Məhkəmə qərarları › İş №2(004)-1413/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1413/2023

02.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1413/2023 02.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil və ona aid sənədlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil və ona aid sənədlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, həmçinin 10000 ABŞ dolları məbləğində maddi və mənəvi ziyanın cavadehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil onun mülkiyyətindədir. Bir müddət əvvəl X12 ilə aralarında olan razılaşmaya əsasən o, “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobili 18000 ABŞ dolları müqabilində ona satmalı idi. Pünhan Əlizadə ilə aralarında olan razılığa əsasən, 18000 ABŞ dolları ona ödənilənədək avtomobil Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr ərazisində yerləşən dayanacaqda saxlanılmalı idi. Eyni zamanda, avtomobilin müvəqqəti idarə edilməsi üçün onun tərəfindən Pünhan Əlizadənin xahişi ilə onun tanışı cavabdehə xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə icazə kağızı (yol vərəqəsi) verilmişdir. X15 və cavabdeh heç bir müqavilə, hüquqmüəyyənedici sənəd olmadan, qanunsuz şəkildə onun mülkiyyətindəki avtomobili lomborda girov qoyaraq 25000 manat məbləğində pul götürmüşlər. Lakin, 18.000 ABŞ dolları hazıradək Pünhan Əlizadə tərəfindən ona ödənilməmişdir. Məhz buna görə, onun tərəfindən avtomobil geri tələb edilsə də, Famil Həsənov bundan imtina edir. Hazırda onun mülkiyyətində olan “FORD EDGE” markalı (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil cavabdehin həyətində qanunsuz olaraq saxlanılır. Yəni, hazırda avtomobil onun mülkiyyətində olsa da, heç bir müqavilə, etibarnamə olmadan Cavabdeh onu öz həyətində saxlayaraq geri qaytarılmasından imtina edir. Buna görə də, tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 016-25822M-3222 nömrəli cavab məktubundan da göründüyü kimi FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil üzərinə özgəninkiləşdirmə ilə bağlı məhdudiyyət qoyulmuşdur. Həmçinin, müvafiq cavab məktubu da bir daha təsdiqləyir ki, FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobil onun mülkiyyətindədir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 25500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yaxın dostu olan həmkəndlisi Pünhan adlı şəxlə ona müraciət edərək pul 20 gün müddətində 15 000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Bunun müqabilində “Ford EDGE” markalı avtomobili alqı-satqı əsasında onun adına keçirəcəyini bildirmişdir. Nəticə etibarı ilə ona 15000 ABŞ dolları ekvalentində 25500 manat ödəmiş, həmin avtomobil alqı satqı müqaviləsi ilə onun adına keçirilmişdir. Daha sonra, şəxs Dövlət yol polis idarəsinə müraciət edərək guya ona pulunun ödənilmədiyi barədə ərizə yazaraq avtomobilin onun adına keçirilməsinin qarşısını almışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi etibarnamədən görünür ki, mübahisəli avtomobil onun mülkiyyətindədir. İlk iddia üzrə cavabdehlə aralarında avtomobillə bağlı alqı-satqı müqaviləsi bağlanmamışdır, onunla ədavəti yoxdur. Pünhan adlı şəxs onu aldadaraq maşını götürmüşdür. Pünhan 10-15 günə maşının pulunu verəcəyini bildirmişdi. Pünhan ona maşını girov qoyacağını bildirdikdə, o etiraz etməmişdir. O, Pünhana 15 gündən sonra maşının pulun verməcəyi təqdirdə, avtomobili geri götürəcəyini bildirmişdir. O, ilk iddia üzrə cavabdehə avtomobillə bağlı 10 gün müddətinə hesab-arayış vermişdir. Cavabdehə hesab-arayışı verməyini ondan Pünhan xahiş etmişdir. Avtomobilin lombarda girov qoyulmasından əldə edilən pul ona verilməmişdir, o yalnız vasitəçilik etmişdir və avtobilini satan şəxs olmuşdur. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, o, 14 dekabr 2021-ci il tarixə qədər ilk iddia üzrə iddiaçını tanımamışdır. Onun qohumu İmran Moskvadan zəng edərək dostu Pünhana pul lazım olduğunu, şərikinin avtomobilini lombarda girov qoyaraq pul götürməyin mümkün olub-olmamasını soruşmuşdur. Daha sonra ona avtomobilin şəkillərini göndərmişlər. O, da həmin şəkilləri iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bağırov Firudinə göndərmişdir. O, Firudinə 15000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. Firudin maşına baxış keçirdikdən sonra pulu verə biləcəyini bildirmişdir. İlk iddia üzrə iddiaçı avtomobillə bağlı ona hesab-arayış vermişdir. O, Firudinlə girov müqaviləsi bağlamış, Firudin 25500 manat pulu ilk iddia üzrə İddiaçı vermişdir. O da, pulu sayaraq götürmüşdür. O, özü də ilk iddia üzrə iddiaçıya 500 manat pul vermişdir. O, Məhəmmədlə birlikdə Əhmədli qəsəbəsinə getmişdir. Türkiyədə olan Pünhana pul verdikdən sonra, Məhəmməd də burada bir şəxsə onda olan pulu vermişdir. Firudin 15 gündən sonra ona zəng edərək pulun qaytarılmadığını bildirmişdir. O, Məhəmmədə zəng etmiş, bir ay müddətinə pulun qaytarılacağını bildirmişdir. Bir aydan sonra, onlar lombardın bir aylıq pulunu göndərmişlər. Daha sonra, ona mallarının batdığını bildirərək bir ay da gözləməyi xahiş etmişlər. O, avtomobili adına rəsmiləşdirmək istədikdə Məhəmməd 10000 ABŞ dollarını özü verəcəyini bildirmişdir. O, avtomobili adına rəsmiləşdirmək istədikdə ona Məhəmmədin Baş X22 İdarəsinə ərizə ilə müraciət etdiyini və avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyətin qoyulduğu bildirilmişdir. Əlavə olaraq, ilk iddia üzrə iddiaçının sualına cavab olaraq ilk iddia üzrə iddiaçının özünün ondan pul istədiyini və avtomobilin şəkillərinin ona tanımadığı nömrədən göndərildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahatında 15 dekabr 2021-ci il tarixdə ilk iddia üzrə Cavabdeh mənə whatsapp vasitəsi ilə maşının şəkillərini göndərərək İmranın dostu olan Pünhana Türkiyədən mal vurmaqla əlaqədar 15000 ABŞ dolları pul lazım olduğunu bildirmişdir. O, maşının 28000 manat qiymətinin olduğunu öyrənmiş və maşının lombarda girov qoyulacağı təqdirdə 15000 manat pul verə biləcəyini bildirmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh Familə görə həmin məbləğ verməyə razılaşmışdır. O, maşının adına sənədləşdirilməli olduğunu demişdir. İlk iddia üzrə İddiaçı addan-ada keçirmək üçün pul lazım olduğunu və pulu 15 günə qaytaracağını bildirmişdir. O, 6000 manat kassada olan pulu və 19000 manat bankdan kredit götürərək Məhəmmədə vermişdir. 15 gündən sonra, Məhəmmədə zəng edəndə bir ay müddətinə pulun qaytarılacağını bildirmişdir. 15 yanvar 2022-ci il tarixdə Məhəmmədə yenidən zəng etmişdir. X16 zəng edərək mallarının batmasını bildirmiş, 1 ay da gözləməyini xahiş etmişdir. 09 mart 2022-ci il tarixdə Məhəmməd ona zəng edərək 10000 manat pul verəcəyini bildirdi. Daha sonra, Məhəmmədin Baş X22 İdarəsinə ərizə ilə müraciət etdiyi və avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyulduğu məlum olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 000382 nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, “satıcı” X14 ilə “alıcı” Cavabdeh arasında “FORD EDGE” markalı, 99BR066 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan ƏİX nömrəli 430417 nömrəli girov biletinin surətindən görünür ki, Cavabdeh “FORD EDGE” markalı, (MT273AZ/TR21 tranzit nişanlı) avtomobili 15 dekabr 2021-ci il tarixdən 30 dekabr 2021-ci il tarixə qədər lombarda girov qoymaqla X3 25000 manat kredit götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X22 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «FORD EDGE» markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə gömrük bəyannaməsi AA563309 nömrəli hesab-arayış əsasında X6 adına qeydiyyata alınaraq girov müqaviləsi ilə "xxxx" ASC-nin Şəki filialının xeyrinə yüklü edilmişdir. Sözügedən nəqliyyat vasitəsi "xxxx" ASC-nin Şəki filialının 82 nömrəli məktubu əsasında girovdan azad edilmiş, xx.xx.2017-ci il tarixdə komisyon mağazadə satılması üçün Rizvan Sadıqovun adından qeydiyyatdan çıxarılmışdır. Sorğu edilən «FORD EDGE» markalı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdə 733570 nömrəli hesab-arayış əsasında **-VO-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X13 adına qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə onun adından qeydiyyatdan çıxarılaraq X8 adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı **-VO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satış üçün Leyla Mərahiminin adından qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən və “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə «FORD EDGE» markalı 90BR066 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X14 adından onun etibarnamə üzrə hərəkət edən nümayəndəsi X2 tərəfindən İddiaçı 11 ay 21 gün müddətinə olmaqla xx.xx.2022-ci il tarixinədək etibarnamə verilmişdir. Etibarnamə verilən səlahiyyətlər sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməkdən ibarət olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədıl edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı AR-nın DİN-nirı rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, əvvəllər tanıdığı X12 onun satmaq istədiyi özünə məxsus Ford Edge markalı avtomobili almaq istəməsi barədə bildirmiş və həmin avtomobilin Pünhan Əlizadəyə 18.000 ABŞ dollarına satılması barədə öz aralarında razılığa gəlmişlər. Bundan sonra 15 dekabr 2021-ci il tarixdə Pünhan Əlizadə ilə həmçinin öz aralarında razılığa gəlmişlər ki, sonuncu avtomobilin pulunu ona verilənə qədər avtomobil Bakı şəhəri, Binəqədi rayonu 9-cu mkr ərazisində yerləşən dayanacaqda qalsın. Eyni zaman da o, avtomobilin müvəqqəti idarə edilməsi üçün Pünhan Əlizadəyə sənəd vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, o, avtomobilə görə Pünhan Əlizadəyə heç bir hüquq verən sənəd vermədiyi halda sonuncu avtomobili ondan xəbərsiz lombarda girov qoyaraq 25.000 ABŞ dolları pul götürmüşdür. Araşdırma zamanı material üzrə izahatı alınmış Cavabdeh izahatında bildirmişdir ki, “xx.xx.2021-ci tarixdə onun Rusiya Federasiyasında olan qohumu İmran adlı şəxs, Türkiyə Respublikasında ola Pünhan adlı tanışına 15.000 ABŞ dolları pul lazım olduğunu, onun Bakı şəhərində olan Məhəmməd adlı şərikinin Ford Edge markalı avtomaşınını girov qoymaq şərli ilə həmin pulu ona verməsini, Məhəmmədin isə həmin pulu Türkiyəyə göndərəcəyini bildirmişdir. O, Məhəmməd adlı şəxsə onunla əlaqə saxlamasını bildirmiş və həmin gün Pünhan onunla əlaqə saxlamışdır. Daha sonra ona İddiaçı zəng etmiş və "Watsapp vasitəsi ilə ona Ford Edge markalı avtomobilin şəkillərini göndərmişdir. O, lombard işi ilə məşğul olan qohumu X7 zəng etmiş və həmin avtomobili şəkillərini ona da göndərmiş, ondan avtomobilə görə girov miiqavilində nə qədər pul verəcəyini soruşmuşdur. Firudin həmin avtomaşına görə 25.000 manat girov müqabilində verə biləcəyini demişdir. O, Məhəmmədlə əlaqə saxlamış və sonuncu onunla razılaşmışdır. Həmin gün o, Məhəmmədlə saat 15:00 radələrində ünvan 1 ünvanında yerləşən qohumu X9 işlətdiyi lombarda getmişdirlər. Məhəmməd ona Pünhanla şərikli iş gördüklərin Türkiyədən meyvə vurduqlarını, həmin malın Rusiya Federasiyasına göndərəcəklərini və əldə olunan gəlirlə lombardın pulu ödəniləcəyini demişdir. Firudin həmin avtomaşına baxış keçirmiş və avtomaşının tranzit nömrəli olması səbəbindən. Məhəmmədlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan-Xocasən yolunda yerləşən BDYPİ-nin Dövlət İmtahan və Qeydiyyat şöbəsinin yanında "Biznes Firması” adlam şirkətin nümayəndəsi vasitəsi ilə avtomaşın barədə sərəncam vermə haqqında hesab arayışı alaraq avtomaşını onun adına keçirmişdir. Onlar birlikdə yenidən Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 13/37 ünvanında yerləşən qohumu X4 işlətdiyi lombarda getmiş Firudinlə görüşmüşdürlər. Firudin girov müqaviləsi bağladıqdan sonra 25.000 manat pulu Məhəmmədə təhvil vermişdir. Artıq saat 17:30-da banklar işləmədiyi üçün bu səbəbdən köçürmə əməliyyyatı həya keçirmək mümkün olmamışdır. Məhəmməd ona həmin pulun həmin gün Pünhana çatmasını vacib olduğunu, yoxsa həmin malların bata biləcəyini demişdir. O, Türkiyədə olan dostuna zəng edərək Türkiyə olan Pünhana 15.000 ABŞ dolları verməsini, onların burada olan qohumlarına həmin pulu verəcəklərini bildirmişdirlər. O, Məhəmmədlə birlikdə Əhmədli metrosıansiyasına getmiş, X10 zəng edərək ona 15.000 ABŞ dollarını təhvil aldığını dedikdən sonra Məhəmməd 25.000 manat pulu Anar adlı şəxsin qohumuna vermişdir...” Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, ilkin iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı mübahisəsini etdiyi əmlakla bağlı subyektiv hüquq sahibi deyildir. Qeyd edilən nəqliyyat vasitəsi iddiaçının iddia etdiyi kimi onun mülkiyyətində deyil. Həmin nəqliyyat vasitəsinə dair X14 tərəfindən ilkin iddia üzrə iddiaçıya nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə verilmiş, nəqliyyat vasitəsi iddiaçının adına qeydiyyata alınmamış və ilkin iddia üzrə iddiaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ yaranmamışdır. Həmçinin, etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvədən düşmüş və hazırda ilkin iddia üzrə iddiaçının nəqliyyat vasitəsinə dair hər hansı hüququ yoxdur. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni tələb etdiyi nəqliyyat vasitəsinin onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyindən, cavabdehdən həmin nəqliyyat vasitəsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, ilk iddia tələbi iddiaçının mübahisə etdiyi avtomobillə bağlı subyektiv hüququnun olmadığı müəyyən edildiyindən və ilkin iddia üzrə cavabdeh tərəfindən ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından, iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi hissəsində də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ilə girov müqaviləsi bağladığını və X4 25500 manat pulu ilk iddia üzrə İddiaçı verdiyini qeyd edərək, həmin pulu tələb edir. Həm qarşılıqlı iddia üzrə iddiaçı, həm də mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatlarında pulun birbaşa İddiaçı verildiyini qeyd etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsinə dair X14 (etibarnamə üzrə nümayəndəsi X2) ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin tarixdə də Cavabdeh nəqliyyat vasitəsini lombarda girov qoyaraq, girov biletinə imza atmaqla 25000 manat pulu götürmüşdür. Lakin, Cavabdeh sonradan həmin pulu, həmçinin özünün 500 manat pulunu İddiaçı verməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi kimi, pulu İddiaçı götürdüyü halda, həmin vaxt nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ olan etibarnamənin olduğu da nəzərə alınaraq borclu da, girov verən də İddiaçı olmalı və pulu girov biletinə İddiaçı özü imza ataraq götürməli idi. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçının qeyd etdiyi kimi, lombarddan pulu birbaşa olaraq İddiaçı götürdüyü hesab edilsə, bu halda da, həmin pul X7 məxsus olmaqla bilavasitə onun tərəfindən verildiyindən və Cavabdeh tərəfindən əşyanın lombardda girovu müqaviləsi ilə təmin edilmiş öhdəlik icra edilmədiyindən qarşılıqlı iddia üzrə iddiaçı həmin pulu tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Əlavə olaraq da qeyd edilməlidir ki, Cavabdeh polis bölməsində izahatında pulu qohumu İmran adlı şəxsin tanışı Pünhan adlı şəxs üçün lazım olduğunu, onun Türkiyədə olan dostunun Pünhana 15.000 ABŞ dolları verdiyini, Məhəmmədin də 25.000 manat pulu onun yanında Anar adlı şəxsin, yəni Türkiyədə olan dostunun qohumuna verdiyini bildirmişdir. Göründüyü kimi, o izahatında pulu Məhəmməd üçün deyil, Pünhan adlı şəxs üçün götürdüyünü və pulun da Məhəmməd tərəfindən Pünhana verildiyini bildirmişdir. Bu halda həmin pulu İddiaçı tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 271.2-ci maddəsinə əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Həmin Məcəllənin 280.1-ci maddəsinə əsasən, girov müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən, əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.3-ci maddəsinə əsasən, saxlanca qoyulan əşyalar lombarda verilir. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni ikin iddia rədd edilməli olduğundan, iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “avtomobilin özgənin qanunsuz sahibliyindən geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar