gözəllik salonu fəaliyyətə başlayan zaman həmin kondisioneri işə saldıqda onun istilik vermə rejiminin istismara tam yararsız olduğu onlara məlum olmuş və bu barədə cavabdehə və ona məxsus satış müəssisəsinə məlumat verilmişdir. Satış müəssisəsinin servis xidmətinin işçiləri gəlib araşdırmış və şifahi olaraq bildirmişlər ki, bu avadanlıq mühüm qüsurludur və heç vaxt normal işləyə bilməz. Buna görə də o, 2019-cu ilin fevral ayından kredit ödənişini dayandırmışdır. Həmin vaxta qədər artıq 358 manat ödəmişdir. O, dəfələrlə cavabdehə müraciət etsə də, nə avadanlıqda olan qüsur aradan qaldırılmış, nə də ki onu yenisi ilə əvəz eləmişlər. Nəhayət, cavabdehin hüquq departamentində işləyən Ehtiram adlı şəxs bildirdi ki, gəlib həmin avadanlığı aparıb qiymətləndirəcəklər və onun ödədiyi pulu qaytaracaqlar. İyun ayının axırında həmin avadanlığı götürüb aparmış və bu günə qədər də cavabdeh tərəf onun ödədiyi məbləği qeri qaytarmaqdan boyun qaçırırlar. Bütün bunlar onu göstərir ki, cavabdeh tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin (Qüsuru ol istehlakçının hüquqları) tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı tərəfindən bu məsələnin həll edilməsi üçün etdiyi şifahi müraciətlərə cavabdehə məxsus satış müəssisəsinin işçiləri tərəfindən başdansovdu və məsələyə aidiyyəti olmayan cavablar verilmişdir. Nəticədə, cavabdehin təqsiri üzündən gözəllik salonu qış mövsümündə qızdırılmadığı üçün fəaliyyət göstərməmiş və üstəlik olaraq həmin dövr üçün icarədara 1400 manat icarə haqqı ödənilmişdir. Göründüyü kimi, cavabdeh şirkət qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, verdikləri “qızıl zəmanətə” əməl etməməklə, satdığı malın qüsurunu aradan qaldırmaq və yaxud da yenisi ilə əvəzləmək niyyətində olmadığından ona maddi və eləcə də mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, əgər iddiaçı avadanlıqda problem yaranan vaxt onun qaytarılmasını və ya yenisi ilə əvəz edilməsini tələb etsə idi, onun tələbi onlar tərəfindən təmin olunardı. Servis xidmətinin işçiləri araşdıraraq, avadanlığın mühüm qüsurlu olduğunu müəyyən etdikdə bu barədə rəy təqdim etməlidir. Bu zaman tərəfin malın dəyişdirilməsi və ya qaytarılması ilə bağlı müraciəti olduqda onun tərəfindən təmin olunmaması mümkün deyildir. İddiaçı müqavilədən birtərəfli qaydada imtina etmiş və ödənişləri dayandırmışdır. Belə olan halda tərəf ödənişləri etmədiyi üçün yaranmış problem aradan qaldırılması üçün aidiyyatı üzrə problemli kreditlər şöbəsinə yönəldilir və şöbənin əməkdaşları artıq malda texniki qüsurun olub-olmadığına baxmır. Bundan başqa xx.xx.2019-cu il tarixli texniki rəyə əsasən cihazda qüsur aşkar olunmadığı müəyyən olunmuşdur. Əgər cihazda qüsur olduqda onu ya anbarın ya da servisin əmakdaşları yerindən sökürlər. Əgər tərəf ödənişi etmirsə bu halda problemli şöbənin əməkdaşları tərəfindən avadanlıq yerində qiymətləndirilir və götürülür, müəyyən olunan qiymət onun borcundan çıxılır. Mübahisəli avadanlıq da sökülmüş və artıq iddiaçının adından çıxarılmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli Zəmanət talonundan görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən “Hoffman” markalı məişət kondisioner üçün İddiaçı İskəndər oğluna 3 illik zəmanət verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli texniki rəydən görünür ki, Hoffman kondisionerinə texniki baxış keçirilmiş və cihazda qüsur aşkarlanmamışdır. İş materiallarında olan 10/107 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xxxxxxxxxxx” MMCnin X3 Şəbəkəsindən “qızıl zəmanətlə” dövlət qulluqçusu kimi ayda 50 manat ödəmək şərti ilə, 18 müddətinə satış qiyməti 950 manat olan 1 ədəd “Hoffman” markalı məişət kondisioneri almış və həmin kondisioner qızı Əliyeva Sevincin icarəyə götürdüyü gözəllik salonunda cavabdehə məxsus satış müəssisəsinin servis xidmətinin işçiləri tərəfindən quraşdırılmışdır. Hazırda İddiaçı cavabdeh “xxxxxxxxxxx” X1rşı “istehlakçıya vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İş materiallarında olan 10/107 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatdan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadında qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmadığından ekspert rəy verilməsindən imtina etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli texniki rəydən görünür ki, Hoffman kondisionerinə texniki baxış keçirilmiş və cihazda qüsur aşkarlanmamışdır. Həmçinin iddiaçı ona hər hansı maddi və mənəvi ziyanın dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1129/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1129/2020
17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver