Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1143/2021 04.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı cavabdeh xxxx ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən maddi zərər olan 5000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun tutularaq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” ASC 22.02.2021-ci il tarixdə etiraz ərizəsi verərək İddiaçı cavabdeh xxxx ASC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, 11.02.2020-ci il tarixdə, saat 08.10 radələrində idarə etdiyi “Nissan Tida” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı istiqamətində Mərdəkan körpüsündə hərəkətdə olarkən idarəetmə itdiyindən avtomobili tam dayanma vəziyyətinə gətirmişdir, bu zaman həmin istiqamətdə hərəkətdə olan cavabdeh X6 idarə etdiyi “Nissan Sunny” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini vurmuş, avtomobil yolun kənarındakı maneəyə dəymiş, hadisə nəticəsində yüngül xəsarət almış, avtomobilinə isə maddi zərər dəymişdir. Hadisə ilə bağlı Xəzər RPİ-nin İŞ-də araşdırma aparılmış, araşdırma zamanı təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/304 saylı, 15.04.2019-cu il tarixli rəyinə görə X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Müstəntiqin 17.04.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda E.Musayevin barəsində AR İXM-nin 327.8-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Xəzər RPİ-nin DYPŞ-nə göndərilinəsi qərara alınmışdır. Xəzər rayon Məhkəməsinin qərarı ilə E.Musayev barəsində inzibati tənbeh tədbiri görülmüşdür. Hadisə zamanı hadisə yerində cavabdeh “xxxx” ASC-nin nümayəndəsi olmuş, onlar avtomobilə dəyən zərəri hesablamağa başlamışlar, lakin, sığorta şirkəti avtomobilə dəymiş real zərəri gizlətməyə, cüzi zərər qeyd edib cüzi sığorta məbləği ödəməklə kifayətlənməyə çalışmışlar. Belə ki, cavabdeh xxxx ASC əvvəlcə avtomobilə 1750 manat, sonra 2000, 2010 manat zərər dəyməsini bildirsələr də onların şikayətlərindən sonra guya ekspertiza keçirib, zərərin məbləğinin 2260 manat olmasına dair əsassız rəy almışlar. Bütün bu qanunsuzluqları xxxxnın əməkdaşı Mahir İsmayılov etmişdir. O, həmin rəylə razı deyil. Çünki, avtomobili “Z Z Motors Servis”də müayinədən keçirilmiş və avtomobilinə 5150 manat məbləğində maddi zərər dəydiyi müəyyən edilmişdir. Qeyd edir ki, avtomobili bu hadisəyədək zərbə görməmişdir, onun heç bir hissəsində rənginə belə əl dəyməmişdir, hadisə zamanı zərbə nəticəsində avtomobilin üz hissələri ilə yanaşı hərəkət hissələrinə də böyük zərbə dəymişdir, avtomobil hələ də təmir olunmamışdır, gələcəkdə təmir olunsa da əvvəlki saz vəziyyəti tam bərpa edilməyəcək, vurulmuş avtomobil kimi həmişə dəyərindən aşağı qiymətləndiriləcək. Sığorta şirkəti isə öz öhdəliyini yerinə yetirmir, vurulmuş zərəri tam həcmdə ödəməli olduğu halda öhdəliyinin icrasından yayınır. Sığorta şirkəti avtomobilə dəymiş zərəri tam ödəmədiyi üçün, sığorta hadisəsi üzrə ödəməli olduğu real zərəri ödəmədiyi üçün 10 aydır ki, avtomobili təmirsiz vəziyyətdə qalmışdır. Bu da onun dəyərinin günbə-gün düşməsinə səbəb olur. Bu hərəkətləri ilə sığorta təşkilatı ona mənəvi zərər vurur, o, onların real zərəri ödəməməsinə görə avtomobilini təmir etdirə bilmir, stres və əsəb gərginliyi keçirir, cavabdeh sığorta təşkilatı ona mənəvi zərər vurur. Cavabdehin ona vurduğu mənəvi zərəri 5000 manat dəyərində qiymətləndirir. Beləliklə, avtomobilinə dəymiş 5.150 manat maddi zərərdən 5000 manat hissəsi cavabdeh “xxxx” ASC-dən tutulmalıdır. Həmçinin, mənəvi zərər üzrə də cavabdeh “xxxx” ASC-dən 10000 manat kompensasiya tutulmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil oğlu izahat verərək bildirir ki, ekspert rəyi ilə razı deyil. Hadisə nəticəsində “Nissan Sunny” markalı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək zərər məbləği 2260 manat müəyyən edilmiş və həmin məbləğdə ödənişin həyata keçirilməsinin mükün olduğu bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən iki dəfədən artıq olan 5150 manat tələb etmiş, təklif olunan 2260 manat sığorta ödənişini almaqdan imtina etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Xəzər RPİ İŞ tərəfindən qəbul edilmiş 17.04.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, 11.02.2020-ci iltarixdə “Nissan Tida” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Xəlilova X1 qəsəbəsi istiqamətindən Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun soldan birinci zolağında avtomobili dayandımış və həmin istiqamətdə olan X4 idarə etdiyi “Nissan Sunny” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X6 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan 06.04.2021-ci il tarixli, 9/1269 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan “Z&Z” servisin 16.03.2021-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “NissanTida” markalı **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4955 manat müəyyən edilmişdir. İşin müəyyən edilmiş halları odur ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdır. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 4955 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, dəymiş zərərin əvəzi olaraq 4955 manat məbləğdə pul “xxxx” ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. “İcbari sığortalar haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz Məhkəmə iddianı mənəvi zərərin hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehdən mənəvi zərərin ödənilməsini tələb etsə də cavabdehin hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə sübut olunmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh xxxx ASCdən vurulmuş maddi ziyana görə 4955 (dörd min doqquz yüz əlli beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, keçirilmiş məhkəmə ekspertizasının xərci olan 100 manat cavabdeh “xxxx” ASC-yə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xxxx ASC-dən vurulmuş maddi ziyana görə 4955 (dörd min doqquz yüz əlli beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh xxxx ASC-dən İddiaçı xeyrinə tutulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat cavabdeh xxxx ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1143/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1143/2021
04.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver