Məhkəmə qərarları › İş №2(004)-1252/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1252/2022

22.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1252/2022 22.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 53 saylı Notariat Ofisinin X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 53 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən verilmiş 29 iyul 2021-ci ıl tarixli İcra Qeydinə əsasən ipoteka saxlayan X4 tələbi ilə borc alan ondan ipoteka qoyan X2 məxsus ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd olunmuşdur (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70000,00 USD əsas borc, 0,00 USD faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 70000,00 USD təşkil edir). Belə ki, «Notariat haqqında» Qanunun 76-cı maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “İpoteka haqqında” Azərbaycan Respubliaksınm Qanunun 37.1-ci maddəsinə əsasən isə İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, yuxarıda qeyd edilən Qanunların tələbinə əsasən icra qeydinin verilməsinə əsas olacaq halın, yəni müvafiq bildiriş ona çatdırılmamış, icra qeydinin verilməsi barəsində İcra və Probasiya Şöbəsi vasitəsi ilə məlumat almışdır (53 saylı Notariat Ofisi tərəfindən ona şəxsən sifarişli poçt qəbzi ilə hər hansı bildiriş çatdırılmamışdır). Bununla yanaşı bildirmək istərdi ki, tərəflər arasında bağlanmış müqaviləsə əsasən isə tələb olunan məbləğ 70.000 ABŞ dolları deyil, xeyli aşağıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Qərarının 8-ci bəndində əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011 -ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, notarius tərəfindən icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Bundan başqa icra qeydi verilən zaman qeyd edilmiş məbləğ də, o qədər deyil daha az olmalı idi, lakin buna baxmayaraq borc tam məbləğdə icra qeydində öz əksini tapmışdır. İcra qeydində borc 70000 ABŞ dolları olaraq göstərilsə də, hazırda iddiaçının 20500 ABŞ dolları məbləğində borcu qalmışdır və hətta bugün də daha 3000 ABŞ dolları ödəniş ediləcəkdir. İcra qeydi verilən zaman isə iddiaçının borcu 38500 ABŞ dolları təşkil etmişdir. Bundan başqa notarius tərəfindən icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya icra qeydinin veriləcəyi barədə bildiriş göndərilsə də, iddiaçı sözü gedən ünvanda yaşamadığından həmin bildirişi o əldə etməmişdir. Bildirişi rəsmi olaraq yalnız ipoteka qoyan şəxs əldə etmişdir. Hazırda icra qeydində qeyd edilmiş məbləğdə icra qeydinin verilməsi, icra haqqında qanunda könüllü müddət ərzində icra edilməyən icra vərəqlərindən tutulması üçün nəzərə tutulmuş 7 faiz məbləğinin tutulmasına əsas olacaqdır ki, həmin 7 faizində özü 70000 ABŞ dollarına münasibətdə kifayət qədər məbləğ edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbi ilə bağlı bildirdi ki, iddiaçı tərəfindən borc tam olaraq yerinə yetirilmədiyindən hesab edir ki, iddiası əsassızdır. Onlar arasında nahardan sonra 3000 ABŞ dolları məbləğində ödənişin edilməsi barədə danışıqlar olmuşdur. İddiaçının onlara nə qədər borcunun qalması barədə dəqiq məlumatı yoxdur. Ümumilikdə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan rədd edilməlidir. Cavabdeh 53 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, cavabdeh məhkəmə ərizə ünvanlayaraq mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh 53 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X9 borc alan İddiaçı xx.xx.2019-cu il tarixədək 70000 ABŞ dolları məbləğində borca pul vermişdir. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X2 məxsus ünvan 1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. X9 tərəfindən Cavabdehna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, sonuncu xx.xx.2018-ci il tarixli, 3M-1524 reyestr nömrə ipoteka müqaviləsinə dair icra qeydi açılmasını xahiş etmişdir. İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan X4 tələbi ilə borc alan İddiaçı ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Cavabdeh Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, tərəflər X9, İddiaçı və X3 arasında xx.xx.2018-ci il tarixində, 3M-1524 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixli İcraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Cavabdeh 9158 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat balanılması qərara alınmış və borcluya 10 gün könüllü müddət ərzində icra sənədini icra etməsi bildirilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsin əsasən, borc verən X9 borc alan İddiaçı xx.xx.2019-cu il tarixədək 70000 ABŞ dolları məbləğində borca pul vermiş və həmin kreditin təminatı kimi, X2 məxsus ünvan 1 xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Tələbkar tərəfindən icra qeydinin verilməsinə müraciət edilməmişdən öncə, borclu və ipoteka qoyanan rəsmi qaydada bildirişlər göndərilmiş və həmin bildirişlər sonuncular tərəfindən qəbul edilmişdir. Daha sonra X9 Cavabdehna xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 3M-1524 reyestr nömrə ipoteka müqaviləsinə dair icra qeydi açılmasını xahiş etmiş və İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021ci il tarixli icra qeydinə əsasən, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan X4 tələbi ilə borc alan İddiaçı ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə icra qeydi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixli İcraata başlamaq haqqında qərar və bildirişə əsasən, Cavabdeh 9158 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat balanılması qərara alınmış və borcluya 10 gün könüllü müddət ərzində icra sənədini icra etməsi bildirilmişdir. İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 53 saylı Notariat Ofisinin X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin əsasını ona rəsmi qaydada notarius tərəfindən icra qeydinin verilməsində onda bildirişin göndərilməməsi və icra qeydi verilərkən ödənilmiş məbləğlərin nəzərə alınmadan kredit müqaviləsində göstərilmiş borc üzrə icra qeydinin verilməsi təşkil edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Qanununun 76-cı maddəsinin tələbinə görə, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nın 1-ci hissəsinə uyğun olaraq pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq edilmiş müqavilələrdə icra qeydinin aparılması üçün notariusa aşağıdakı sənədlər təqdim olunmalıdır: 1) notariat qaydasında təsdiq edilmiş müqavilənin əsli; 2) borcluya göndərilmiş ödəniş müddətinin keçməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında yazılı bildiriş. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 162-ci hissəsinə əsasən icra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Göründüyü kimi 53 saylı Notariat Kontoru tərəfindən verilmiş icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, bu barədə iddiaçıya və ipoteka qoyana rəsmi qaydada bildiriş göndərilmişdir. İşin bu halı istər iş materiallarında olan icra işin materiallarında olan qəbzlər, istərsə də tərəflərin etiraf edici izahatları ilə öz təqsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının icra qeydinin ləğv edilməsi barədə iddia tələbi əsassızdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar