Məhkəmə qərarları › İş №2(004)-1325/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1325/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1325/2025 03.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi ziyana görə cavabdeh "xxxx" MMC-dən 4.000.000 manat kompensasiyanın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildən, yəni 27 ildir ki, "xxxx" MMC-nin müştərisidir. "xxxx" MMC şirkəti kifayət qədər qazanc əldə edir, lakin 1997-ci ildən hüquqlarını ən kobud şəkildə pozur və onun dəfələrlə pretenziya şəklində onlara müraciət etməsinə baxmayaraq, bugünə kimi "xxxx" MMC ona qarşı qərəzli mövqeyini ona aydın olmayan səbəbdən davam etdirir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ünvanlayaraq, İddiaçı (Zeynalovun) iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halı sübut edən hər hansı bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı qanunvericilikdə sübutların təmin edilməsi ilə bağlı qaydalara riayət etməmişdir. Belə ki, iddia tələbi aydın deyil. İddia ərizəsinin mətni aydın olmalı, mübahisənin əsasları açıq-aydın qaydada təsvir edilməli, mətn emosianal formada yazılmamalıdir. Ərizədə pozuntu faktları tam dəqiq göstərilməli, qanunvericiliyə istinad edilməlidir. İddia ərizəsi elə formada tərtib edilməlidir ki, məhkəməyə qoyulmuş tələb tam aydın olsun, bir sözlə ərizə oxunaqlı olmalıdır. Sübutlar və dəlillər tam dəqiq qeyd edilməldir. İddiaçı iddia ərizəsində sadəcə pretenziya məktubuna cavab verilməməsini əsas gətirmək və iddianın təmin olunmasını xahiş etsə də tələbini əsaslandıra bilmir. Bundan əlavə iddiaçı məhkəməyə zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsasların olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutların təmin edilməsindən bəhs edən 85.1-ci maddəsinə istinad etsə də bu tələb və onun prosessual forması Azərbaycan 2/3 Respublikası Mülki Prosessual Məcəlləsinin 85- 87-ci maddələrinə tamamilə ziddir və təmin edilə bilməz. İİ. Pretenziya tələbinə cavab verilmiş və yaranmış borca aydınlıq gətirilmişdir Məlumat üçün bildiririk ki, iddiaçının pretenziyasına və müraciətinə xx.xx.2024-cü il tarixli 18519 saylı və 11 fevral 2025-ci il tarixli 2523 saylı məktubla cavab verilmişdir(məktublar etiraza əlavə olunub). Cavabdeh MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində abunəçilər bəzi qısa nömrələr (o cümlədən müraciətinizdə nəzərdə tutulan 4050, 4051 qısa nömrəsi) vasitəsi ilə müxtəlif internet səhifələr üzərindən müxtəlif əməliyyatlar həyata keçirilməsi, məzmun (rəqəmsal məzmun, giriş izni və s.) əldə edilməsi imkanına malikdirlər. Müvafiq qısa nömrələr üzrə məzmun təminatı Cavabdeh MMC-nin əməkdaşlıq etdiyi 3-cü şəxslər ("xxxx" MMC) tərəfindən həyata keçirilir. Məzmun təminatçısı olan "xxxx" MMC tərəfindən verilən məlumata əsasən xx.xx.2024-cü il tarixi saat 01:08-də 050 *** ** ** nömrədə http://ltrun.ru/ internet səhifəsindən müvafiq bölümə keçid (2 mərhələdən ibarət təsdiq) almaqla “Trainbrain” xidməti aktiv edilmişdir. xx.xx.2024-cü il tarixi saat 01:08-də müvafiq qısa nömrədən xidmətə qoşulduğuna dair müvafiq məzmunlu xəbərdarlıq SMS-i də (“Trainbrain xidmeti ucun VİP status hazirda aktivdir. Xidmetden imtina etmek ucun http://rsubs.com/r/ND545n -linke kecin (odenissizdir). Ve ya STOP sozunu 4051 nomresine gonderin (odenissizdir). Etrafli melumat ucun 6067 nomresine zeng edin.”) göndərimişdir. Məzmun təminatçısı olan "xxxx" MMC tərəfindən təqdim edilən məlumata görə qeyd olunan xidmətin şərtinə əsasən müvafiq olaraq xidmətdən yararlanmaq imkanı təqdim edilmişdir. Bundan sonra məzmun təminatçısı olan "xxxx" MMC tərəfindən verilən məlumata əsasən xx.xx.2024-cü il tarixi saat 04:01-də 050 *** ** ** nömrədə https://md85.ltrun.ru/ internet səhifəsindən müvafiq bölümə keçid (2 mərhələdən ibarət təsdiq) almaqla “Like me Chat” xidməti aktiv edilmişdir. xx.xx.2024-cü il tarixi saat 04:01-də müvafiq qısa nömrədən xidmətə qoşulduğuna dair müvafiq məzmunlu xəbərdarlıq SMS-i də (“LikemeChat xidmetine ugurla VİP status aldiniz. Qosulma haqqi - 0.35 qep/gun. Xidmetden imtina etmek ucun http://rsubs.com/r/KBFNİj -linke kecin (odenissizdir). Ve ya STOP sozunu 4050 nomresine gonderin (odenissizdir). Etrafli melumat ucun 6067 nomresine zeng edin.”) göndərimişdir. Abunəçi xidməti məzmun təminatçısına müraciət edərək və ya 4050 qısa nömrəsinə STOP yazaraq deaktiv edə bilər. Məzmun təminatçısı olan "xxxx" MMC tərəfindən təqdim edilən məlumata görə qeyd olunan xidmətin şərtinə əsasən müvafiq olaraq xidmətdən yararlanmaq imkanı təqdim edilmişdir. Məzmun təminatçısı olan "xxxx" MMC tərəfindən verilən məlumata əsasən 050 *** ** ** nömrədə hər iki xidmətə abunəlik xx.xx.2024-cü il tarixində dayandırılmışdır. Eyni zamanda məzmun təminatçısı olan "xxxx" MMC tərəfindən hər iki xidmətə sərf edilmiş toplam 2,45 AZN vəsait 050 *** ** ** nömrənin balansına xx.xx.2024-cü il tarixində geri qaytarılmasına dair məlumat təqdim edilmişdir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu halda, baş vermiş hadisədə Azercellin nəinki heç bir təqsiri yoxdur, əksinə, iddiaçının borcunun yaranmasının əsas səbəbi onun tərəfindən vaxtında təhlükəsizlik tədbirlərinin görülməməsindədir. Həmin qərarda həm də qeyd edilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı öz ərizəsində bu məqamları aydınlaşdırmamış, sarsıntı və ya iztirab keçirilməsinin heç bir sübutu təqdim edilməmişdir. İddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Qarabağ veteranıdır. 2-ci qrup əlildir, heç yerdə işləmir. Müharibə veteranı kimi 80 manat təqaüd alır. Cavabdeh "xxxx" MMC onun istifadəsində olan mobil nömrədən istifadə edərək, əsassız varlanmağa çalışır. Hər gün səhər saatlarında ona bildiriş göndərərək narahat edirlər. Həmin bildirişi təsdiqləməsə telefondan istifadə edə bilmir. Onun təqaüdündən hər ay təxminən 8, 12, 15 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaiti çıxırlar. Bilinmir ki, həmin vəsait nəyə sərf olunur. Təxminən 27 ildir ki, "xxxx" MMCnin abonentiydir. Onlar iddiaçıya maddi ziyan vururlar. Verilən suala cavab olaraq bildirdi ki, onun cavabdehə müraciətlərindən sonra qeyd olunan bildirişlərə stop qoyulub, lakin pretenziya göndərməsəydi proses davam edəcəkdi. Hazırda cavabdehdən ümumilikdə 4.000.000 (dörd milyon) manat pul tələb edir. Həmin məbləği üç hissəyə bölməklə, ona dəymiş mənəvi zərəri 1.333.333 manat, maddi zərəri 1.333.333 manat və sağlamlığına dəymiş zərəri 1.333.333 manat məbləğində dəyərləndirir. Belə ki, o hər dəfə mənəvi sarsıntılar keçirmiş, təcili yardım çağırmalı olmuşdur. O, heç bir xidmətə qoşulmamış, həmçinin xarici dil öyrənmək ehtiyacı olmadığından də hər hansı bir xidmətə abunə olmamışdır. Heç bir xidmətə könüllü olaraq qoşulmamışdır, belə olan halda ondan xidmət tutulması qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş və etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC iddiaçı tərəfindən göndərilmiş pretenziyalara cavab vermişdir. Məktublarda borcun səbəbi göstərilib. Belə ki, “Azercell Telekom" MMC-yə xx.xx.2024-ci il tarixində daxil olmuş ərizəsinə tərəfimizdən xx.xx.2024-cü il tarixli, 18519 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, "xxxx" MMC tərəfindən təqdim edilən mobil rabitə xidmətləri çərçivəsində "Busuu xarici dil öyrənmə" xidmətinə qoşulmaqla abunəçilər "Busuu" müvafiq dil sertifikatı qazanmaq imkanı əldə edir. 050 *** ** ** nömrəsində xx.xx.2024-cü il tarixi saat 00:03-də https://busuu.azercell.com internet səhifəsi üzərindən (bu səhifədə müvafiq xidmətlə bağlı istifadə qaydaları, şərtləri, tarifləri və xidmətin dayandırma qaydası qeyd edilir) nömrəyə sorğu göndərilmişdir (Kod: 4346 Busuu-dil oyrenme xidmetine qeydiyyatinizi tamamlamaq ucun kodunu daxil edin.). Qeyd olunan internet səhifədə 4346 kodu daxil edilərək qeydiyyat tamamlanıb və müvafiq məzmunlu bildiriş SMS-i ( Siz gunde 10 deqiqe mesgul olmaqla 13 ve ya daha cox dil oyrenmek fursetini teqdim eden onlayn dil kursu olan Busuu xidmetine qeydiyyatdan keçmişiniz Busuu: https://bit.ly/3v0qXpW . 3 gun pulsuz sonra Gunluk 0.25 AZN. Xidmeti dayandirmaq ucun STOP yazib 6996 nomresine gonderin. Tetbiq smart cihazlar uzerinden chalishir.) nömrəyə xx.xx.2024-cü il tarixi saat 00:03-də çatdırmışdır. Beləliklə, "Busuu xarici dil öyrənmə" xidmətinə abunəlik aktiv edilmişdir. Daxil olmuş müraciətə əsasən "Busuu xarici dil öyrənmə" xidmətinə abunəlik xx.xx.2024-cü il tarixi saat 11:55-də deaktiv edilmişdir. Xidmətin şərtlərinə əsasən tariflərə uyğun olaraq (3 günlük pulsuz dövr bitdikdən sonra günlük xidmət haqqı - 0,25 AZN) haqq tutulmuş və müvafiq olaraq da xidmətdən yararlanmaq imkanı təqdim edilmişdir. Bundan əlavə hər 10 gündən bir xidmətin aktiv olunması ilə bağlı nömrəyə bildiriş SMS-ləri göndərilmişdir. xx.xx.2024-cü il tarixində müvafiq müraciət ilə əlaqədar abunəçi ilə əlaqə saxlanmış, bütün sualları cavablandırılaraq, ətraflı izah təqdim edilmiş, narazılıq olmadığına dair məlumat əldə edilmişdir. Ümumiyyətlə telefona qısa smslər gəlirsə, həmin sms açıldığı halda xidmətə qoşulur. Sonra həmin xidmət “stop” edilməlidir. “Azercell Telekom" MMC telefonun istifədə edilməsinə görə məsuliyyət daşımır, sadəcə göstərdiyi xidmətlərə görə məsuliyyət daşıyır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubunun məzmunundan görünür ki, bir ay ərzində hər gün İddiaçı nömrəsinə bildirişlər daxil olur və səhər tezdən saat 06:00-da heç kimlə danışmadığı halda bildirişdə 0,25 manatlıq danışıq etməsi göstərilir, halbuki o, heç kimlə danışmamışdır. Ona bir ay ərzində 7 manat 50 qəpik məbləğində ziyan dəymişdir. Ona dəymiş ziyanla əlaqədar məhkəməyə iddia ilə müraciət edəcəkdir. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubunun məzmunundan görünür ki, uzun müddətdir ki, onun istəyinə zidd olaraq, heç bir kompaniyaya qoşulmadığı halda xx.xx.2024-cü il tarixdə ondan 0,35 manat ödəniş tələb olunur, ödənişə “OK” etməsə, telefondan istifadə edə bilmir. O, artıq üçüncü dəfədir pretenziya ilə müraciət edir. Sonuncu dəfə ona zəng edən departament müdiri V.Ağayev ondan xahiş etmişdir ki, məhkəməyə müraciət etməsin, o da məhkəməyə müraciət etmədi. Lakin artıq ona ağır maddi ziyan vurulur. Bu səbəbdən Bakı İnzibati məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir. xx.xx.2024-cü il tarixli, 18519 nömrəli “Azercell Telekom" MMC tərəfindən Temerlan Zeynalova ünvanlanmış məktubun surətindən görünür ki, 050 *** ** ** nömrəsində xx.xx.2024-cü il tarixi saat 00:03-də https://busuu.azercell.com internet səhifəsi üzərindən (bu səhifədə müvafiq xidmətlə bağlı istifadə qaydaları, şərtləri, tarifləri və xidmətin dayandırma qaydası qeyd edilir) nömrəyə sorğu göndərilmişdir (Kod: 4346 Busuu-dil oyrenme xidmetine qeydiyyatinizi tamamlamaq ucun kodunu daxil edin.). Qeyd olunan internet səhifədə 4346 kodu daxil edilərək qeydiyyat tamamlanıb və müvafiq məzmunlu bildiriş SMS-i (Siz gunde 10 deqiqe mesgul olmaqla 13 ve ya daha cox dil oyrenmek fursetini teqdim eden onlayn dil kursu olan Busuu xidmetine qeydiyyatdan keçmişiniz Busuu: https://bit.ly/3v0qXpW. 3 gun pulsuz sonra Gunluk 0.25 AZN. Xidmeti dayandirmaq ucun STOP yazib 6996 nomresine gonderin. Tetbiq smart cihazlar uzerinden chalishir.) nömrəyə xx.xx.2024-cü il tarixi saat 00:03-də çatdırmışdır. Beləliklə, "Busuu xarici dil öyrənmə" xidmətinə abunəlik aktiv edilmişdir. Daxil olmuş müraciətə əsasən "Busuu xarici dil öyrənmə" xidmətinə abunəlik xx.xx.2024-cü il tarixi saat 11:55-də deaktiv edilmiş və eyni tarixdə müvafiq bildiriş SMS-i ("Busuu-dil oyrenme xidmeti dayandirildi. Xidmete yeniden qoşulmaq ucun AY yazib 6996 nomresine gonderin") təqdim edilmişdir. Xidmətin şərtlərinə əsasən tariflərə uyğun olaraq (3 günlük pulsuz dövr bitdikdən sonra günlük xidmət haqqı - 0,25 AZN) haqq tutulmuş və müvafiq olaraq da xidmətdən yararlanmaq imkanı təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1325/2025 tarixli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, “Azercell Telekom" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 4336 nömrəli məktubla məhkəməyə CD disk vasitəsilə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli “Azercell Telekom" MMC ilə Zeynalov (Məmmədov) Tamerlan Arif oğlu arasında bağlanmış abunə müqaviləsinin surətindən görünür ki, “Azercell Telekom" MMC ***-***-**- ** mobil nömrəsini fakturasız xətt sistemində abunəçi Zeynalov (Məmmədov) Tamerlan Arif oğlunun istifadəsinə verir, rabitə xəttini açır və xidmət göstərir, abunəçi isə öz növbəsində istifadəsində olan (adına rəsmiləşdirilən) nömrədən "xxxx"in göstərdiyi xidmətlərin müqabilində bu müqaviləyə uyğun olaraq xidmət haqqı və digər ödənişləri həyata keçirir. Xidmətlərdən (zəng, qısa mesaj, kodlar yığmaqla və sair vəsitələrdən) istifadə etməklə aparılan əməliyyatlar Abunəçi tərəfindən həyata keçirilmiş hesab edilir. "xxxx" xidmətlərindən istifadə qaydaları "xxxx" tariflərinə uyğun müəyyən edilir. Tariflər "xxxx" tərəfindən birtərəfli qaydada, Abunəçini ən azı 30 (otuz) təqvim günü əvvəl, müfaviq hallarda xidmətlərin xüsusiyyətləri, müəyyən müddətləri, bayram və əhəmiyyətli tarixləri, o cümlədən müəyyən qrup və ya müxtəlif kateqoriya abunəçiləri əhatə edən kompaniya, aksiya və sair tədbirlər ilə əlaqədar isə ən azı 10 (on) təqvim günü əvvəl, abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman isə öz mülahizəsinə əsasən dərhal və ya istənilən an kütləvi informasiya vasitələri (“KİV”) ilə bu müqavilədə müəyyən edilmiş qaydada, xəbərdar etməklə, mövcud qanunvericiliyə uyğun olaraq, sərbəst şəkildə dəyişə bilər. “Azercell Telekom" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 4336 nömrəli məktubla məhkəməyə CD disk vasitəsilə təqdim edilmiş, Xidmətlərin siyahısından görünür ki, +**********18 telefon nömrəsi 2012-2017-ci illər arasında DOVLETCELL tarifi ilə istifadə edilmiş, həmin dövrlər ərzində müxtəlif xidmətlərin göstərilməsinə görə (ABC, PayCell, Smile, NMS, DSC və s.) həmin telelefon nömrəsindən müvafiq məbləğlərdə xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Azercell Telekom" MMC ilə Zeynalov (Məmmədov) Tamerlan Arif oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli abunə müqaviləsinə əsasən +**********18 telefon nömrəsi Məmmədov (Zeynalov) Tamerlan Arif oğlunun istifadəsindədir. İddiaçının bildirdiyinə görə ona hər səhər saat 06:00 radələrində mobil telefonuna "xxxx" tərəfindən bildiirşlər gəlir, bu bildirişə daxil olub bildirişi təsdiqləmədən telefondan istifadə edə bilmir. Bundan başqa ona məxsus pensiya kartından hər ay "xxxx" tərəfindən göstərilən xidmətlərə görə xidmət haqqı çıxılır. İş materiallarından göründüyü kimi, ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 00:03-də https://busuu.azercell.com internet səhifəsi üzərindən “Kod: 4346 Busuu-dil oyrenme xidmetine qeydiyyatinizi tamamlamaq ucun kodunu daxil edin” məzmunlu sorğu göndərilmişdir. Qeyd olunan internet səhifədə 4346 kodu daxil edilərək qeydiyyat tamamlanmış və müvafiq məzmunlu bildiriş SMS-i ( Siz gunde 10 deqiqe mesgul olmaqla 13 ve ya daha cox dil oyrenmek fursetini teqdim eden onlayn dil kursu olan Busuu xidmetine qeydiyyatdan keçmişiniz Busuu: https://bit.ly/3v0qXpW . 3 gun pulsuz sonra Gunluk 0.25 AZN. Xidmeti dayandirmaq ucun STOP yazib 6996 nomresine gonderin. Tetbiq smart cihazlar uzerinden chalishir.) nömrəyə xx.xx.2024-cü il tarixi saat 00:03-də çatdırmışdır. Beləliklə, "Busuu xarici dil öyrənmə" xidmətinə abunəlik aktiv edilmişdir.Daha sonra isə iddiaçıya məxsus nömrədən edilən müraciətə əsasən "Busuu xarici dil öyrənmə" xidmətinə abunəlik xx.xx.2024-cü il tarixi saat 11:55-də deaktiv edilmişdir. Xidmətin şərtlərinə əsasən tariflərə uyğun olaraq (3 günlük pulsuz dövr bitdikdən sonra günlük xidmət haqqı - 0,25 AZN) haqq tutulmuş və müvafiq olaraq da xidmətdən yararlanmaq imkanı təqdim edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdeh ondan qoşulmadığı xidmətlərə görə ondan xidmət haqqı tutulması, həmçinin hər səhər saat 06:00 radələrində ona bildiriş gəlməsi və bunun nəticəsi olaraq telefondan istifadə edə bilməməsinə görə onun sağlamlığı korlanmış, mənəvi sarsıntılar keçirmiş və ona maddi ziyan dəymişdir. Yalnız onun müraciətlərindən sonra xidmətlər və ondan pul çıxılması dayandırılmışdır. İddiaçı xidmətlərə könüllü olaraq qoşulmadığını, bunun cavabdehin təqsiri və əsassız varlanmaq istəyindən irəli gəldiyini qeyd etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Bir sözlə, iddiaçı tərəf cavabdeh tərəfindən ona maddi və mənəvi zərər vurulduğunu, bu zərərin cavabdehin hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd edilir ki, “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur...” Məhkəmə baxışından tədqiq olunan və cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan da müəyyən edilmişdir ki, iddiaçı istifadəsində olan mobil nömrədən bir sıra xidmətlərə qoşulmuş və bu xidmətlərin müqabilində ondan xidmət haqqı tutulmuşdur. Həmçinin cavabdeh tərəfindən iddiaçıya şifahi və yazılı qaydada aktiv olan xidmətlər barədə, onları dayandırmaq hüququnun olması və bunun üçün atılacaq addımlar barədə məlumat verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC İddiaçı qarşısında yalnız onunla bağlanmış abunə müqaviləsi çərçivəsində göstərdiyi xidmətlərə görə məsuliyyət daşıyır. Həmçinin, aparılmış məhkəmə araşdırması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəyməsi halı aşkar edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar