Məhkəmə qərarları › İş №2(004)-1284/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1284/2025

10.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1284/2025 10.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mirasda məcburi pay hüququndan məhrum etmə” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: vərəsəlik şəhadətnaməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mirasda məcburi pay hüququndan məhrum etmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “mirasda məcburi pay hüququndan məhrum etmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh oğlu Cavabdeh gələcəkdə onda qalacaq miras əmlakın hamısından məcburi pay almaq hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin anası X6 ilə 1982-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki qız, bir oğlan övladı dünyaya gəlmişdir. Hazırda həyat yoldaşı və qızı X10 ilə birlikdə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində tikdiyi fərdi yaşayış evində yaşayır. X3 ümumi xəstəlik səbəbi ilə 1-ci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh oğlu Cavabdeh X11 ilə evlidir. Evləndikdən sonra bir müddət birlikdə yaşasalar da, sənralar aralarında yaranan münaqişələr səbəbindən onlar başqa ünvaa köçərək orada yaşamışlar. Cavabdeh bir övlad olaraq öz övladlıq vəzifələrini yerinə yetirmir. Dəfələrlə ona qarşı kobudluq edir, mütəmadi şəkildə onu təhqir edir. xx.xx.2024-cü il tarixdə cavabdeh onun yaşadığı evə gəlmiş, söz-söhbət yaratmış, onu və ailə üzvlərini təhqir etmişdir. Həmin gün saat 20:30 radələrində evdən çıxarkən kərpiclə evin aynalarını sındırmışdır. xx.xx.2024-cü il tarixdə, saat 12:00 radələrində yenə yaşadığı evə gələrək həyətdə təhqiramiz sözlərlə onu təhqir etmiş, hətta onu öldürməklə hədələmişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin Səbil Rayon Polis İdarəsinin 41-ci polis bölməsinə də bütün bunlara dair ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh yenidən ayaqqabısını götürmək bəhanəsi ilə o, evdə olmadığı vaxt evə daxil olmuş, bu dəfə də evdə yaşayan həyat yoldaşı və qızını nalayiq söyüşlərlə təhqir etmişdir. Bütün bunlardan sonra əlil qızını sudurqa tutmuş və səhhətində problem yaranmışdır. Bunların hər birinə dair DİN-in 102 xidmətinə müraciət edərək məlumat vermişdir. Onun xüsusi mülkiyyətində ünvan 2ində yerləşən fərdi yaşayış evi var. Həmin yaşayış evinə dair onun adına DƏDRX-in dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Hazırda yaşadığı fərdi yaşayış evini isə o, Badamdar qəsəbəsində yerləşən 200 m2 torpaq sahəsi üzərində inşa etmişdir. Həmin torpaq sahəsinə dair X2 tərəfindən onun adına sənədləşdirmə işlərinin aparılmasına dair etibarnamə verilmişdir. Lakin həmin fərdi yaşayış evi hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş üzrə cavabdeh onun məcburi pay hüququ olan qanun üzrə vərəsəsi sayılsa da, ona qarşı münasibəti qeyri-səmimidir. Onu vəailə üzvlərini mütəmadi olaraq təhqir edir, onları öldürməklə hədələyir. Buna görə də cavabdehin gələcəkdə ondan qalacaq miras əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi üçün sözügedən tələb ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini, ümumiyyətlə atası ilə birlikdə yaşamadığını, atasınınn onu evdən qovması səbəbindən ailəsi ilə birlikdə kirayə evdə qaldığını bildirmiş, iddiaçının adına yeganə əmlakın Goranboy rayonunda yerləşən əmlak olduğunu, həmin əmlaka da mirasdan imtina etməyə hazır olduğunu, Bakı şəhərində yerləşən evlə bağlı isə həmin evin sənədinin olmadığını, digər tərəfdən isə həmin evin ikinci mərtəbəsində ailəsi ilə birlikdə yaşadığını və orada əşyalarının olduğunu, həmin evin təmirinə xərc çəkdiyini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Səbail Rayon İcra Hakimiyyəti başçısının X9 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4 dekabr 2024-cü il tarixli, 5-19-3/3-9-790/2024 nömrəli arayışa əsasən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. X1 Rauf Əmir oğlunun həyat yoldaşı, X10 isə qızıdır.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən sahəsi 0,08 ha olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

8. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə rədd edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

10. Həmin Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

11. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

12. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

13. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

15. Hazırki iddia üzrə iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması müəyyən edilmir. Bundan başqa cavabdehin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı təqdim edilmiş sübutlar əsasında müəyyən edilməmiş, cavabdehin ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan əsaslar aşkar olunmamışdır.

16. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir.

17. Hazırki iş üzrə iddiaçı isə cavabdeh tərəfindən onun son iradəsinə həmçinin ona qarşı yönələn mirasdan məhrum etmə barədə hallar barədə hər hansı sübut təqdim etməmişdir.

18. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X5 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

19. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mirasda məcburi pay hüququndan məhrum etmə” tələbinə dair iddiası təmin edilməməlidir.

V. Nəticə:

20. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar