Məhkəmə qərarları › İş №2(004)-1263/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1263/2025

06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1263/2025 06.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesabat işıq sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesabat işıq sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2010-cu il tarixdə nikaha daxil olmuş və nikahından 2 övladı anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə nikahı pozulmuşdur. İddiaçının yaşadığı həyət 2 yerə bölünmüş, iddiaçının yaşadığı ev cavabdehdən ayrılmışdır. İddiaçı 2 azyaşlı övladı ilə həmin evdə yaşayır. Yaşadığı evin həyətində bir neçə evlər vardır ki, həmin evlər iddiaçının keçmiş əri, qaynatası və qaynanasına məxsusdur. Lakin, ünvanda 1 işıq sayğacı vardır. İddiaçının keçmiş əri həmin sayğacdan iddiaçının istifadə etməsinə imkan vermir və bildirir ki, öz yaşadığı ünvana yeni sayğac quraşdırsın. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Araşdırma zamanı məhkəmə tərəfindən sözügedən ünvana baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin yaşayış evinin giriş qapısı küçəyə açılmaqla pilləkənlə qalxılan yuxarı mərtəbədən ibarətdir. Həmin həyətdə bir neçə yaşayış evi vardır ki, həmin evlərin giriş qapıları ayrıdır və iddiaçının yaşadığı mənzildən faktiki olaraq ayrılmışdır. Ünvan üzrə isə cəmi 1 sayğac mövcuddur ki, həmin işıq sayğacı vasitəsilə ünvanda olan bütün mənzillər (tikili) işıqla təchiz edilir. Lakin, iddiaçı keçmiş əri və onun ailəsi ilə qarşılıqlı olaraq pis münasibətdə (münaqişəli) olduqlarından keçmiş ailə üzvləri mütəmadi olaraq iddiaçının işıq sayğacından istifadə etməsinə əngəllər törədir, yaşadığı evə ayrıca sayğac quraşdırılmasını tələb edirlər. İddiaçının yetkinlik yaşına çatmayan 2 azyaşlı övladı ilə birlikdə yaşaması və müasir dövrdə elektrik enerjisindən istifadə edilmədən məişət həyatının mümkünsüz olması, iddiaçı və keçmiş əri və ərinin ailə üzvləri arasındakı faktiki gərgin münasibətlər, iddiaçının yaşadığı evin faktiki olaraq ayrı olması, evlərin və həyətin giriş qapılarının ayrı olması, həyətin arxa hissəsində isə iddiaçının keçmiş əri və onun ailə üzvlərinin yaşaması və sayğacın əsasən bilavasitə həmin şəxslərin yaşadığı sahələrə xidmət etməsi xüsusatı əsas götürülməklə iddianın təmin edilməsi zəruridir. Yaşayış sahəsi faktiki olaraq mövcuddursa, deməli həmin sahədə yaşayan şəxslərin (mülkiyyətçi və mülkiyyət hüququ ilə digər şəxslərin) minimal həyat şərtləri üçün zəruri ehtiyaclar, kommunal və digər xidmətlər müvafiq orqanlar tərəfindən təmin edilməlidir. Mənzil üzrə elektrik enerjisinin təmin edilməməsi mülkiyyət hüququndan istifadəni mümkünsüz hala salır. Subyektlərin mülkiyyət hüquqlarından istifadənin mümkünsüz hala gəlməsi, həyat standartlarının təmin edilməsi mümkün olduğu halda minimuma endirilməsi yolverilməzdir. Faktiki olaraq ayrı olan ünvana əlavə sayğacın quraşdırılması müvafiq dövlət mənafeyinə və ya ictimai mənafeyə ziyan gətirmir. Əksinə, dövlət vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində xüsusilə maraqlıdır. Digər şəxslər (keçmiş əri və s.) tərəfindən iddiaçıya yaradılan maneələrin dövlət tərəfindən aradan qaldırılması əsaslıdır. Sayğacın quraşdırılması abonent (iddiaçı) və cavabdeh qurum arasında müqavilə münasibətlərinin yaranmasına, elektrin enerjisinin alqı-satqısına hüquqi əsas yaranacaqdır ki, abonent müvafiq ödəniş qarşılığında elektron enerjisindən istifadə edəcəkdir. Hazırki mübahisənin əsasını müqavilə öhdəliklərinin təşkil etməsi xüsusatı hazır oxşar mübahisələrin inzibati məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında baxılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülür. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddia tələbi üzrə sübutetmə yükünün cavabdeh "xxxx" ASC-nin üzərində olması nəzərə alınmaqla cavabdeh tərəfindən sayğacın quraşdırılmasından müvafiq imtina qərarının əsaslı və qanuni olmasını təsdiq edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə işdəki sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, İddiaçı istifadəsində olan (yaşadığı) ünvan 1 ünvanında yerləşən, qapısı birbaşa küçəyə açılan 2 otaqlı mənzilə hesabat işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesabat işıq sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı istifadəsində olan (yaşadığı) ünvan 1 ünvanında yerləşən, qapısı birbaşa küçəyə açılan 2 otaqlı mənzilə hesabat işıq sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar