Məhkəmə qərarları › İş №2(004)-1184/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1184/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1184/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin aprel ayında tanışı olan Cavabdeh 15 sot torpaq sahəsinin alınması üçün müvafiq sənədləşdirmə işlərinin aparılması üçün 9500 manat pul lazim olduğunu bildirmişdir. O, öz növbəsində həmin məbləğin onda olmadığını bildirmiş və onun imkanı xaricində olduğunu izah etmişdir. Lakin Murad israr və təkid ilə ona öz adına bankdan pul götürə bilmədiyini və bu torpaq sahəsini mütləq sənədləşdirərək satmaq lazim olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, sənədləşdirmə işləri bitdikdən sonra torpağın satışından əldə ediləcək gəlirdən ona pul verəcəkdir. Cavabdeh ümumilikdə aprel-dekabr ayları ərzində ondan 9500 manat məbləğində pul almışdır. Cavabdeh Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsinə, həmin torpaq sahəsi satılaraq əldə olunacaq puldan ona müvafiq məbləğdə pul çataçağına inadırdığından aprel-dekabr ayları ərzində Banklardan kreditlə götürdüyü 9500 manat pulu cavabdehə vermişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh pulu ona ABŞ dollar məzənəsi ilə qaytarmalı idi. Torpaq sahəsinin sənədləşmə işləri üzrə sənədlər barədə maraqlandıqda, narahat olma işlər düzəldəcəm deyə cavab verirdi. Lakin üzərindən uzun müddət keçdiyindən sənədləri düzəldilmədiyini görərək, cavabdehdən pulunu tələb etmişdir. Cavabdeh onu aldadaraq pulu tezliklə qaytaracağını söyləsə də bu günə kimi, müxtəlif bəhanələrlə onu aldadaraq pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, polisə müraciət etmiş, cavabdeh orada pulun 2200 ABŞ dolların qaytararaq qalan pulu da tezliklə qaytaracağına söz verərək ərizəsini geri götürməyini bildirmişdir. O da, Cavabdeh inanaraq artıq şikayət etmədiyini bildirmiş və bu səbəblə də, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bir müddət sonra cavabdeh yenə onun pulunu qaytarmamış, dəfələrlə zəng etməyi, pulunu tələb etməyinə baxmayaraq pulunu qaytarmaqdan yayınmışdır. xx.xx.2020ci il tarixdə İŞ-nin müstəntiqi tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan Nəsimi rayon Prokurorluğuna şikayət etmiş, xx.xx.2020-ci il tarixdə prokurorluq qərarı ləğv edərək material üzrə əlavə araşdırma aparılması üçün işi Nəsimi RPİ-nin İŞ-nə göndərmişdir. İstintaq zamanı cavabdeh 1995 manat məbləğində pulu ona qısa zamanda ödəyəcəyinə söz vermişdir. İstintaq zamanı bildirmişdir ki, 2 ilə yaxındır ki, müxtəlif vaxtlarda müxtəlif banklardan kredit götürərək cavabdehə vermiş və hər dəfə kredit götürəndə kredit görə faizlər də, ödəmişdir. Həmin məbləğə görə əlavə olaraq ödədiyi 4306 manatı cavabdehdən tələb edir. Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək işin mülki xarakterli olduğunu bildərərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh pulu iki il ərzində qaytarmadığından o, əlavə olaraq banklara müraciət edib əlavə kredit götürərək əvvəlki kreditini bağlamış və bu səbəbdən də, hər dəfə kredit götürdüyündən əlavə faizlər hesablanmışdır. xx.xx.2018-ci il tarixində AccessBankdan 7000 manat, xx.xx.2018-ci il tarixində Bank Respublikadan 2500 manat, xx.xx.2019-cu il tarixində Beynalxalq Bankdan 1500 manat, xx.xx.2019-ci il tarixində Bank Respublikadan 2500 manat, xx.xx.2019-cu il tarixində Bank Respublikadan 1000 manat, xx.xx.2019-cu il tarixində Acsess Bankdan 3500 manat, xx.xx.2019-cu il tarixində Bank Respublikadan 2500 manat, xx.xx.2020-ci il tarixində Access Bankdan 2597 manat məbləğində kredit götürmüşdür. Bu günə kimi 4306 manat məbləğində pulu cavabdehdən ala bilmədiyi üçün məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh 4306 manat məbləğində pulun, mülki dövriyyə şəraitində əldən çıxmış fayda kimi 2000 manatın, mənəvi zərərə görə 1000 manatın və ödədiyim 30 manat dövlət rüsumunun, ümumilikdə 7336 manat məbləğində zərərin alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh onu aldadaraq adına kredit götürülməsinə nail olmuş, qısa müddət ərzində kreditin həm əsas həm də, faizləri ilə birlikdə banka geri ödəyəcəyini və hətta torpağı satdıqdan sonra əldə etdiyi gəlirdən ona da, pay verəcəyini bildirsə də, borcunu qaytarmaqdan boyun qaçırmışdır. Cavabden bu barədə polisdəki izahatında da, borcu olduğunu etiraf etmiş və qısa zaman ərzində hissəhissə də olsa geri qaytaracağına vəd versə də, bu günədək nə əsas borcu nə də, həmin borca görə bank tərəfindən hesablanmış faizləri geri qaytarmamışdır. Polisə şikayət etdikdən sonra isə borcunu bir hissəsini qaytarsa da, əsas borcdan 1990 manat həmin pulların bankdan çıxarılmasından ötəri isə, bank tərəfindən hesablanmış və geri qaytarılmalı olan faiz borcundan isə təxminən 2311 manat borcunu geri qaytarmamış, beləliklə ona hələ də ümumilikdə 4301 manat borcu yaranmışdır. Bu illər ərzində o məcbur qalaraq banka ödənişlər etmiş, pulu ödəyə bilmədiyi üçün isə başqa banklardan kredit götürərək həmin borcu bağlamağa məcbur olmuşdur. Çünki bankdan pul bir il və il yarım müddətinə götürülmüş, müddət bitdiyi üçün isə bank tərəfindən borcun bağlanılması tələb edilmişdir. Bundan başqa gecikdirmələr olduğu üçün bank tərəfindən əlavə faizlər və cərimələr də, hesablanmışdır. O, hal-hazırda da, həmin borcu bağlamaq üçün götürdüyü kreditlər üzrə banka ödənişlər etməyə məcbur qalır. Bununla da cavabdehdən onun xeyrinə əldən çıxmış faydaya görə də, 2000 manat, mənəvi zərərə görə 1000 manat məbləğində əlavə pulda tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh qeyd edilən ünvanda yaşamadığı üçün bildirişin cavabdehə çatdırılması cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, Cavabdeh 2018-ci ilin aprel-dekabr ayları ərzində İddiaçı 15 sot torpaq sahəsinin alınması üçün müvafiq sənədləşdirmə işlərinin aparılmasını, həmçinin sənədləşmə işləri bitdikdən sonra torpağın satışından əldə ediləcək gəlirdən ona da pul verəcəyini bildirərək ondan ümumilikdə aprel və dekabr ayları ərzində borca 9500 manat məbləğində pul vəsaiti almışdır. Eyni zamanda işin halları ilə müəyyən edilmişdir ki, iddia tərəfindən cavabdehə borc verilmiş ümumilikdə 9500 manat məbləğində pul vəsaitit Cavabdeh təkidi ilə bankdan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə sonunda 357 manat faiz ödəmək şərtiylə 2500 manat və xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə müqavilə sonunda 1695 manat faiz ödəmək şərtiylə 7000 manat kredit götürülmüşdür. İşin bu halları iş materiallarında olan sənədlər və eləcə də, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarla, eyni zamanda Cavabdeh istintaq zamanı verdiyi ifadəsi ilə də təsdiq olunur. Belə ki, iş materiallarıda olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarda Cavabdeh 2018-ci ilin aprel-dekabr ayları ərzində İddiaçı 15 sot torpaq sahəsinin alınması üçün müvafiq sənədləşdirmə işlərinin aparılmasını, həmçinin sənədləşmə işləri bitdikdən sonra torpağın satışından əldə ediləcək gəlirdən ona da pul verəcəyini bildirərək ondan ümumilikdə aprel və dekabr ayları ərzində borca 9500 manat məbləğində pul vəsaiti alması, həmin məbləğdən ümumilikdə 2565 manat, sonra isə 1200 manat, hazırda isə 1995 manat ödəyəcəyi öz əksini tapmışdır. Qeyd edilmiş hallara əsasən məhkəmə hesab edilir ki, iddia tələbi 4306 manat tutularaq verilməsi hissəsində qismən təmin edilərək, cavabdeh iddiaçının xeyrinə 4042 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iddiaçı, iddia ərizəsinə cavabdehin ona əsas borc üzrə 1995 manat borcunun olduğunu qeyd etsə də, məhkəmə iclasında hazırda əsas borc üzrə 1990 manat borcunun qaldığını etiraf etmiş, eyni zamanda iş materialları ilə, iddiaçı tərəfindən bankdan götürülərək cavabdehə borc şəkilində verilmiş məbləğlər üzrə ödənilməli olan faiz məbləğinin isə ümumilikdə 2052 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə həmçinin iddia tələbinin mülki dövriyyə şəraitində əldən çıxmış fayda kimi 2000 manat məbləğində pulun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin təkidi ilə öz adına götürdüyü borc məbləğlərinin bağlanması və cavabdeh tərəfindən borc vaxtında ödənilmədiyi üçün məcbur qalaraq başqa banklardan kredit götürərək, həmin borcları bağladığına istinad etsə də, məhkəməyə bununla bağlı yəni, sonradan götürülmüş kredit məbləğləri üzrə vəsaitlərin məhz həmin borcun bağlanmasına sərf edilməsi ilə bağlı hər hansı bir sübutlar təqdim etməmiş və bununla da, əldən çıxmış faydanın nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə eyni zamanda iddia tələbinin mənəvi ziyana görə 1000 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə mənəvi iztirablar keçirməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 №li Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Qərarın 4-cü bəndinə görə şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4042 (dörd min qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50% yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50% yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödəniləməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4042 (dörd min qırx iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 50% yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50% yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar