Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1503/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3600 (üç min altı yüz) manat məbləğində olan divar suvağı işlərinin görülməsinə və divar kağızlarının alınmasına görə ödədiyi vəsaitin, 1000 (bir min) manat məbləğində yararsız mətbəx mebelinə görə ödədiyi avansın, hamam kabinəsinin satın alınmasına görə ödədiyi 350 (üç yüz əlli) manat məbləğin, yenidən təmir materiallarının alınmasına görə ödədiyi 384 (üç yüz səksən dörd) manat vəsaitin əvəzinin, o cümlədən ona vurulmuş 5000 (beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın, ümumilikdə 10 334 (on min üç yüz otuz dörd) manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinə əlavə təqdim edərək xx xxxxxx 2021-ci il tarixli iddia ərizəsi üzrə tələbi 450 manat məbləğində artıraraq, ümumilikdə 10784 manat məbləğində pul vəsaitinin cavabdeh Yusif Mitandan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı etiraz məktubunda iddianın əsassız olduğu bildirmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mətbəx mebelinin yenidən düzəldilməsi üçün 1800 manat pul veriblər. İddiaçı tərəfindən cavabdehə verilmiş 1000 manat avansı və 300 manat zərəri tələb edirlər. 1000 manat pul verildiyini Yusif qəbul edib. Onlar Yusiflə qapının düzəlməyini 350 manata danışıblar. Məmmədova Ülkər bildirmişdir ki, xx.xx.2021-ci il tarixli iclasda şahidlik edən usta qapını 500 manata düzəltdiyi üçün əlavə ödənilmiş 150 manat məbləğində pul tələb olunur. Bütün evin divar kağızı işinə görə 3600 manat məbləğində pul istəyirlər, bununla bağlı qəbzlər var. 1600 manat Yusifə divar kağızlarına görə verilmiş puludur. 2000 manat isə ustanın əmək haqqıdır. Yeni alınmış divar kağızlarının pulunu istəməyiblər. Mənəvi zərərlə bağlı isə bildirmişdir ki, məhkəmə prosesinin gedişindən də məlum olub ki, yay aylarından təmir işlərinə başlanılıb. Təmir işləri dekabrda yekunlaşıb. Həmin vaxt onlar evə girə bilməyiblər. Sentyabrda onların övladı birinci sinfə gedəcəkdi, ona görə də evə köçmək istəyiblər, lakin ev hazır olmayıb. Müharibə dövründə Gəncə şəhərinə bomba atıldığına görə qohumları onalra gəliblər. İkiotaqlı evdə hamısı birlikdə yaşayıblar. Bu dövrdə yüksək gərginlik və sarsıntı içində olublar. Məmmədova Ülkər sədrlik edənin 1000 manat avans və 300 manat zərərlə bağlı sualına cavab olaraq bildirmişdir ki, , onlar əvvəl mətbəx mebelininin düzəldilməsi üçün cavabdehlə 1500 manat pul ödəmək barədə razılaşıblar, mətbəx mebelinin yenidən düzəldilməsi üçün 1800 manat pul veriblər. Yeni mətbəx mebelinə 1800 manat ödəməkləri ilə bağlı sübut isə məhkəməyə təqdim edilmiş diskdir. Həmin diskdə usta mətbəx mebelini 1800 manata quraşdıracağını bildirmişdir. Cavabdehdən tələb etdikləri 300 manat ödədikləri əlavə pul və 1000 manat cavabdehə verilmiş avansdır. İş materiallarında olan cavabdeh tərəfindən onlara təqdim edilən hesab vərəqində də mətbəx mebelinin qiyməti qeyd olunub. 150 manat hamam qapısına görə tələb edilən məbləğlə bağlı bildirmişdir ki, Yusiflə qapının düzəlməyini 350 manata danışıblar. Məmmədova Ülkər bildirmişdir ki, xx.xx.2021-ci il tarixli iclasda şahidlik edən usta qapını 500 manata düzəltdiyi üçün əlavə ödənilmiş 150 manat məbləğində pul tələb olunur. Ustanın şahidliyi əlavə pul ödədiklərini sübut edir. Sədrlik edənin 3600 manat tələblə bağlı sualına cavab olaraq bildirmişdir ki, yenidən usta çağırılmış və həmin usta işlərin görülməsi üçün 2000 manat məbləğində əmək haqqı istəyib və xx.xx.2021-ci il tarixdə həmin usta şahid kimi ifadə verərək qeyd edilən məbləği aldıığını bildirmişdir. 1600 manat pul isə cavabdehə divar kağızlarına görə verilmiş puldur. Həmin məbləğ də iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən bizə təqdim olunmuş alınan materaillarla bağlı xərclərdə qeyd olunub. Yenidən alınan divar kağıxlarına ödənilən pulu istəmirlər. Hamam kabinəsinin satın alınmasına görə tələb olunan 350 manat məbləğlə bağlı bildirmişdir ki, Cavabdeh hamam kabinəsinin alınması ödəniş edilmiş lakin Cavabdeh hamam kabinəsini almadığı üçün iddiaçı yenidən ödəniş edərək hamam kabinəsini almalı olmuşdur. Bununla bağlı qəbz məhkəməyə təqdim edilmişdir. 384 manat xərclərlə bağlı suala cavab olaraq bildirmişdir ki, əlavə işlər görülərkə alınmış materaillara görə çəkilən xərclərdir. Bununla bağlı qəbzlər məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə keçirilən iclasda bildirmişdir ki, onlar Yusif Mitanı xeyli müddətdir tanıyırlar. Qayınatasının tanıdığı olub. Tanıdıqları insan olduğu üçün onunla iş görməyə başlayıblar. Pandemiya şəraiti olduğu üçün belə razılaşıblar ki, Yusif Mitan öz komandası ilə evi təmir edəcək, lakin onlar gedib-gələ bilməyəcək. Öncədən məbləği soruşublar. Evin təmiri sıfırdan olmayıb. Cavabdeh sadəcə divar kağızı və.s işlərin görülməsinin ümumilikdə 16000 manat vəsait tutacağını deyib. Daha sonra təmir başlayıb. Hər dəfə xərclərlə bağlı onlara müraciət etdikdə ona vəsaiti təqdim ediblər və bununla bağlı qəbzlər məhkəməyə təqdim edilib. Bir müddət pandemiya və iş şəraiti ilə əlaqədar olaraq hər gün evə gedib-gələ bilməyiblər. Eyni zamanda başqa yerdə yaşadıqları üçün işə nəzarət edə bilməyiblər. Cavabdeh evi və aldığı materialları video vasitəsilə onlara göstərib. Təmir işləri yay aylarında başlayıb. Cavabdeh 3 ay müddətinə təmiri yekunlaşdırmağı boynuna götürsə də təmir işləri 6 ayı keçib. Onlar divar kağızları vurulduqdan sonra evə baxmağa gediblər. Bir gün sonra vurulmuş bütün divar kağızları tökülüb. Onlara bildirilib ki, divardan və ya nəmişlikdən ola bilər. İkinci dəfə yenidən ödəniş ediblər. Yenidən divar kağızı vurulmuş və təkrar tökülmüşdür. X1 çağırıblar. Göyüşov Sahib ustadır. O bildirib ki, divar işləri düzgün görülmədiyi üçün divar kağızı yaxşı yapışmır və nəticədə tökülür. Yusif Mitanın mühasibi Orxan bəy ilə də əlaqə saxlanılıb. Mühasibin özü də bildirib ki, divar kağızını düzəldə biləcək professional ustaları yoxdur. Orxan bəyin özünün də iştirakı ilə onlar başqa bir usta da çağırıblar. Həmin usta da evə baxış keçirib bildirib ki, müəyyən işlər yanlış yerinə yetirildiyi üçün bu problemlər baş verir. Orxan bəyin iştirakı ilə işlərin yenidən görülməsi üçün onlardan iki min manat pul istənilib. Orxan bəy özü də işlərin yenidən görülməli olması və deyilmiş məbləğ ilə razılaşıb. Bununla əlaqədar akt da tərtib olunub. Evə baxışda ustanın köməkçisi X6 da iştirak edib. Cavabdeh usta gətirməkdən imtina etmiş və bildirmişdir ki, özləri usta gətirsin. Büdcəylə bağlı xərclərin içində alçı sıva ustası 2150 manat yazılıb. Onlar digər usta ilə 2000 manata razılaşıblar. Divar kağızlarının töküldüyünü görənə qədər evə lazım olan bütün materialları Cavabdeh alıb. Cavabdeh onların verdiyi məbləğin qarşılığında keyfiyyətsiz iş görüb və onlar yenidən xərc çəkməli olublar. Podrat işi keyfiyyətsiz və qüsurlu görüldüyü üçün vurulmuş zərərin əvəzi ödənilməlidir. Şəxslə danışıqları olub, ona müəyyən məbləğ ödəniş edilib. Cavabdeh işi öhdəsinə götürmüş, sonda da 3 ay müddətinə 16000 manat pul məbləğinə işi təhvil verəcəyini bildirmişdir. Lakin məbləğ 16000 manatı keçmişdir. Cavabdeh 1600 manata divar kağızı aldığını bildirmiş və onlardan bunun ödənişini istəyir. Onlar yenidən divar kağızlarını 705 manata alıblar. Hər görülən işin üzərinə öz komisyonunu qoyub. Komisyonun xüsusi olaraq ödənilməsi ilə bağlı məbləğ danışılmayıb. Onlara cəmi xərcin 16000 manat olacağı bildirilib. Alışları özünün edəcəyini bildirib. 16000 manata razılaşma olub. Bu məbləğə bütün materialları Cavabdeh almalı , bütün materialların qiyməti bu məbləğin içində olmalı və komisyon haqqı da həmin 16000 manat məbləğə daxil olmadı idi. Məbləğ artıq 23800 manatı keçib. Belə hesab edir ki, olunan ödənişlər ilə cavabdeh öz komisyon haqqını götürüb. Daha sonra mətbəx mebeli ilə bağlı razılaşma olub. Onlara mətbəx mebeli, usta haqqı və material ilə birlikdə 1500 manat məbləğ olacağını deyib. Avans olaraq 1000 manat ödəniş istəyib. 1000 manat avans ödəmə təqdim olunmuşdur. Mətbəx mebeli isə yarımçıq təhvil verilib. Dəfərlərlə Cavabdehla əlaqə saxlanılmış Cavabdeh onlara mebelin dizaynını göndərmiş, qeyd etmişdir ki, sonda mebel onlara hansı formada təhvil veriləcək. Bir neçə dəfə görüş təyin olunmuş, onlara bildirilmişdir ki, material almadığı üçün mətbəx mebelini təhvil verə bilmir. Özləri usta tapmış sıfırdan mətbəx mebeli yığılmışdır. Məbləğ 1850 manat hesablanıb. Göyüşov Sahib vurulmuş suvağı söküb yenidən suvaq vurub və onlardan 2000 manat məbləğində pul alıb. Divar kağızlarının hamısı sökülüb. 705 manat məbləğində divar kağızı vurulub yerinə. Hamam kabinəsini almaq üçün Cavabdeh mağazaya getmiş, daha sonra onlar mağazaya getdikdə bildiriblər ki, ödəniş olunmadığı üçün hamam kabinəsini gətirmirlər. Lakin, hamam kabinəsinin ödənişi Cavabdeh verilib. Onlar yenidən ödəniş edib hamam kabinəsi almalı olublar. Cavabdeh sonuncu dəfə olunan ödənişdən sonra digər işləri başa çatdırmaq üçün yenidən ödəniş istəmişdir. Onlar da digər işləri başa çatdırması üçün ödəniş ediblər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, iddiaçının nümayəndəsi də qeyd etdi ki, pandemiya müddətində özləri Cavabdeh yaxınlaşıblar. Cavabdeh İddiaçı atasını əvvəlcədən tanıyır. Xahiş ediblər ki, pandemiya şəraiti və işləri ilə bağlı olaraq evin təmirində onlara kömək etsin. Bütün qaimələrdə İddiaçı adı qeyd olunub. Bütün materialların alışında iddiaçı özü də iştirak edib. Belə hesab edir ki, iddiaçı divar kağızlarının vurulduqdan sonra töküldüyünü sübut etməlidir. Aktın həmin dövrdə tərtib olunub-olunmadığı bilinmir. 1000 manat məbləğində avansın ödənilməsini təsdiq edən heç bir sənəd yoxdur. Belə hesab edir ki, görülən iş yaxşılıq olaraq görülmüşdür. İddiaçı öhdəliyi sübut edə bilmir. Suvağın sökülüb yenidən vurulduğu da sübut edilməlidir. İddiaçı tərəf işi yekunlaşdırmaq üçün Cavabdeh komandasını evə buraxmayıb. İddia ərizəsində 23800 manat ödəniş olunduğu yazılıb. Lakin, təqdim olunan qəbzlərdəki ödənişlərin cəmi 22500 manatdır. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mətbəx mebelini gətirən adam razılaşdıqları qapaqları gətirmədi və başqa mebel üçün yalnızca korpusu yığa biləcəyini, qapaqları isə düzəldə bilməyəcəyini dedi. İddiaçı tərəf ustaları içəri buraxmayıb. O heç bir materialı onların iştirakı olmadan almayıb. O sadəcə pandemiya dövüründə işə nəzarət edib. Qaldıqları ev də yan tərəfdə olub. O divar kağızı ilə bağlı məsələdə mağazanın satış müdirini gətirmiş və demişdir ki, problem yapışqandadır. O işin başından sonuna qədər iddiaçının atasının israrı ilə orada olub. Onun işçiləri də o şəkildə işləyən ustalara nəzarət ediblər. Bir dəfə onlar cavabdehi axşam danışmaq üçün evə dəvət ediblər, lakin o gedə bilmədiyi üçün işçisi Orxanı göndərmişdir. Səhəri gün özü getmiş 15-20 dəqiqə sonra həyətdə İlkin Əliyevi görmüşdür. O vaxta qədər onlar İlkin Əliyevi görməyiblər və tanımayıblar. Əgər onun təmirdən anlayışı var idisə, əvvəldən nəzarət edərdi. O şirkətini bağlayıb, sadəcə kömək üçün bu işləri gödüyünü bildirib. O iddiaçı tərəf üçün gördüyü heç bir işdən gəlir götürməyibdir. Sadəcə Elmanla aralarındakı dostluq münasibətlərinə görə kömək edib. O polis bölməsində verdiyi ifadəni təsdiq etdiyini bildirmiş və qeyd etmişdir ki, ümumi iş bitdikdən sonra iddiaçının evinin toplam dəyərinin üzərinə 6% gəlinir. Pandemiya dövründə çalışan ustaların işçiliyinin qiymətini iddiaçı tərəfə demiş və onlar üçün baha olacağını bildirib. Cavabdeh qeyd etmişdir ki, o hələ ustalara öz cibindən pul da ödəmişdir. Qəbzlərdə yazılan ödənişlərin hamısının doğru olduğunu onlara etiraz etmədiyini bildirmişdir. İdidaçının qonşu evdə qaldığını hər gün gəlib evə baxdığını bildirmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, Yusuf bəy müqavilə bağlanılmasını təklif edib, lakin onlar qəbul etməyib. Təmir gedən vaxt polis gəlib, ustaların orada niyə işlədiyini, icazələrinin olubolmadığını soruşmuşdur. Elman müəllim isə Cavabdeh deyib ki, problem olsa o həll edəcək. Tərəflər əvvəlcədən podrat müqaviləsi bağlamaq istəməyiblər. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Qusarda polis rəisi olanda, orada türkiyəli mühəndis onu Yusuf ilə tanış edib. Evin təmiri başlamamışdan əvvəl onlar görüşmüş və görüləcək işin qiymətini danışıb razılığa gəliblər. Pandemiyaya görə o bağda qalmış, gəlib evə baş çəkə bilməmişdir. Gələndə görüblər ki, divar kağızlarının hamısı əyridi. Yusufa bunu bildiriblər, cavabdeh də onlara düzələcəyini deyib. 2-3 gün keçməmiş divar kağızlarının hamısı açılıb. Divar kağızlarını söküb yenidən vurublar. Divar kağızları yenidən düşüb. Qapı isə balaca olub, yuxarıda dayanıb. Mətbəx mebelində bütün materiallar daxil olmaqla qiymətini razılaşdırıblar. Onlar əvvəldən pul istəyiblər və Şahlar da həmin pulu verib. Mebelin korpusu gəlib, qapaqları yox. İddiaçı tərəf mebeli düzəltməyi tələb etsə də mebel düzəldilməmişdir. Axırıncı dəfə Orxan gələndə ona divarı düzəltmələrini deyib, onlar isə onların ustalarının bunu bacarmadıqlarını bildiriblər. Onlar evi yenidən təmir elətdirmiş, mebeli tamamlatmışlar. Yeni gələn usta da həmin mebelin üstündə işləməyi qəbul etməmiş, yenidən mebeli yığmış və həmin ustaya da yenidən ödəniş olunmuşdur. Şahid X17 cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Yusuf onlara həmin işlərin müqavilə ilə rəsmişləşdirilməsini təklif etməyib və təmir gedən vaxt evə polis gəldiyi doğrudur. xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, divarda əyriliklər çox olub. Divar kağızlarının əksər hissəsi sökülmüşdü. Qüsur da ondan ibarət idi ki, altdan astar vurulmuşdu, üzlük vurulmamışdı. Çox yerdə üzlük vurulmadığı üçün sökülmüşdü. Onlar yenidən mayak qurmuş, boşluqları alçı ilə doldurmuş və sonra divar kağızını vurmuşlar. X3 iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, onunla məbləğ danışılarkən ididaçının nümayəndəsi, Orxan İsmayılov, İlkin orada olub və onla akt tətib ediblər. İşin görülməsi üçün 2000 manat ödənilməsi barədə razılaşdıqlarını və əlavə materiallar alındığını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, evin təmirində problem olanda Şahlargil onun yanına gəliblər. Evdə vəziyyət çox pis olub. Divarların hamısı əyri, qapılar da çox pis olub. Təmir vaxtı onlar şəhərdə olmadıqlarına görə nəzarət edə bilməyiblər. Yusif söz verib ki, düzəldəcək. Səhəri gün ofisdə görüşüblər. O üzr istəmiş və düzəldəcəyini bildirmişdir. Yusif bildirib ki, yaxşı ustalar olmayıb, Orxan nəzarət etməyib. Divar kağızlarının hamısı əyri olub və qopub yerə tökülüb. Orxan dəfələrlə onun ofisinə gəlib, üzr istəyib. Yusif və Orxan onlara deyiblər ki, onların ustaları pisdir, siz usta çağırın biz pulunu ödəyəcik. Onlar da Sahib ustaya müraciət ediblər, o da 2000 manat işçilik istəmiş, oboylar alınmışdır. Lakin Yusif buna görə onlara pul verməyib. Şahid cavabdehin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, onlar evə girəndə divar kağızları divardan qopmuşdu. Sahib usta isə ora 5 gün sonra gəlib. Sahib ora ikinci dəfə vurulan oboylar qopduqdan sonra gəlib. Məhkəmə iclasında iştirak edən şahid X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Yusif onlara işə həssas yanaşmaqlarını tapşırmışdı. O da əlindən gələni etmişdir. Bütün materiallar seçilib vaxtında alınıb. Sonra otaqların birində divar kağızında problem əmələ gəlmiş və onlar o divar kağızlarını söküblər. Təkrar restovrasiya işləri görülüb. İkinci dəfə Yusif bəyin tapşırığı ilə öz hesablarına oboyları alıb, onun maşınına yükləyib və mənzilə təqdim ediblər. İkinci dəfə oboy vurulub. Bir neçə gün sonra o mənzilə yaxınlaşanda ustaların qapıda olduğunu görüb. Normalda mənzilin bir açarı onlarda olurmuş. Elman bəy qapıda olub və ustaların işindən narazı olduğu üçün onları içəri buraxmayib. Söhbət əsnasında Elman bəy divar kağızından bəhs etdi ki, problem ordadı. Həmin ərəfədə də onlar divar kağızları alınan şirkətin satış müdirini ora dəvət ediblər. Çünki ehtimal o idi ki, problem yapışqanda idi. O da nümunə götürmüş və demişdir ki, şirkətin laborotariyasına göndəriləcək və müəyyən oluncaq ki, problem nədədir. Lakin ondan sonra onlar ümumiyyətlə mənzilə buraxılmayıblar. Yalnız o bir neçə dəfə mənzilə gedib. Ev sahibləri ilə görüşüb. Sadəcə söhbət ediblər. Şahid cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq bildirmişdir ki, bütün otaqların, mətbəx daxil olmaqla, ağarma, suvaq, üzlük və astar işləri görülüb. Problem əsas yataq otağında olub. O otağın ölçüsü təxmini 23-25 kvadrat metrdir. Materialları Şahlargil özləri alıblar. Nəyə nə qədər pul verilirdisə, onlar iddiaçı tərəfə deyiblər. Xüsusilə aksesuarları özləri seçiblər. Şahid iddiaçının nümayəndəsinin suallarına cavab olaraq bildirmişdir ki, qiymət məsələlərindən xəbəri yoxdu. O sadəcə çatdırıb. Mətbəx mebeli üçün 1000 manat verilmişdi. Əksər hissəsi hazır idi. Qapaqlar alınmalı idi. O 20-30 gün də olmayıb. Amma bilir ki, Yusiflə ev sahibləri qapaqları seçiblər. Onlar əksər əşyaları Elman müəllimlə danışıblar. Yataq otağında sağ giriş hissədə 5mm əyrilik olub. 1 metrlik hissədə. O da yerindəcə aradan qaldırılıb. Şahid bütün otaqlarda əyrilik olduğunu təsdiq etməyib. İş başlayandan deyiblər ki, tanıdıqları ustalar gəlsin, onlar nəzarət etsinlər. Sahib usta ilə axşam saatlarında mənzildə görüşüblər. Sahib usta elə bir məbləğ deyib. Hansı kvadrata, kvadratının neçəyə olduğunu bilmir. Sahib usta deyib ki, 2000 manata işi görər. Lakin divar kağızının işçilik qiymətini onların ustalalarından baha deyiblər. Şahid sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 1000 manata mətbəx mebelinin karkası hazırlanmışdı. Qapaq və mərmər sonra vurulur. Mərmər nümunələrini Şahlar seçib. 1000 manat ödənişdən sonra ödəniş olmalıdır ki, qapaqlar qoyulsun. Onlar podratçı olmayıblar. İddiaçı ilə cavabdeh dost olublar. Onlar iddiaçı tərəfə kömək ediblər. O pul almayıb. Onun pul alındığı haqqında heç bir məlumatı yoxdu. Ustaların pulunu ev sahibi verib. Ən son divar kağızı vuran ustaların pulu qalıb, onu da Yusif bəy iki dəfəyə verib. Pulun hara xərcləndiyi barədə məlumat yazılı formada Şahlara verilib. Məhkəmə iclasında iştirak edən şahid usta X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, evdə bir yataq otağında problem olmuşdu. Orada da oboy mağazasından nümayəndə gəlib və nümunə götürüb gedib. Onlar həmin otağın oboyunu söküb yenidən işləyiblər, problemləri aradan qaldırıblar. İkinci dəfə oboy vurulanda divar zədələndiyi üçün üzlüklər düzəldib qurumağa qoyublar. Ondan sonra da onları mənzilə buraxmayıblar. Gördükləri işə görə onlar 650 manat alıblar. Onlar orada suvaq vurmayıblar. 228 kvadrat metrlik ev üçün hər kvadrat metrinə 7 manat pul alıblar. Nə irad tutulubsa hamısını düzəldiblər. Oboyu qurumağa qoyanda qapını, pəncərəni açmaq olmaz. Amma ev sahibləri qapını açırdılar. Şahid iddiaçının nümayəndəsinin sualına cavab olaraq bildirmişdir ki,qapının üstünün hörülməsi üçün Yusif ona 50 manat verib. Köhnə qapı çıxarılıb, yeni qapının ölçüləri düz gəlməyib. Elman bəy hər gün orada olub. Verilən məbləğə uyğun iş görülüb. Əgər ididaçı tərəf daha keyfiyyətli iş istəyirdisə, suvağı sökdürüb yenidən vurdura bilərdi. İş materiallarında olan görülən işlər barədə siyahıya əsasən müyyən olunur ki, görülən işlərin material xərcləri 14.243 manat, görülən işlərin usta xərcləri 8126 manat olmaqla cəmi 22.369 manat təşkil etmiş və 21700 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 518-ci məhəllədə 2 saylı evin 15 saylı mənzilində aparılmış təmir işləri ilə əlaqədar mənzilin bütün divarlarında suvaq işlərinin keyfiyyətsiz görülməsi, divarlarda kəskin şəkildə əyriliklərin olması, mənzilin yataq otağındakı divar kağızlarının nöqsanları ilə əlaqədar olaraq soyulması, mənzilin uşaq otağının bir divarına divar kağızı çatışmazlığı səbəbi ilə divar kağızının vurulmaması, mənzilin dəhlizində bir çox yerlərdə divar kağızlarının açılması, mənzilin mətbəxinin asma tavanında kəskin fərqliliklərin olması (mətbəxə qapıdan giriş hissədə tavanın hündürlüyü 260 santimetr olsa da, sol küncündə 259 santimetr, digər küncündə isə 255 santimetr) kimi nöqsanlar aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1844№li qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh ididaçının nümayəndəsi Ülkər Məmmədovadan 2500 (iki min beş yüz) manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1843№li qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh ididaçının nümayəndəsi Ülkər Məmmədovadan 2000 manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1852№li qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh ididaçının nümayəndəsi Ülkər Məmmədovadan 2000 manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı 2600 (iki min altı yüz) manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1857№li qəbzə əsasən müəyyən olunur ki, X24 Məmmədovdan 2000 manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1852№li qəbzə əsasən müəyyən olunur ki, Cavabdeh ididaçının nümayəndəsi Ülkər Məmmədovadan 2000 manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1844 №li qəbzə əsasən müəyyən olunur ki, X14 Memarlıqdan eskiz ödəməsi üçün 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1837 №li qəbzə əsasən müəyyən olunur ki, X14 Memarlıqdan hamam kabinəsi üçün 600 (altı yüz) manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1822 №li qəbzə əsasən müəyyən olunur ki, X14 Memarlıqdan avans ödəməsi üçün 4000 (dörd) manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1877 №li qəbzə əsasən müəyyən olunur ki, X14 Memarlıqdan təmir işləri üçün 3000 (üç min) manat məbləğində pul almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 1813 və 1814 №li qəbzlərə əsasən müəyyən olunur ki, X14 Memarlıqdan avans ödəməsi üçün müvafiq olaraq 500 (beş yüz) və 2500 (iki min beş yüz) manat məbləğində pul almışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh iddiaçıya məxsus mənzildə memarlıq işləri görmək üçün ondan 21700 manat məbləğində pul vəsaitini almışdır. Belə ki, qeyd edilən qərarda Cavabdeh izahat verərək bildirmişdir ki, 2020-ci ilin iyun ayından İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 518, ev2, mən.16 ünvanında memarlıq işlərinə başlamışdır. Memarlıq işlərinin görülməsi, ustaların xidmət haqları və alınmış materiallar üçün İddiaçı ümumilikdə 21700 manat məbləğində pul vəsaiti ödəmişdir. Ödənilmiş məbləğin əksər hissəsi təmir-tikinti işlərinə xərclənmiş, ödənilmiş məbləğin yalnız 6% hissəsi onun və Orxan İsmayılovun xidmət haqqı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci iltarixli qaiməyə əsasən müəyyən olunur ki, İddiaçı 350 manat vanna üstü almışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, İddiaçı Cavabdeh tərəfindən ona vurulmuş 3600 (üç min altı yüz) manat məbləğində olan divar suvağı işlərinin görülməsinə və divar kağızlarının alınmasına görə ödədiyi vəsaitin, 1000 (bir min) manat məbləğində yararsız mətbəx mebelinə görə ödədiyi məbləğin, hamam aksessuarlarına görə ödədiyi 350 (üç yüz əlli) manat məbləğin, ümumilikdə 4950 manat pul vəsaitinin 5 (beş) iş günü müddətində ona qaytarılmasını xahiş etmiş, qeyd olunan tələbin müvafiq müddətdə icra olunmadığı təqdirdə məhkəməyə müraciət edəcəyini və bu halda ona vurulmuş zərər ilə yanaşı bütün məhkəmə xərcləri və ödədiyi pul vəsaitinin qanunsuz saxlanılmasına görə mülki qanunvericiliklə müəyyən edilmiş faiz məbləğlərinin də cavabdehdən tələb olunacağını bildirmişdir. Məhkəmə tərəflərinizahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh razılaşdırılmış müddətdə ididaçıya məxsus evi təmir etmək öhdəliyini, ididaçı isə evin təmiri üçün cavabdehə razılaşdırılmış məbləğdə pul məbləğini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı öz öhdəliyini yerinə yetirərək 21700 manat məbləğində pulu cavabdehə ödəmiş, cavabdeh isə evin təmirini lazımi şəikldə həyata keçirməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanılmış və sifarişçi öz öhdəliyini yerinə yetirsə də podratçı öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsində qeyd edilən xərclərin hər birini əsaslandırmış, cavabdeh tərəf isə iddiaçının dəlillərini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, ididaçı tərəf ona dəymiş mənəvi zərərlə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, idia tələbi qismən təmin edilməli mətbəx mebelinə görə cavabdehə ödənilmiş 1000 manat avans və 300 manat zərər, hamam qapısına görə 150 manat zərər, divar suvağı işlərinin görülməsi və divar kağızlarına görə 3600 manat (2000 manat usta pulu və 1600 divar kağızını pulu), hamam kabinəsinin satın alınmasına görə 350 manat, əlavə materialların alınmasına görə ödənilmiş 384 manat, ümumilikdə 5784 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun, həmin maddənin 2-ci bəndinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Mətbəx mebelinə görə cavabdehə ödənilmiş 1000 manat avans və 300 manat zərər, hamam qapısına görə ödənilmiş 150 manat zərər, divar suvağı işlərinin görülməsi və divar kağızlarına görə ödənilmiş 3600 manat (2000 manat usta pulu və 1600 divar kağızının pulu), hamam kabinəsinin satın alınmasına görə ödənilmiş 350 manat, əlavə materialların alınmasına görə ödənilmiş 384 manat, ümumilikdə 5784 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1503/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1503/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver