Məhkəmə qərarları › İş №2(004)-1266/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1266/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1266/2021 10.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada 250 manat məbləğində vurulmuş zərər və 20,4 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pospekti ərazisində Cavabdeh1 Cavabdeh2 MMC-nin sahibliyində olan ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkəti tərəfindən icbari sığorta növü ilə sığortalanmış **-AG-*** dövlət qeydiyyat nömrə nişanlı “NAZLİFAN LF7132F-330” markalı avtomobili idarə edərkən yanlış manevr etmiş, nəticədə X1 tərəfindən idarə olunan və “xxxx” MMC-yə məxsus **-PS-*** dövlət qeydiyyat nömrə nişanlı “CHANGAN SC 7151 F” minik markalı avtomobilə maddi zərər vurmuş və hadisə yerindən yayınmışdır. Bakı şəhəri Nəsimi RPİ DYPŞ-nin xx.xx.2015-ci il tarixli, KYP 018375 saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərarına əsasən **-AG-*** dövlət qeydiyyat nömrə nişanlı “NAZLİFAN LF7132F-330” markalı avtomobilin sürücüsü Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və AR İXM-in 151.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Fortis Consulting” qiymətləndirmə şirkəti tərəfindən verilən xx.xx.2015-ci il tarixli qiymətləndirmə aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 250 manat dəyərində müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq, 4134/15 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra ləğv prosesində olan ASC “xxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkən “xxxx” MMC-yə avtomobilə dəymiş zərərə görə 250 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək mülki iş üzrə məhkəmə iclasında iştirakı olmadan iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, digər Cavabdeh2 MMC-nin mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarə etmişdir. Onlar arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Buna görə də dəymiş zərərə görə mülkiyyətçi məsuliyyət daşımır. İddianın Cavabdeh2 MMC-yə aid olan hissədə təmin olunmamasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş KYP seriyalı, 018375 saylı, xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 “Lifan 330” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla İXM-nin 151.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli sığorta hadisəsinin qiymətləndirilməsi aktından müəyyən edilir ki, **-PS-*** dövlət qeydiyyat nişanlı “Changan” markalı nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 250 manat xərc hesablanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2228 №-li ödəniş tapşırığından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə 250 manat məbləğində sığorta ödənişi “xxxx” MMC-yə ödənilmişdir. İş materiallarına əlavə olunmuş 101 №-li etibarnamədən müəyyən olunur ki, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 “”Cavabdeh2” MMC-yə məxsus “Lifan 330” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilməsinə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək səlahiyyət verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 121 №-li nisyə alğı-satqı müqaviləsinin surətinə əsasən “Lifan 330” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC tərəfindən 14020 manata Cavabdeh1 satılmışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, hadisə baş verən zaman Cavabdeh1 idarə etdiyi “Lifan 330” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Cavabdeh2 MMC-nin mülkiyyətində olsa da etibarnamə əsasında Cavabdeh1 müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir və hadisə zamanı, sözügedən avtomobil Cavabdeh1 istifadəsində olmuşdur. Cavabdeh1 hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində Cavabdeh1 tərəfindən “xxxx” MMC-nin mülkiyyətində olan avtomobilə dəymiş zərər xx.xx.2016-cı il tarixdə iddiaçı “xxxx” ASC Sığorta Şirkəti tərəfindən “xxxx” MMC-yə tam ödənilımişdir İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 oğlundan müştərək qaydada dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Çünki, hadisə baş verən zaman Cavabdeh1 idarə etdiyi avtomobil cavabdeh Cavabdeh2 MMC-nin mülkiyyətində olsa da etibarnamə əsasında Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmişdir. Məhkəmə hesab edir ki, vurulmuş zərər subraqasiya qaydasında mülkiyyətçidən deyil, yalnız Cavabdeh1 tutulmalıdır. “İcbari Sığortalar haqqında” qanunun 25.1.3-ci maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,4 (iyirmi manat qırx qəpik) manat məbləğində pul iddiaçı ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,4 (iyirmi manat qırx qəpik) manat məbləğində pul iddiaçı ləğv prosesində olan “xxxx” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar