Məhkəmə qərarları › İş №2(004)-164/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-164/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-164/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “Kristal Abşeron MTK”-nın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “Kristal Abşeron MTK”-ya qarşı «söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməklə dayandırılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Kristal Abşeron MTK”-ya qarşı «söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməklə dayandırılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ərazidə cavabdeh tərəfindən söküntü işlərinin aparılmasının qadağan edilməklə dayandırılması və ünvan 1 ünvanında yerləşən ərazidə cavabdeh tərəfindən aparılmış söküntü işlərinin nəticəsinə vurulmuş 20000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən ərazidə cavabdeh tərəfindən söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməklə dayandırılması və ünvan 1 ünvanında yerləşən ərazidə cavabdeh tərəfindən aparılmış söküntü işlərinin nəticəsinə vurulmuş 20000 manat maddi ziyanın və 100000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, **********73 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı ailəsi ilə birlikdə 20 ildir ki həmin ünvanda yaşayırlar. 17 iyul 2021- ci il tarixdə, təxminən saat 10:00 radələrində “Kristal Abşeron MTK” (bundan sonra cavabdeh) qabaqcadan mülkiyyətçinin razılığını almadan, idiaçınm və onqn ailə üzvlərinin yaşadıqları evə gedən yollarrının üstündə olan evləri xüb, iddiaçının ailəsinin evə girişçıxışının qarşını almaqla, yolu bağlayıb, səs-küy və torpaq içində qoymaqla, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində ailəsi ilə birlikdə rahat yaşamağa imkan vermirlər. Bundan başqa, söküntü nəticəsində iddiaçının ailəsi ilə birlikdə yaşadıqları fərdi ev silkələnib, onların yaşadıqları evə gedən yol və onların istifadəsində olan kanalizasiya xətti zədələnib. İddiaçı qeyd edir ki, söküntü nəticəsində qeyd olunan maddı ziyandan savayı digər ziyanın vurulması barədə tam məlumat yoxdur, bu hələ ilkin olaraq bildiyi məlumatdır. Bundan başqa, iddiaçı və onun ailəsi, yəni əri X4, qızları Tağıyeva Azərin və X3 həmin söküntü zamanı bərk qorxu hissləri, həyacan və stress keçiriblər. Bundan başqa, söküntü zamanı, iddiaçının əri Aydın Tağıyev dərhal küçəyə çıxaraq, cavabdeh tərəfindən qabaqcadan razılaşdırmadan söküntü işlərinin qabağını almaq istədikdə, cavabdeh buna məhəl qoymadan iddiaçının və onun ailəsinin acığına söküntü işlərini aparmışlar və aparmaqda davam etmək niyyətindədirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Kristal Abşeron MTK”-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçıya məxsus evə hər hansı zərər dəyməmişdir. Ekspertin rəyi isə iddia ərizəsinə əsaslanmışdır. Hesab edir ki, iddia tələbi əsassızdır və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,0086 ha torpaq sahəsində yerləşən sahəsi 70,70 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18.08.2021-ci tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,015780 ha torpaq sahəsində yerləşən sahəsi 70,70 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16.09.2021-ci tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 15.09.2021-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, evin yaşayış sahəsi 47 kv.m, köməkçi sahə 23.7 kv. olmaqla, cəmi tikintialtı sahəsi 86 kv.m təşkil edir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin başçısının 16.10.2019-cu il tarixli, 327 nömrəli sərəncamının surətindən görünür ki, həmin sərəcama əsasən Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən 0,87 ha torpaq sahəsi yeni çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə “Kristal Abşeron MTK”-nın icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09.09.2021-ci il tarixli 29 nömrəli Sərəncamından çıxarışın surətindən görünür ki, Yasamal rayonu, Alatava 1 ünvanında layihələndirilən çoxmərtəbəli yaşayış binalarının şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5757 nömrəli, 14.01.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik fərdi yaşayış evində aparılmış söküntü işləri nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin dam örtüyündə və yaşayış evinin divarlarının ön fəsad hissəsində qüsurlar əmələ gəldiyi müəyyən edilmişdir. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə söküntü işləri nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribən 4026 manat məbləğində müəyyən olunmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur” Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının evinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, yəni cavabdeh tərəfindən iddiaçının evinə bitişik fərdi yaşayış evində söküntü işləri nəticəsində ona zərər dəyməsi müəyyən edilmişdir. Belə ki, qeyd edilən halları və iddiaçıya dəymiş maddi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 10/5757 nömrəli, 14.01.2022-ci il tarixli ekspert rəyinə əsasən tədqiq olunan Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında iddiaçıya məxsus fərdi yaşayış evinə bitişik fərdi yaşayış evində aparılmış söküntü işləri nəticəsində İddiaçı məxsus fərdi yaşayış evinin dam örtüyündə və yaşayış evinin divarlarının ön fəsad hissəsində qüsurlar əmələ gəldiyi, iddiaçıya məxsus yaşayış sahəsinə söküntü işləri nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun təqribən 4026 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə, vurulmuş zərərin dəyərinin müəyyən edilməsi sahəsində xüsusi biliyi olduğundan, ekspertin rəyi ilə razılaşır və iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 4026 manat təşkil etdyini nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 4026 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının mənəvi ziyana görə 10000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndinə əsasən, şəxsə mənəvi zərərin vurulması, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozulmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə, iddiaçının tələb etdiyi 100000 manat məbləğində mənəvi zərəri ağlabatan və ədalətli hesab etməyib, bu məqsədlə cavabdeh “Kristal Abşeron MTK”-dan 500 manat məbləğində pulun tutulmasının yetərli olması qənaətinə gəlir. Məhkəmə iddiaçının ünvan 1 ünvanında yerləşən ərazidə cavabdeh tərəfindən söküntü və tikinti işlərinin aparılmasının qadağan edilməklə dayandırılması ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən torpaq sahəsi çoxmərtəbəli yaşayış shəsinin tikintisi məqsədilə “Kristal Abşeron MTK”-nın istifadəsinə verilmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “Kristal Abşeron MTK”-dan 4026 (dörd min iyirmi alt) manat vurulmuş maddi zərər və 500 (beş yüz) manat mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu idiaçı tərəfindən tələb edilmədiyindən özünə aid edilməlidir. Bundan başqa, cavabdeh “Kristal Abşeron MTK”-dan iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Kristal Abşeron MTK”-dan maddi ziyana görə 4026 (dörd min iyirmi altı) manat və mənəvi ziyana görə 500 (beş yüz) manat olmaqla, cəmi 4526 (dörd min beş yüz iyirmi altı) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat pul “Kristal Abşeron MTK”-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar