Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1310/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəymiş 3399 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2 ildir tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Son zamanlar onunla münasibətlərinə son qoymaq qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixində görüşmüşlər və söhbət əsnasında cabadeh heç bir səbəb olmadan onun mülkiyyəti olan “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik olan telefonu əlindən alıb yerə vuraraq sındırmışdır. Bununla bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət etmiş və xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Qərarda cavabdeh onun telefonunu əlindən alıb yerə vuraraq sındırmasını izahatında göstərmişdir. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 703 nömrəli arayışına əsasən “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik telefonun hazırki satış qiyməti 3399 manat təşkil edir. Bundan əlavə, xx.xx.2019-cu il tarixli qəbzə əsasən **********26051 İMEİ nömrəli “iPhone 11 Pro Max” markalı, midnight green rəngli mobil cihazın qeydiyyata alınması ilə bağlı tərəfindən 150 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X2 tərəfindən təqdim edilmiş sorğuya cavabda **********26051 İMEİ nömrəli mobil cihazın qeydiyyatı üçün onun adına verilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməklə həmin mobil cihazın sistemdə qeydiyyata alındığı göstərilmişdir. Əsas fəaliyyəti reklam sahəsi olduğundan həmin mobil cihazın yaddaşında olan 1500-dən artıq fotoşəkil cavabdehin hərəkəti nəticəsində məhv olmuşdur. Ona və ailəsinə aid şəxsi məlumatlar, şəkillərin heç birini bərpa etmək iqtidarında deyil. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Səbail RPİ-nin xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarında tərəflərin uzun illər münasibətdə olduğu əks olunmuşdur. Bu illər ərzində iddiaçıya bir neçə mobil telefon vermişdir. Hadisə zamanı məhz iddia olunan ''İphone 11 X PRO Max" mobil telefonun sındırılmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Sındırılması iddia olunan mobil telefonun qiymətinin hansı əsaslarla müəyyən olunması aydın deyil. Əgər sındırılmış telefonun məhz “İphone 11 X PRO Max” olması sübuta yetirilərsə, onun yeni olmaması nəzərə alınmalıdır. Yəni, telefonun hansı vəziyyətdə olması və digər texniki göstəriciləri onun qiymətinə birbaşa təsir edir. Lakin, iddiaçının telefonun qiymətini hansı üsullar ilə müəyyən etməsi qeyri aydındır. RPİ-nin qərarına əsasən faktiki olaraq, sındırılmış telefon onun tərəfindən alındığına görə və iddiaçının yalnız istifadəsində olduğuna görə, iddiaçının bu telefon üzrə mülkiyyət hüququ heç vaxt olmamış və beləliklə, faktiki olaraq iddiaçıya hər hansı maddi ziyanın vurulması sübuta yetirilməmişdir. Həmçinin, RPİ qərarına əsasən iddiaçı ona qarşı hər hansı şikayət və ya tələbinin olmadığını bildirmişdir. Habelə, araşdırma zamanı iddiaçı təkrar ərizə ilə müraciət edərək, peşman olmasına görə, onu bağışladığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Belə olan halda, aralarında artıq barışığın mövcud olmasını nəzərə alaraq, iddiaçının ona qarşı iddia sürməsinin qanuni əsasları sual doğurur. RPİ-nin qərarında iddiaçının ona məxsus "iphone X5 256GB'' markalı telefonu sındırması qeyd olunub. Bu telefonun sındırılması polis bölməsinin qabağında, iki polis əməkdaşının gözləri önündə baş vermişdir. Faktiki olaraq, eyni markalı telefonun bazar dəyərinin 1500 manat olmasını nəzərə alaraq, iddiaçı tərəfindən ona 1500 manat dəyərində maddi ziyan vurulmuşdur. Lakin, iddiaçı iddiasında bu faktı əks etdirməyib və beləliklə məhkəməyə mahiyyəti üzrə qərar qəbul olunması üçün vacib olan məlumatı təqdim etməyib. Hesab edir ki, iddiaçının onun mobil telefonunu sındırması faktı məhkəmə qərarının qəbul edilməsi zamanı nəzərə alınmalıdır. Mənəvi zərərlə əlaqədar iddiaçının tələbi əsasızdır və rədd edilməlidir. İddia ərizəsindən açıq aşkar telefonun sındırılması ilə iddiaçının maddi nemətinə zərərin vurulması iddia olunur. Nə iddia da, nə də ki RPİ qərarında hər hansı şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlərə zərərin vurulması faktı müəyyən olunmayıb. Mənəvi ziyan iddia olunduqda zərərçəkmişin ən azı "mənəvi sarsıntı və iztirablara məruz qalması" sübuta yetirilməlidir. RPİ qərarından isə məhkəmə tibbi-ekspertizasının rəyi ilə iddiaçıya hər hansı xəsarətin yetirilməməsi əks olunub. Yəni, əgər iddiaçı mənəvi sarsıntı və ya iztirablara məruz qalsaydı, bu fakt ən azından məhkəmə tibbi ekspertizası tərəfindən verilən rəydə öz əksini tapardı. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçıya mənəvi zərərə səbəb ola biləcək hər hansı "mənəvi sarsıntı və iztirablara məruz qalması" faktı sübuta yetirilməmişdir. Həmçinin, mənəvi ziyanın mütləq şəkildə pul ilə ödənilməsi məcburi deyil. Tərəflər mənəvi zərərin digər üsullar ilə də ödənilməsi barədə razılığa da gələ bilərlər. İddiaçının hər hansı mənəvi sarsıntı və ya iztirablara məruz qalmasını sübut edən faktlann olmaması ilə yanaşı, RPİ-nin qərarında onun iddiaçıdan üzr istəməsi, iddiaçının isə bu üzrü qəbul etməsi və ona qarşı hər hansı iddianın olmaması əks olunub. Yəni, iddiaçıya əgər hər hansı mənəvi zərər dəyibsə belə, o ndən edilən üzrü qəbul etməklə ona qarşı iddiasının olmamasını öz hərəkətləri ilə ifadə edib. Etirazda iddiaçının iddianın təmin edilməsi üçün məhkəməyə təqdim etdiyi sübutların iddianın təmini üçün yetərli olmaması səbəbindən rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Səbail RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı E.Həsənovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, xx.xx.2020-ci il tarixdə İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh ilə aralarında baş vermiş mübahisə zamanı cavabdehin yumruqla onun baş nahiyəsiinə xəsarət yetirməsini göstərmiş və barəsində tədbir görülməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı izahatında Cavabdeh ilə görüş zamanı telefonunun istədiyini, vermədiyinə görə cavabdehin telefonu özünün aldığını bildirərək əlindən aldığını və yerə vurub sındırdığını, hal-hazırda Üzeyirin ondan üzr istədiyini, onu bağışladığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İddiaçı təkrar ərizə verərək ilkin ərizəsinin araşdırılmasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə-tibbi ekspertiza rəyi ilə İddiaçı bədənində hər hansı xəsarət aşkar edilməmişdir.Göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 703 saylı arayışından görünür ki, "Vəkil və partnyorları" Vəkil Bürosunun xx.xx.2020-ci il tarixli, 32- /2020 nömrəli sorğusuna cavab olaraq, “iPhone 11 Pro Max 256 GB” markalı mobil cihazın həmin tarixə olan satış qiymətinin 3399 AZN təşkil etdiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 məktubundan görünür ki, **********26051 İMEİ nömrəli mobil cihazın qeydiyyatı üçün İddiaçı adına verilmiş AZE0559592 nömrəli, xxxxxxx FİN kodlu şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməklə həmin cihaz mobil sistemdə qeydiyyatdan keçirilmişdir. Həmçinin, iddiaçının vəkili tərəfindən maddi sübut kimi məhkəməyə təqdim edilmiş “iPhone 11 Pro Max” markalı mobil telefona məxsus kutunun üzərində mobil telefonun İMEİ kodu **********26051 göstərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus “iPhone 11 Pro Max” markalı, midnight green rəngli, 256 GB yaddaşa malik olan telefonun sındırılması nəticəsində dəymiş ziyana görə 3399 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 703 saylı arayışı ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus “iPhone 11 Pro Max 256 GB” markalı mobil cihazın həmin tarixə olan satış qiyməti 3399 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh hüquqa zidd davranış etdiyindən delikt törətmişdir və buna görə də məsuliyyət daşıyır. İddia tələbi 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İşin Səbail RPİ-də araşdırılması zamanı Cavabdeh əməlindən peşman olaraq üzr istəmiş və həmin üzrün İddiaçı tərəfindən qəbul edilməsi nəticəsində cinayət işi başlanması rədd edilmişdir. Həmçinin, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpasını mənəvi zərərin ödənilməsi kimi qiymətləndirərək iddia tələbinin mənəvi zərərə görə kompensasiya ödənilməsi hissəsində təmin edilməməsi qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən birdir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 3399 (üç min üç yüz doxsan doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1310/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1310/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver