Məhkəmə qərarları › İş №2(004)-1558/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1558/2021

01.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1558/2021 01.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 19 saylı Notariat Kontoruna qarşı “İcra qeydinin ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri 19 saylı Notariat Kontoruna qarşı “İcra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli 8i-4847 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia tələbi onunla əsaslandırılmışdır ki, üçünü şəxs “xxxx” ASC ilə bağlanmış müqavilə cavabdeh tərəfindən təsdiq edimişdir. İddiaçı tərəfindən müqavilənin şərtlərinə riayət edilməmiş, aylıq ödənişlər vaxtında icra edilməmişdir. Aylıq ödənişin məbləği 102 manat təşkil edir. Pensiya məbləği isə 310,20 manatdır. Pensiyanı üçüncü şəxsə məxsus kart vasitəsilə alırdı. Aylıq ödənişləri gecikdirməli olsa da belə üçüncü şəxsə məxsus bank hesabından çıxarmaq mümkün idi. Ondan asılı olmayan səbəbdən vəziyyət dəyişmişdir. Belə ki, pensiyanı üçüncü şəxsdən alaraq “xxxx” ASC-yə verdilər. Həmin dövrdən ölkədə pandemiya başlamışdır. Bu barədə dərhal üçüncü şəxsə məlumat vermişdir. Lakin bank hesabının dəyişdirildiyini bilmirdi. “xxxx” ASC-dən pensiya kartını almamışdır. Pandemiya səbəbindən işləmir. Fərdi sahibkarllıq fəaliyyəti ilə məşğul olur. Üçüncü şəxs ona heç bir xəbərdarlıq etmədən rəsmi qaydada məlumatlandırmadan icra qeydinin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh də heç bir araşdırma aparmadan onu dinləmədən səbəbini öyrənmədən xx.xx.2020ci il tarixdə 8i-4847 saylı icra qeydi vermiş və icra edilməsi üçün aidiyyəti üzrə Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə icra qeydini icra şöbəsindən götürmüşdür. Hesab edir ki, icra qeydi verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Yəni ondan asılı olmayan səbəblərdən aylıq ödənişlərdə gecikmə olmuşdur. Bu barədə üçüncü şəxsi məlumatlandırsa da cavabdehə məlumat verməmişdir. Üçüncü şəxs isə bundan sui-istifadə edərək, real vəziyyəti qiymətləndirməyərək, cavabdehə müraciət etmişdir. Ailəsini 310,20 manat pensiya ilə saxlayır. Hazırda heç yerdə işləmir. 2748,94 manat vəsaiti ödəmək iqtidarında deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında bildirdi ki, iddiaçı banka olan borcunu vaxtında ödəmədiyindən bank icra qeydinin açılması ilə bağlı Notariusa müraciət etmişdir. Notarius haqqında qanunun tələblərinə uyğun olaraq tərəfə 20 gün ərzində bildiriş göndərmiş və həmin 20 gün ərzində onlara etiraz və hər hansı bir yazılı müraciət daxil olmamışdır. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən “xxxx” ASC-nin xeyrinə İddiaçı BPM**********4 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2728,94 manat və 20 manat dövlət rüsumu tutulmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2020-ci il tarixli İddiaçı ünvanlanmış bildirişdən görünür ki, iddiaçı borcu 20 gün ərzində ödəmədikdə icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış bprc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı “xxxx” ASC–yə olan borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanılan BPM**********4 nömrəli müqaviləyə əsasən Bakı Şəhəri 19 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli icra qeydi çıxarılmışdır. Həmin icra qeydi əsasında Bakı şəhəri Yasama Rayon İcra Şöbəsində icra sənədi üzrə icraata başlamışdır. İddiaçı isə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin icra qeydini ləğv edilməsinin xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları; iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları; məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi; beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin qərarları; xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarları əsasında verilən icra vərəqələri, məhkəmə əmrləri; alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlər; notariusun icra qeydləri; inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarları; Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları; Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməməsinə görə qanunvericiliyə uyğun verilən protestlər; Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar; məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri (bundan sonra – qısamüddətli mühafizə orderi) icra sənədləri sayılır. "Notariat haqqında" Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Məhkəmə hesab edir ki, icra qeydinin verilməsinə əsas olmuş borcun mövcudluğu iddiaçı tərəfindən mübahisələndirildiyindən, icra qeydi isə qanunun tələbinə görə yalnız mübahisə olmadığı halda çıxarılmalı olduğundan, iddiaçı isə hal-hazırda bununla bağlı müstəqil iddia qaldırdığından, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən 8İ-4847 nömrə ilə qeydə alınmış xx xxxxxxx 2020-ci il tarixli icra qeydi ləğv edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar