Məhkəmə qərarları › İş №2(004)-1438/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1438/2023

17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1438/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X4 oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “qızıl-zinət əşyalarının və borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4500 manat pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı1 verilməsi; 1 ədəd qızıl üzük və sırğa komplektinin, 1 ədəd qolbağın, ağ qızıl dəstinin (üzük, boyunbağı, qolbaq, sırğa) Cavabdeh2 və Cavabdeh1 alınaraq Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına verilməsi, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyərinin cavabdehlərdən müştərək qaydada alınaraq Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə toyları olmuş, nikaha daxil olduqdan sonra ünvan 1 ünvanında yaşamışlar. Həmin müddət ərzində onların evində İddiaçı1 tərəfindən 1500 manat dəyərində bir sıra təmir işləri həyata keçirilmişdir. Cavabdeh1 atası Cavabdeh2 həmin vaxt təmir üçün pulunun olmadığını bildirmişdir və pulu olduğu zaman həmin məbləği geri qaytaracağını bildirmişdir. Daha sonra, təqribən 2021-ci ilin noyabrdekabr aylarında Cavabdeh2 İddiaçı1 zəng edərək qızına məxsus qızıl-zinət əşyalarının lombardda qaldığını, bunun üçün 3000 manat məbləğində pul vəsaiti lazım olduğunu və ən qısa müddət ərzində geri qaytaracağını bildirmiş, Cavabdeh1 isə həmin pulu alaraq bacısına məxsus qızıl-zinət əşyalarını lombarddan çıxarmışdır. Cavabdehlər borclarını ödəmək üçün iddiaçı Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına valideynləri tərəfindən alınmış 1 ədəd qızıl üzük və sırğa komplektini, 1 ədəd qolbağı, özlərinin aldığı ağ qızıl dəstini (üzük, boyunbağı, qolbaq, sırğa) götürərək lombarda qoymuşlar. xx.xx.2022-ci il tarixdə iddiaçı Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızı ilə Cavabdeh1 arasındakı nikaha xitam verilmişdir, lakin bu günə qədər cavabdehlər tərəfindən qızıl-zinət əşyaları və borc götürülmüş vəsait müxtəlif bəhanələr gətirilməklə geri qaytarılmamışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qismən qəbul edərək izahatında İddiaçı1 tərəfindən onlara məxsus mənzildə təmir işlərinin aparıldığını, lakin təmirə 1500 manat pul sərf edilmədiyini, ustanın iddiaçının tanışı olduğunu, iddiaçı tərəfindən ona 2500 manat bir, daha sonra hissə-hissə 300 manat və 200 manat bir pul verildiyini, həqiqətən iddia ərizəsində göstərilən iddiaçı Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına məxsus qızılları anasına məxsus qızıl-zinyət əşyaları ilə birlikdə lombarda girov qoyaraq borc götürdüyünü, borcu hal-hazıradək qaytarmadığından qızılların lombardda qaldığnı bildirmişdir. Cavabdeh2 oglu məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı1 ilə Cavabdeh2 arasında telefon danışıqlarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehdən ona məxsus 3000 manat pulu və qızına məxsus qızıl-zinyət əşyalarının qaytarılmasını tələb etmiş, Cavabdeh2 oğlu Tofiq tərəfindən qızılların və pulun qaytarılması üçün ona məxsus evi satışa qoyduğunu, evi satıldıqdan sonra borcu və qızılları qaytaracaqlarını bildirmişdir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş fərdi sahibkar X1 məxsus lombardın mərkəzi filialı tərəfindən təqdim edilmiş 24 mart 2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, həmin aktla həmin cavabdeh tərəfindən lombarda qoyulmuş 15 adda qızıl-zinyət əşyaları qiymətləndirilmişdir. Cavabdeh həmin aktda göstərilən qızılların anasına və iddiaçı Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına məxsus olduğun göstərmişdir. Lakin aktda göstərilən qızıllardan iddiaçıya məxsus qızılların hansı nömrə ilə qeyd olunduğunu bildmədiyini bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2023-cü il tarixli, 9/3415 saylı ekspert rəyindən görünür ki, ekspert iddiaçi Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına məxsus üzərində mübahisəli qızılzinyət əşyaları olan fotoşəkillər əsasında qızıl-zinyət əşyalarının dəyərini müəyyən edə bilməmiş və lombardın aktında göstərilən qızılların ümumi dəyərini hal-hazırda mövcud olan bazar qiymətləri ilə müəyyən etmişdir. Ekspert rəyinə əsasən iş materiallarında adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 32604,80 manat müəyyən edilmişdir. Həmin qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyinə görə qiymətləndirmə nəzəri qaydada aparılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla – tərəflərin izahatları, telefon danışıqları, lombard tərəfindən verilmiş qiymətləndirmə aktı, fotoşəkillərlə iddia tələblərinin əsaslandırıldığı hallar, yəni İddiaçı1 tərəfindən 3000 manat məbləğində borc verilməsi, 1500 manat məbləğində cavabdehə məxsus mənzildə təmir işlərinin görülməsi, Cavabdeh1 tərəfindən iddiaçı Məmmətağızadə Gülüyə məxsus qızıl-zinyət əşyalarının lombarda girov qoyması və geri qaytarmaması təsdiq olunduğundan iddia qismən əsaslıdır və qismən təmin edilərək Cavabdeh2 4500 manat pul vəsaiti tutularaq İddiaçı1 verilməli, 1 ədəd qızıl üzük və sırğa komplekti, 1 ədəd qızıl qolbağ, ağ qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) Cavabdeh1 alınaraq Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına verilməli, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri Cavabdeh1 alınaraq Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 125 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh2 4500 (dörd min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı1 verilsin. 1 ədəd qızıl üzük və sırğa komplekti, 1 ədəd qızıl qolbağ, ağ qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) Cavabdeh1 alınaraq Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına verisin. 1 ədəd qızıl üzük və sırğa komplekti, 1 ədəd qızıl qolbağ, ağ qızıl dəsti (üzük, boyunbağı, qolbaq, sırğa) qətnamə icra olunan vaxt mövcud olmadıqda onların dəyəri Cavabdeh1 alınaraq Məmmədtağızadə (Abdullayeva) Gülü Qoşqar qızına ödənilsin. 50 (əlli) manat məbləğində ekspertizanın dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar