Məhkəmə qərarları › İş №2(004)-1511/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1511/2021

08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1511/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qapının 800 (səkkiz yüz) manat dəyəri və 800 (səkkiz yüz) manat mənəvi ziyan ümumilikdə, 1600 (bir min altı yüz) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra 08.07.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh MMC-dən qapının 800 manat dəyərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını, izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daışnmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, 571/527-ci məhəllə, mətbuat prospekti, 33 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş qaimə-fakturadan görünür ki, məhsulun dəyəri 800 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 17.09.2020-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə Cavabdeh MMC tərəfindən qapıya vurulan boyanın qüsurlu olması haqqında müraciət ünvanlamışdır. Müraciət araşdırılmış Cavabdeh MMC Dövlət Xidmətinə ünvanladığı məktubda yaxın günlərdə qapılarda yaranmış qüsurların aradan qaldırılması ilə bağlı tədbirlərin görüləcəyi bildirilmişdir. Həmçinin İddiaçı bildirilmişdir ki, Cavabdeh MMC tərəfindən öhdəliklərə əməl edilmədiyi təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. 18.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı mənzilinin giriş qapısı üzərinə vurulmuş boya qatının bəzi hissələrdə ovulub töküldüyü, ovulub tökülən hissələrdə paslanma izləri olduğu müəyyən olunmuşdur. Lakin həmin yaranmış qüsurların istehsalçı qüsuru, yaxud kənar təsirlər nəticəsində baş verib-verməməsinin müəyyən olunması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyil. Tədqiqat obyekti olan qapı üzərində yaranmış qüsurların bərpası üçün qapının üzərinə vurulmuş köhnə boya qatı qaşınmalı və yenidən boyanmalıdır. Odur ki, İddiaçı mənzilinin giriş qapısı üzərində yaranan qüsurların aradan qaldırılması üçün görülməli olan işlərin (zəhmət haqqı və materi daxil olmaqla) ümumi dəyəri mövcud orta baza qiymətinə uyğun olaraq 300 manatdır. Məhkəmə iddiaçının izahatını, iş materiallarını, ekspert rəyini araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddəyə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğısatqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Qeyd edilən normaların tələbindən gprünür ki, iddiaçı 587.2-ci maddə qeyd edilən hüququndan istifadə edərək qapıya ödədiyi 800 manat pulunu istəmişdir. Məhkəmə hesab edir ki, qapının təmiri üçün zəruri olan 300 manat, qapının dəyərinin 40 faizindən artığını təşkil edir, ona görə də iddiaçıya dəyən ziyan əhəmiyyətli ziyan hesab edilir və iddiaçı alğı-satqı müqaviləsindən imtina etməyə, qapının alınması üçün ödədiyi 800 manat pulu tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli qapının dəyəri olan 800 manat pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən qapının dəyəri olan 800 manat tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar