Məhkəmə qərarları › İş №2(004)-1288/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1288/2025

21.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1288/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və hərrac predmeti olan mənzil 37200 manat dəyərində İddiaçı mülkiyyətinə keçmişdir. Bunun üçün İddiaçı tərəfindən satış qiymətinin 5%-i, yəni 1860 manat hərrac üçün xidmət haqqı ödənilmişdir. Lakin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-577/2022 nömrəli qətnaməsinə əsasən hərracın yekunları barədə protokol ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2073/2024 nömrəli qətnaməsi ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Ödənilmiş 1860 manat hərrac üçün xidmət haqqının geri qaytarılmaması nəticəsində iddiaçıya illik 5% olmaqla ümumilikdə əlavə olaraq 372 manat zərər vurulmuşdur. Həmçinin, bunun nəticəsində iddiaçıya 1000 manat mənəvi zərər vurulmuşdur. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli 139 nömrəli protokola əsasən müəyyən edilir ki, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında keçirilmiş hərrac nəticəsində hərracın qalibi İddiaçıdır. Əmlakın hərracda ilkin satış qiyməti 62000 manat, son satış qiyməti isə 37200 manat təşkil etmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş arayışa əsasən müəyyən edilir ki, hərrac mərkəzinə 1860 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2073/2024 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-577/2022 nömrəli qətnaməsinə əsasən hərracın yekunları barədə protokol ləğv edilmişdir. Üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-577/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və hərrac predmeti olan mənzil 37200 manat dəyərində İddiaçı mülkiyyətinə keçmişdir. Bunun üçün İddiaçı tərəfindən satış qiymətinin 5%-i, yəni 1860 manat hərrac üçün xidmət haqqı ödənilmişdir. Lakin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-577/2022 nömrəli qətnaməsinə əsasən hərracın yekunları barədə protokol ləğv edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2073/2024 nömrəli qətnaməsi ilə üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- "xxxx" MMC varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı pul vəsaitindən məhrum olmuşdur. 3-cü dispozitiv şərt də ödənilir- ödənilmiş 1860 manat pul vəsaitinin ödənilməsinə əsas olan hal, yəni, hərracın yekunları barədə protokol ləğv edilmişdir, əsassız varlanma aradan qalxmış hüquqi əsasa söykənir. Nəticədə, pul ödənilərkən hüquqi əsas olsa da, ödənişə əsas olan yekun protokol məhkəmə qərarı əsasında qanunsuz hesab edilməklə ləğv edildiyindən hüquqi əsas sonradan aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-577/2022 nömrəli qətnaməsindən məhz 2024-cü ildə apellyasiya şikayəti vermişdir. İddiaçı tərəfindən cavabdehdən əvvəllər ödənilmiş 1860 manat pulun geri tələb edilməsi, lakin, cavabdeh hərrac təşkilatı tərəfindən həmin vəsaitin vaxtında ödənilməməsi, gecikdirilməsi xüsusatı müəyyən edilmir. Deməli, 1860 manat pulun ödənilməsinin cavabdeh tərəfindən gecikdirilməsi (tələb edilməsinə baxmayaraq) xüsusatı mövcud deyildir. Əgər cavabdeh həmin pulu vaxtında geri qaytarmamaqla özündə saxlayaraq ondan faydalanmış olsa idi, bu halda iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilərdi. Odur ki, MM-in 445.7-ci maddəsinə əsasən illik 5% məbləğdə əlavə pulun tələb edilməsi hissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə göstərilən dispozitiv şərtlərin yerinə yetirilməsi sübut olunmur. Nəzərə alınmalıdır ki, prinsip olaraq cavabdeh hərrac təşkilatı özü də hərrac prosedurasının uğurla başa çatdırılmasında maraqlı olmalıdır. Çünki, hərrac təşkilatlarının qazancı məhz uğurla yekunlaşmış hərrac prosedurası nəticəsində əldə edilmiş gəlirlərdir. Yəni, cavabdehin hərəkətlərində hər hansı qəsdin, qərəzin olması xüsusatı ağlabatan deyildir. Həmçinin, tələbin mahiyyəti üzrə mənəvi zərərin vurulması və bunun məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi də ağlabatan hesab edilmir. Odur ki, mənəvi zərərin ödənilməsi hissəsində cavabdehin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbi barədə hər hansı etiraz, mülahizə məhkəməyə bildirməmiş, üzərinə düşən sübutetmə funskiyasını təşkil etməmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla məhkəmə xərci qismində ödənilmiş 71 manat dövlət rüsumunun 38 manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, cavabdeh "xxxx" MMC-dən 1860 (min səkkiz yüz altmış) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1860 (min səkkiz yüz altmış) manat pul və ödənilmiş 71 manat dövlət rüsumunun 38 (otuz səkkiz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar