Məhkəmə qərarları › İş №2(004)-1291/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1291/2024

01.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1291/2024 01.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1, İddiaçı Nikaloyeviçin iştirakı ilə, İddiaçı Nikaloyeviçin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nikaloyeviç cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il tarixli X9, xx.xx.2015-ci il təvəllüdlü X10 onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsindəki 94 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nikaloyeviç məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsindəki 94 nömrəli evin 5 nömrəli mənzili vəsiyyətnamə əsasında vəfat etmiş xalası X2 mülkiyyətinə keçmişdir. xx.xx.2016-cı il tarixli çıxarışa əsasən mənzil onun mülkiyyətindədir. Hal-hazırda həmin mənzildə bacısı X7 ilə birlikdə yaşayır. Cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda olması Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından məlum olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları - xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il tarixli X9, xx.xx.2015-ci il təvəllüdlü X10 onun bacısının uzaq qohumları olmuşlar. Cavabdehlərin Bakı şəhərində özlərinə məxsus ayrıca mənzilləri var və orada yaşayırlar. O, cavabdehlərin hansı ünvanda yaşamalarını bilmir. Cavabdehlərin onun mülkiyyətində olan mənzilə hər hansı bir hüququ yoxdur. Cavabdehlər onun mülkiyyətində olan mənzildə yaşamırlar və heç bir əşyaları yoxdur. Cavabdehlər 2-3 il olar ki, onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsindəki 94 nömrəli evin 5 nömrəli mənzilindən qeydiyyatdan çıxacaqlarına söz versələr də, sözlərinə əməl etmirlər. Cavabdehlərin ona məxsus olan mənzildə qeydiyyatda qalmaları, onun mülkiyyətçi kimi hüququnu tam həyata keçirməsinə maneə yaradır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduqları ünvan 1 ünvan üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin onlar həmin mənzildə yaşamadıqlarına görə bildirişi təqdim etmək mümkün olmamışdır. Bu barədə 42 saylı MKİS tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin, “AZEMİS” vasitəsilə cavabdehlər Cavabdeh2 məxsus ***-***-**-**, ***-***-**-** nömrəli və Cavabdeh1 ***-***-**-** mobil telefon nömrələrinə SMS bildirişi göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri baradə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147, 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 94 nömrəli evin 5 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı Nikaloyeviçin adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Nikaloyeviçə məxsus olan olan Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsindəki 94 nömrəli evin 5 nömrəli mənzilə qeydiyyata alınsa da, cavabdehlərin həmin evdən istifadə hüququnun yaranmasına dair noratial qaydada təsdiqlənmiş yazılı razılaşma mövcud deyildir. Yəni, cavabdehlər iddiaçının mülkiyyətindəki evə istifadə hüququ əldə etməmişdir. Cavabdehlər faktiki olaraq həmin mənzildə yaşamırlar. ASAN-3 tərəfindən İddiaçı Nikaloyeviçə verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı Nikaloyeviç, xx.xx.1951-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il tarixli X9, xx.xx.2015-ci il təvəllüdlü X10 ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, cavabdehlər iddiaçının mülkiyyətindəki mənzilə qeydiyyata alınsa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə iddiaçı ilə cavabdehlər arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamışdır. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehlərinin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onların həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehlərinin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır. Bu səbəbdən də, cavabdehlərin və onların yetkinlik yaşına çatmaya uşaqlarının mövcud olmayan istifadə hüququ itirilə bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 55S nömrəli sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər yetkinlik yaşına çatmayan ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətindəki mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il tarixli X9, xx.xx.2015-ci il təvəllüdlü X10 İddiaçı Nikaloyeviçin mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsindəki 94 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüququ olmayan şəxslər hesab edilsinlər. Bu qətnamə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun yetkinlik yaşına çatmayan övladları - xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il tarixli X5, xx.xx.2015-ci il təvəllüdlü X6 İddiaçı Nikaloyeviçin mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsindəki 94 nömrəli evin 5 nömrəli mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar