Məhkəmə qərarları › İş №2(004)-1156/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1156/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1156/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-ə məxsus 211 nömrəli avtobusun sürücüsünün tormoz verməsi nəticəsində aldığı xəsarətin 1500 manatlıq əməliyyat və müalicə xərclərinin qarşılanması və 90 gün işsizlik müddətində çəkdiyi 1000 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 15.10.2021-ci il tarixində saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün tormoz verməsi nəticəsində avtobusun içərisində yıxılaraq xəsarət almışdır. Məsələ ilə bağlı 09.12.2021-ci il tarixində Yasamal RPİ -nin 29-cu PŞ-nə ərizlə ilə müraciət etmiş, sürücü X3 dindirilmiş və dediklərini təsdiqləmişdir. Eyni zamanda AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 Bakı Şəhəri Yasamal Rayon şöbəsindən daxil olmuş 05.01.2022-ci il tarixli 1240 nömrəli rəydən görünür ki, aldığı xəsarət- 2-ci bel fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən törənmişdir və sağlamlığın uzun müddət pozulmasına səbəb olduğuna görə də az ağır zərər vurma hesab olunur. Həmçinin rəydə bunun özü tərəfindən törədilməsi də inkar olunur. Hal-hazırda aldığı xəsarətin nəticəsində 90 gündən artıqdır ki, işləyə bilmir və müalicələrini qarşılamağa maddi vəziyyəti imkan vermir. Kirayədə yaşayır və kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Göstərilən məsələ ilə bağlı cavabdehin 90 günlük müddətdə çəkdiyi müalicə xərclərini, maddi və mənəvi zərərimin qarşılanmasını məqsədə uyğun hesab edir. Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsinin ilk abzasında hadisənin 15.10.2021-ci il tarixdə, saat 11:00 radələrində baş verdiyini və həmin hadisə zamanı xəsarət aldığını qeyd etsə də, niyəsə hadisə və xəsarət alması barədə şikayət ərizəsi ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə məhz 09.12.2021-ci il tarxdə müraciət edir, yəni hadisədən 54 gün keçdikdən sonra. İddiaçının ərizəsi əsasında PŞ-də araşdırma aparılır, müvafiq ekspertiza təyin edilir, iddiaçının aldığı xəsarət dərəcəsi müəyyən edildikdən və sürücünün ifadəsi alınıb tam araşdırma aparıldıqdan sonra Yasamal RPİ-nin 12.01,2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edir. Həmin qərarda əks etdirilən və tərəflərin iş materiallarında olan ifadələrindən məlum olur ki, iddiaçı hadisə baş verən zaman avtobusun ön qapısının yaxınlığında ayaq üstə dayandığı halda heç bir dayaq dəstəyindən tutmayıb, bir sərnişin kimi öz təhlükəsizliyini təmin etməyib və sürücünün dayanacaqdan avtobusu hərəkətə gətirən zaman qarşısına çıxan maneə ilə toqquşmanın və qəzanın qarşısını almaq məqsədi ilə əyləcdən qəfil istifadə etməsi nəticəsində müvazinətini itirərək yerə oturaxlı vəziyətdə yıxıldığı və iddiaçının xəsarət alması yolnəqliyyat hadisəsi nəticəsində baş vermədiyi öz təsdiqini tapır. Həmçinin iş materiallarında olan ekspert rəyində xəsarətin az ağır olması, lakin törənmə müddəti müəyyən olunmayan göstərilibdir. Bu da ona dəlalət edir ki, adıgedən xəsarət iddiaçının səhhətində hadisədən xeyli qabaq da və hadisədən sonra da yaranmış olar. Göründüyü kimi iddia ərizəsini və ona əlavə edilmiş qoşma sənədləri diqqətlə oxuyub, hüquqi məntiqlə təhlil etdikdə tam aydın olur ki, elə həmin sənədlərin özündə iddianın rədd edilərək məhkəmə icraatına xitam verilməsinə dair kifayət qədər əsaslar vardır. Göstərilənlərə əsasən iddianın tamamilə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğuni izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir.. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı X1 12.01.2022-ci il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Xanməhmməd qızı 09.12.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, 15.10.2021-ci il tarixdə saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün tormoz verməsi nəticəsində avtobusun içərisində yıxılaraq xəsarət almasını göstərərək ərizəsi əsasında qanuni tədbir görülməsini xahiş etmişdir. İlkin yoxlama zamanı X3 izahatında BakuBus MMC-də sürücü işləməsini, hadisə zamanı 211 nömrəli avtobusu idarə etdiyini, avtobusa tormoz verməsi nəticəsində avtobusun içərisində olan İddiaçı ehtiyatsızlıqdan avtobusun içərisinə yıxılaraq xəsarət almasını, avtobusun hər hansı avtomobil ilə toqquşmamasını, hadisə zamanı yol-nəqliyyat hadisəsinin baş verməməsini göstərmişdir. İlkin yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 X11 Bakı şəhəri Yasamal rayon şöbəsindən daxil olmuş 05.01.2022-ci il tarixli 1240 nömrəli rəydən görünür ki, vətəndaş İddiaçı Xanməmməd qızının almış olduğu xəsarət- 2-ci bel fəqərəsinin kompression sınığı bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddətini müəyyən etmək mümkün olmamış, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Qeyd olunan xəsarəti şəxsin öz-özünə yetirməsi inkar olunur. İlkin yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı 15.11.2021-ci il tarixdə saat 11 radələrində 211 nömrəli avtobusda sərnişin qismində olarkən avtobus sürücüsünün kəskin tormoz verməsi nəticəsində avtobusun içərisinə yıxılaraq az ağır bədən xəsarəti almışdır. İddiaçı xəsarət alması yol-nəqliyyat hadisəsi nəticəsində baş verməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, ona dəymiş ziyanla əlaqədar olaraq BakuBus MMC-nə qarşı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərsu" ASC-nin Yasamal rayon Sükanaİ İdarəsinin arayışından görünür ki, İddiaçı 01.03.2012-ci il tarixdən İdarənin Abonentlərlə iş şöbəsində su kəməri təsərrüfatinda nəzarətçi peşəsində işləyir və əmək haqqı 776 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərsu" ASC-nin Yasamal rayon Sükanaİ İdarəsinin arayışından görünür ki, İddiaçı 18.10.2021-ci ıl tarixindən 25.01.2022-ci il tarlxlnədək müvəqqəti əmək qabiliyyətini itirmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrinin surətləri arayışa əlavə edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X5 Ərazi Bölmələrini İdarəetmə X6 X10 Şəxsinin 08.12.2021-ci il tarlxli məktubundan görünür ki, İddiaçı 06.12.2021-ci il tarixində təkrarən belində olan ağrılardan X7 müraciət etmişdir. Xəstəyə əməliyyat, transpedikulyar fiksasiya məsləhət görülür. Diaqnoz: G 32.0 L2 fəqərəsinin nüfuz edən qəlpəli kompresiyon sınığı. İş materiallarına əlavə olunmuş reseptlərdən və ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən müalicə üçün dərman vasitələrinə 340,73 manat məbləğində pul vəsaiti sərf edilmişdir. Bununla da, Cavabdeh MMC tərəfindən İddiaçı müalicəsinə sərf olunmuş vəsait qismində ona 340,73 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vəişgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, maddi ziyan hissəsində iddia tələbi əsaslı və qanuni olduğundan, qismən təmin edilməli, Cavabdeh MMC-dən 340,73 manat tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi təmin edilməli, cavabdehdən 1000 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə görə şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi ziyana görə 340,73 manat, mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 1340,73 (min üç yüz qırx manat 73 qəpik) manat tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh MMC-dən 33,40 (otuz üç manat 40 qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar