Məhkəmə qərarları › İş №2(004)-1150/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1150/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1150/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Mercedes Benz” markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 1930 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat olmaqla, cəmi 2930 manat və məhkəmə xərclərinə görə ödənilmiş 49,30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 23:30 radələrində mülkiyyətində olan “Mercedess Benz” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilini işlədiyi yerin qarşısında, Masallı şəhəri, H.Əliyev prospektində avtomobili dayanacaq yerində park etmişdi. Bu zaman işldədiyi binanın içində olarkən çöldə səs eşitdi və çölə çıxan zaman avtomobilinin vurulduğunu gördü. Avtomobilinin kimin tərəfindən vurulduğunu soruşduqda Cavabdeh idarə etdiyi “Renault Megane” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin vuraraq ərazidən kənarlaşdığını ona dedilər. Bu zaman avtomobilə yaxınlaşıb, avtomobilin arxa sağ hissəsinin vurularaq tamamilə sıradan çıxdığını gördü. Hadisədən belə nəticəyə gəldi ki, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsini yüksək surətlə sürərək yoldan çıxmış və təxminən yoldan 10 metr kənarda dayanmış, ona məxsus avtomobili vurmuşdur. O, avtomobilinə yaxınlaşdıqdan sonra əraziyə Masallı rayon X2 X3 əməkdaşları əraziyə gələrək müvafiq sənədlər tərtib edərək ondan hadisənin necə baş verməsi barədə izahat aldı və sonda hadisənin Cavabdeh təqsirli hərəkətləri səbəbindən baş verdiyini müəyyən edərək onun barəsində AR-nın İXMnin 327.1- və 327.6-cı maddələri ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Merdess Benz” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1930 manat məbləğində maddi ziyan dəymişdir. Zərərin vurulması və onun həcmi “Avtoservis” T.X.S- Masallı tərəfindən ona verilmiş 1189 nömrəli xx.xx.2022-ci il tarixli arayışla öz təsdiqini tapmışdır. Ziyanın ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə əlaqə saxlayıb, nənə vurulmuş maddi ziyanın ödənilməsini ondan tələb etdim, lakin ziyanı ödəməklə bağlı cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən qərəzli boyun qaçırmışdır və nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edərək vurulmuş zərərin ödənilməsini məhkəmə qaydasında ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Avtoservis” T.X.S Masallı tərəfindən 26 dekabr 2022ci il tarixdə verilən 1189 nömrəli arayışdan görünür ki, “Mercedess Benz” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ümumi zərər cəmi 1930 manat təşkil edir. İnzibati Xəta haqqında İXP ******* nömrəli protokoldan həmçinin inzibati tənbehvermə haqqında TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2022-ci il tarixində, saat 23:30 radələrində baş vermiş hadisə nəticəsində AR-nın İXM-nin 327.1- və 327.6-cı maddələri ilə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-1150/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli 9/2094 nömrəli ekspert rəyi 06 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli 9/2094 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Mercedess Benz” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1680 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 23 dekabr 2022-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “Mercedess Benz” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh idarə etdiyi “Renault Megane” minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hazırda İddiaçı ona məxsus “Mercedess Benz” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ödənilməsini tələb edir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ona məxsus “Mercedess Benz” markalı **- CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1930 manat olduğunu bildirsə də, avtomobilə dəymiş zərər Məhkəmə Ekpsertiza Mərkəzi tərəfindən 1680 manat müəyyən edilmişdir, Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Həmçinin iddiaçı tərəfindən tələb olunan mənəvi zərərin ödənilməsi hissəsində sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsində hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, Cavabdeh 1680 manat maddi ziyanın əvəzinin, dövlət rüsumu üçün ödənilmiş 30 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1680 (min altı yüz səksən) manat maddi ziyanın əvəzinin və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar