Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-137/2021 09.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun səhhətinə vurulmuş zərərin əvəzi olaraq 2.500 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.530 manat pulun cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və izahatında bildirdi ki, o, 10 ilə yaxındır kı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin fərqli verilişlərində tamaşaçı kimi iştirak etmişdir. Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin işçisi Əmanət Qasımlı onunla əlaqə saxlayaraq bildirmişdir ki, yeni veriliş buraxılacaq və onu tamaşaçı qismində həmin verilişə dəvət etmişdir. Əmanət Qasımlı ona bildirmişdir ki, təxminən 10 veriliş olacaq və hər veriliş üçün ona 10 manat pul veriləcəkdir. xx.xx.2019-cu il tarixdə o, İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən yayımlanan “Hardasan bu vaxtacan” verilişində tamaşaçı qismində iştirak etmişdir. Tamaşaçılar üçün ayrılan yerlərin birində əyləşmişdir. Çəkilişdən təxminən 30-40 dəqiqə keçəndən sonra fasilə elan edilmişdir. Fasilə zamanı verilişin heyət qrupunun əməkdaşı ona yaxınlaşaraq, yerinin dəyişməsini xahiş etmişdir. Fasilə zamanı yanında oturan xanım ona yemək təklif etmişdir. Yeməyi yedikdən sonra qabı qaytarmaq istəmiş, bu zaman yana çönmək istədikdə anidən oturacaqdan yerə yıxılmışdır. Yıxılanda onun başı yerə dəymişdir və 2 nəfər ona ayağa durmağa köməklik göstərmişdir. Ona su vermişlər və bundan sonra o, verilişə baxmağı davam etmişdir. Tamaşaçılar çəkiliş zalından çıxanda Əmanət Qasımlı onlara pul paylamışdır. O, çölə çıxmış, televiziyanın həyətində skamyada oturmuşdur. Bir qədər sonra isə metroya minərək “Koroğlu” stansiyasına getmiş, orada metrodan çıxaraq avtobusla yaşadığı ünvan 1 ünvana getmişdir. Evə tək getmişdir, yanında heç kim olmamışdır. Evdə aşkar edilmişdir ki, yıxılması nəticəsində onun onurğa fəqərələrində sınıqlar, şiş əmələ gəlmişdir. Sonradan həkimə müraciət etmiş və müayinə zamanı ona L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondiolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya diaqnozu qoyulmuşdur. Ümumi həkim müayinələri, Naftalanda müalicə alması, yol xərclərinə 2.500 manat pul xərcləmişdir. Mənəvi sarsıntılar keçirdiyinə görə ona 5.000 manat miqdarında mənəvi zərər dəymişdir. Məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert onunla danışmış, lakin Covid-19 virusuna görə onu müayinə edə bilməmiş, ona özəl xəstəxanaya getməsini tövsiyyə etmişdir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2019-cu il tarixdə İTV-nin əməkdaşı Əmanət Qasımlı tərəfindən Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən yayımlanan “Hardasan bu vaxtacan” verilişinə tamaşaçı qismində dəvət edilmişdir. İddiaçı tamaşaçılar üçün ayrılan yerlərin birində əyləşmişdir. Fasilə zamanı iddiaçı yanındakı tamaşaçılarla söhbət etmək üçün dönərkən oturduğu stuldan yıxılmışdır. Şirkətin əməkdaşları tərəfindən iddiaçıya yerini dəyişməsi ilə bağlı hər hansı göstəriş verilməmişdir. İddiaçının yıxılma faktı baş verəndən sonra, şirkətin layihə rəhbəri İsmayıl Əliyev və Əmanət Qasımlı iddiaçıdan vəziyyətinin necə olmasını soruşub, onun hər hansı köməyə, həmçinin həkim yardımına ehtiyacı olub-olmamasını soruşmuşlar. İddiaçı heç bir problemi olmadığını və özünü yaxşi hiss etdiyini bildirmiş, həkim çağırılmasından imtina etmişdir. Veriliş bitəndən sonra iddiaçı sağlam tərzdə öz evinə getmiş, onun kənar şəxsin köməyinə və təcili tibbi yardımın çağırılmasına ehtiyacı olmamışdır. İddiaçı stuldan yıxılma nəticəsində hər hansı bir xəsarət almamışdır. İTV tərəfindən iddiaçıya heç bir maddi və mənəvi zərər vurulmamışdır. Çünki, iddiaçı onun səhhətində problem yaranması ilə bağlı cavabdehə dərhal məlumat verməmiş, müəyyən müddət keçəndən sonra Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə şikayətlə müraciət etmişdir. Polis tərəfindən ona izah edilmişdir ki, yaranmış problemi ilə əlaqədar məhkəməyə meraciət edə bilər. Bundan sonra isə iddiaçı şirkətə məktub ünvanlamışdır. Lakin məktuba iddiaçı aldığı xəsarətlə bağlı həkimin rəsmi diaqnozu barədə sənədi, aldığı müalicəsi və çəkilən real xərcləri barədə hər hansı rəsmi sənədi əlavə etməmişdir. İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli rəyi ilə bir daha təsdiq edilir ki, iddiaçı hər hansı bir xəsarət almamışdır. İddiaçının iddiası böhtan xarakterlidir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən yayımlanan “Hardasan bu vaxtacan” verilişinin çəkilişi zamanı studiyada tamaşaçı qismində iştirak etmiş İddiaçı fasilə zamanı oturduğu stuldan (təxminən 55-60 sm hündürlükdən) yerə yıxılması nəticəsində, İddiaçı hər hansı bədən xəsarətləri (travma, yaralanma, toxumaların əzilməsi, sümüklərin sınığı və sair) alıb-almamasını, əgər almışdırsa bu xəsarətlərin nədən ibarət olmasının və ağırlıq dərəcəsinin müəyyən edilməsi, müalicə xərclərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2020-ci il tarixli T256/2020 nömrəli canlı şəxsin ekspertizası rəyindən müəyyən edilir ki, ekspertiza xx.xx.2020-ci ildə başlamış və xx.xx.2020-ci il tarixdə başa çatmış və ekspert rəyi hazırlanmışdır. 1966-cı təvədllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, özünun məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun ekspert komissayası nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı istər tibbi sənədlərində (29 saylı BŞX-da tərtib olunmuş ambulator xəstənin tibbi kartası və 3 saylı şəhər klinik xəstəxanasında tərtib olunmuş xəstəlik tarixi), istərsə də xx.xx.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət izi aşkar olunmamışdır. Onun 07 və xx.xx.2019-cu il tarixlərdə 3 nömrəli şəhər klinik xəstəxanasında çəkilmiş MRT müayinəsində bel fəqərələrində sümük-travmatik dəyişikliklər aşkar edilməmişdir. Aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa medial, dural kisəni sıxan protruziya-3 mm) fəqərə cisimlərində gedən patoloji proseslərlə əlaqəli olan dəyişikliklər olub, travma mənşəli deyildir. Vətəndaş İddiaçı əziyyət çəkdiyi “xroniki xolesistit, sol tərəfli düyünlü zob İİ dərəcə” MRT müayinəsində aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya) onda xx.xx.2019-cu il tarixdən əvvəl başlamışlar. Dövlət tibb müəssisələrində müayinə və müalicələr ödənişsiz, özəl tibb müəssisələrində isə onların təminatından asılı olaraq ödənişli əsaslarla həyata keçirilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin məsuliyyətsizliyi nəticəsində travma alması ilə bağlı halları sübuta yetirə bilməmiş, eyni zamanda fiziki və mənəvi iztirablar çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Əksinə, məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli ekspertizası rəyi ilə təsdiq edilmişdir ki, iddiaçının bel fəqərələrində sümük-travmatik dəyişikliklər aşkar edilməmişdir. Aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa medial, dural kisəni sıxan protruziya-3 mm) fəqərə cisimlərində gedən patoloji proseslərlə əlaqəli olan dəyişikliklər olub, travma mənşəli deyildir. İddiaçının əziyyət çəkdiyi “xroniki xolesistit, sol tərəfli düyünlü zob İİ dərəcə” MRT müayinəsində aşkar edilmiş dəyişikliklər (L5-S1 səviyyədə stabilliyin pozulması, L5 fəqərə cisminin minimal arxa spondilolistezi və fəqərəarası diskdə arxa median, dural kisəni sıxan protruziya) onda xx.xx.2019cu il tarixdən əvvəl başlamışlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətinə qarşı “İddiaçı səhhətinə vurulmuş zərərin əvəzi olaraq 2.500 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.530 manat pulun cavabdeh Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şirkətindən tutularaq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-137/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-137/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver