Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1245/2022 02.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh MMC -nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilmiş məbləğin geri qaytarılması, vurulmuş mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilmiş məbləğin geri qaytarılması, vurulmuş mənəvi ziyana görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçıya satılan qüsurlu mobil telefona ödədiyi 471 manat məbləğdə vəsaitin, həmçinin aylarla ona verdikləri psixoloji mənəvi əsəb və stresə görə 1000 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixində 00977309 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin predimetinə əsasən cavabdeh iddiaçıya XİAOMİ Mİ A3 4/64 markalı, **********81164 İMEİ kodlu telefonu onun istifadə sahiblik və sərəncamına verir, iddiaçı isə qeyd edilən əşyanın müqabilində isə müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən aylıq ödəniş 50 azn olmaqla əşyanın toplam qiyməti 671 azn vəsaiti cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, xx.xx.2019-cu il tarixli 1 il müddətində tətbiq edilən qızıl zəmanət şərtlərini də razılaşdırılmış şəkildə qarşılıqlı şəkildə imzalayaraq qəbul etmişdir. Qeyd edilən telefonu qəbul etdikdən sonra telefonda müəyyən problemlər yaranmağa başlamışdır. Belə ki, telefona proqram yüklədikdən sonra ekranda qaralmalar olmağa başlamışdır. Bu qüsur ara-sıra müxtəlif vaxtlarda intensivləşməyə başlayıb. Həmin vaxt ölkə ərazisində yayılmış COVİD-19 pandemiyası ilə əlaqədar olaraq heç bir ictimai iaşə obyektləri (mağaza və dükanlar) işləmədiyindən telefonda yaranan qüsura görə iddiaçı cavabdehə müraciət edə bilməmişdir. Karantin rejimi yumşaldıqdan sonra 2020-ci il aprel ayının sonlarında cavabdehə müraciət edərək telefonun qüsurlu olması barədə iddiaçı məlumat vermişdir. Mağaza rəhbərliyi isə iddiaçını mağazanın öz təmir ustasına yönəltmişdilər. Telefon ustası isə mobil telefonda olan proqramları yenilədikdən sonra ona təqdim edib. İddiaçı bu problemin bir daha yaranıb-yaranmayacağını soruşduqda isə o cavabında əgər zavod qüsuru varsa buna heç bir zəmanət verilmədiyini bildirmişdir. Həmin vaxtdan 20 gün müddətində telefon normal işləsə də, qeyd edilən qüsur yenidən təkrarlanmağa başlamışdır. Yenidən 2020-ci ilin may ayında iddiaçının müraciəti əsasında o mağazanın servis xidmətinə yönləndilib. 07 iyun 2020-ci ildə iddiaçı servisə yaxınlaşan zaman onlar telefonu iddiaçıdan alıb baxış keçirəcəklərini qeyd ediblər. 9 iyunda iddiaçıya zəng edib yaxınlaşmasını bildiriblər, servis gələndə isə bildirdilər ki, telefonun proqram sistemində qüsur var eyni əvvəlki kimi proqramı silib təzədən yükləyiblər. İddiaçı isə yenə də bu qüsurun bir daha təkrar olub olmayacağını soruşduqda, ona yenidən bu qüsurun olmayacağını, olarsa təzə telefon veriləcəyini bildiriblər. Qeyd edilən gün iddiaçı telefonu götürüb evə gəlib və həmin günün axşamı telefonun ekranında yenidən problemlər olmağa başlayıb. Ekranın işığı birdən zəifləyib güclənməyə başlayıb. Yenidən servis xidməti qayıdaraq telefonun qüsuru olduğunu qeyd edərək, yenisi ilə əvəzlənməsini ya da ki iddiaçının ödədiyi vəsaitin geri qaytarılmasını bildirmişdir. Həmin vaxt orada iddiaçı ilə mübahisə edərək, onu hədələyərək nömrəsini qaynar xəttə verəcəklərini bildirmişlər. 25 iyul 2020-ci il tarixdə iddiaçıya zəng edib telefonu və aksesuarları servis xidmətinə təqdim etməyi qarşılığında ona 600 manat məbləğində yeni telefon verəcəklərini bildiriblər. O, yaxınlaşanda isə telefonu alıb sonra 260 manat pul tələb etmişlər. İddiaçı isə etiraz edərək telefonu qızıl zəmanət kimi aldığını qeyd edərək aprel ayından bugünə qədər telefonun qüsurlu olduğunu bildirdiyini, dəfələrlə müraciət etdiyini demişdir. Həmin gün telefonu iddiaçıdan almışlar. İddiaçı qeyd edir ki, 14 avqust 2020-ci il tarixdə isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qaynar xəttinə müraciət etmişdir. Qeyd edilən dövlət orqanı isə həmişəki kimi heç bir işə yaramadıqlarını bir daha sübut edərək şirkətin vəkili qismində çıxış edərək, ona bildirmişlər ki, guya 31 iyul 2020-ci il tarixdə mağaza iddiaçını çağırıb məsələni həll edib ona yeni telefon veriblər. Halbuki heç bir halda onunla maraqlanmamış və ona heç bir telefon verilməmişdir. İddiaçı iddia tələbini təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 xx.xx.2022-ci il tarixində elektron sistem vasitəsi ilə məhkəməyə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tam əsassızdır və rədd edilməlidir. İddiaçı məhkəməyə qədər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də eyni məzmunda müraciət etmişdir, həmin qurumdan bununla bağlı Cavabdeh Cəmiyyətinə 25 avqust 2020-ci il tarixdə sorğu daxil olmuşdur. Sorğudan da göründüyü kimi iddiaçının əsas xahişi qüsurlu olan cihazın dəyişdirilməsi ilə bağlı olmuşdur. İddiaçının əldə etdiyi cihazda bildirdiyi kimi qısa müddət ərzində qüsur yaranmış olsa idi, o, aprel ayında yox daha tez müraciət edərdi. İddiaçı gec müraciət etməsini xüsusi karantin rejimi ilə əlaqələndirir, lakin maraqlı şəkildə servisə müraciət tarixini 2020-ci ilin aprel ayının sonu olmasını da göstərir. Ziddiyyətli məqam odur ki, sərt karantin rejimi məhz 2020-ci ilin aprel ayında tətbiq edilmişdir, yəni iddiaçı mart ayında daha rahat şəkildə müraciət edə bilərdi, əgər həqiqətən də qüsur qısa müddət ərzində yaranmış olsa idi. İddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi şikayətlə əlaqədar məsələ araşdırılan zaman müəyyən edilmişdir ki, müştərinin servis müraciəti məhz 2020-ci ilin iyul ayında olmuşdur. Həmin zaman da cihaz ekspertiza edilmiş və servis mərkəzinin verdiyi rəyə əsasən onda heç bir qüsur aşkar edilməmişdir. Adı qeyd olunan Xidmətə də cavab məktubu bu məzmunda göndərilmişdir. Həmin cavab məktubu və servis mərkəzinin texniki rəyi etiraza əlavə olunur. İddiaçının öz ərizəsində qeyd etdiklərindən görünür ki, daha öncəki müraciətləri zamanı (əgər həqiqətən müraciət edibsə) cihaz ekspertiza edilməmiş, təmir işləri aparılmamışdır, sadəcə müəyyən proqramlar yenilənmişdir. Yəni cihaza texniki baxış keçirilməmişdir. Sistem məlumatlarına əsasən müəyyən edilir ki, iddiaçının cihazı 2020-ci ilin iyul ayında servisdə texniki müayinə edilmiş və qüsur aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının qızıl zəmanəti olduğundan ona qızıl zəmanət şərtlərinə əsasən dəyişdirilmə təklif edilmişdir, həmin şərtlər zəmanətin özündə də göstərilmişdir. İddiaçı cavadehin bu təklifi ilə razılaşmamışdır. Eyni zamanda, iddiaçının cihazı qüsursuz olduğundan və müəyyən müddət istifadə edildiyindən, əmtəə görünüşü pozulduğundan iddiaçıya cihazın əmtəə görünüşünə uyğun qiymətləndirmə aparılmaqla dəyişdirilmə təklif edilmişdir, iddiaçı isə cavabdehin bu təklifini qəbul etməmişdir. Yəni mümkün bütün təklifləri iddiaçı rədd etmişdir. Qeyd etdilən cihazda qüsur olmamışdır. Buna dair texnxiki rəy etiraza əlavə olunur. İddiaçının mənəvi ziyanla bağlı hissədə də tələbi əsassızdır, çünki cihazda qüsur olmamışdır, dəyişdirilmə ilə bağlı da iddiaçıya mümkün təklifləri etmişdilər, iddiaçı qəbul etmək istəməmişdir. Belə olan halda cavabdeh olaraq yol vermədikləri pozuntu üçün mənəvi ziyanın əvəzini ödəmək öhdəlikləri də yoxdur. Buna görə də, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Beləliklə, iddia ərizəsində göstərilənlərin heç bir hüquqi əsası olmadığından və bunu təsdiq edəcək sübutlar iş materiallarına əlavə edilmədiyindən-iddia tələbi təmin edilməməli və rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat vermək və iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 00977309 nömrəli müqavilədən görünür ki, müqavilə əsasında İddiaçı "xxxx" MMC-dən İMEİ Kodu **********81164 XİAOMİ Mİ A3 4/64 markalı telefonu telefon almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehsalak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 706/20 saylı məktubundan görünür ki, cihazla bağlı bugünə qədər yalnız bir dəfə servis mərkəzinə müraciət olunmuşdur və aparılan ekspertiza zamanı məhsulda heç bir nasazlıq aşkar edilməmişdir. Müştəriyə qızıl zəmanət şərtlərinə uyğun olaraq ən sərfəli dəyişdirilmə təklif edilmişdir, lakin o, təklifilə razılaşmayaraq, istifadə edilmiş, əmtəə görünüşü korlanmış və nasazlığı olmayan cihazın heç bir tutma (qiymətləndirmə) olmadan, ilkin satış qiyməti ilə dəyişdirilməsini xahiş etmişdir. Müştərinin hazırki xahişinin yerinə yetirilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Servis Link-2 Texniki Mərkəzi tərəfindən aparılmış işlər barədə məlumatdan görünür ki, mobil telefonunda qüsur aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən təqdim olunan AZ-00-00029265 nömrəli mütəxəssis rəyindən görünür ki, Smartfon XİAOMİ Mİ A3 Blue 4/64 markalı, İMEİ Kodu **********81164 olan cihaz diaqnostika edilmişdir və qüsur aşkarlanmamışdır, cihaz göstərilən spesifikasiyaya tam uyğundur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (marka, tipli və i.a) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. İş üzrə müəyyən olunmuş faktiki hallardan və tərəflərin verdikləri izahatlardan məlum olur ki, iddiaçı cavabdehdən qüsurlu telefona görə ödədiyi pulun qaytarılmasını tələb etməsinə baxmayaraq, tələbini əsaslandırmaq üçün telefondakı qüsurun istehsal qüsuru olmasına dair heç bir tutarlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Bundan əlavə, məhkəmə iddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC -yə qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş məbləğin geri qaytarılması, vurulmuş mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1245/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1245/2022
02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver