Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-168/2022 09.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Şərifzadə küçəsi, ev 79-da yerləşən 53 saylı mənzilin təmiri və əvvəlki vəziyyətinin bərpası ilə bağlı Cavabdeh onun nəfinə 12000 manat məbləğində maddi ziyanın, 5000 manat mənəvi ziyana görə təzminatın və dövlət rüsumu kimi köçürdüyü 31 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Şərifzadə küçəsi, ev 79-da yerləşən 53 saylı mənzil AR DK ƏM DƏDRX Bakı ərazi idarəsində şəxsi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Ondan yuxarı mərtəbədə yerləşən 56 saylı mənzilin sahibi Cavabdeh 2017, 2018, 2019, 2020, 2021-ci illər mütəmadi olaraq mülkiyyətində olan mənzilinə su axıdaraq mənzilin təmirinin pozulmasına, suvağın sökülməsinə, tavanın və döşəmənin yararsız hala düşməsinə nəticədə ona ciddi ziyanın dəyməsinə səbəb olmuşdur. Bununla bağlı birinci dəfə 2017-ci ildə noyabr ayında onun şikayət ərizəsi əsasında ərazi üzrə Bakı şəhər 138 saylı Mənzil Kommunal İstismar sahəsinin işçiləri tərəfindən mənzilinə baxış keçirilmiş və qeyd etdiyi hallar təsdiq olunmaqla bu barədə akt tərtib edilmişdir. O mənzilini öz şəxsi vəsaiti ilə təmir edirmiş, lakin cavabdeh öz qanunsuz hərəkətlərini davam etdirməklə yenə də mənzilə su axıtmaqda davam etmiş və növbəti müraciəti əsasında 20.11.2017-ci il tarixdə təkrar baxış keçirilməklə bu hallar bir daha öz təsdiqini tapmış və akt tərtib olunmuşdur. Tərəfindən mənzilinin ardıcıl olaraq 2 dəfə təmir edilməsinə baxmayaraq yenidən bərbad hala düşməsi nəticəsində ona maddi ziyan dəymişdir ki, o həmin ziyanı 8000 manat məbləğində qiymətləndirir, çünki 2017-ci il noyabr ayında keçirilmiş məhkəmənin son iclasında cavabdeh şəxs onu hakimin qarşısında inandırmışdır ki, bu hal bir daha təkrarlanmayacaq və bunun əsasında qeyd olunmuş 8000 manat onun tərəfindən qəbul edilməmişdir. O, öz xahişi ilə məhkəməni dayandırmış, lakin növbəti illər ərzində 2017- 2018-2019-2020-2021-ci illər ərzində mütəmadi olaraq onu çıxılmaz vəziyyətə salmış, evimin təmirini təkrarən pozmuş və bunu 12000 manat qiymətində dəyərləndirir. Foto şəkillərdəndə evin son vəziyyəti açıq qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təxminən 8 il bundan qabaq cavadehin mənzilindən onun mənzilinə su axıdılması olmuş, bunun müqabilində cavabdeh ona 100 manat ödəniş etmişdir. Cavabdeh hər 6 aydan bir onun mənzilinə su axıdır. Bundan başqa ekspert rəyi ilə də razı deyildir. Belə ki, dəymiş ziyan az hesablanmışdır. Eyni zamanda cavabdehin hərəkətləri nəticəsində onun səhhətində problemlər yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, artıq bir dəfə iddiaçıya onun mənzilinə dəymiş ziyana görə 500 manat məbləğində ödəniş etmişdir. Bu ödənişi mənzil istimar sahəsinin işçilərinin yanında vermişdir. Hazırda ona məxsus mənzildə kirayəşinləri yaşayır. Artıq həmin hadisədən 7 ildən artıq müddət keçdikdən sonra iddiaçı yenidən belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ona məxsus mənzilə baxmış və həmin zaman evin hər hansı bir otağında, eləcə də sanitar qovşağında hər hansı bir su aşkar edilməmişdir. Bina köhnə binadır və su sızması göstərilən tarixdə onun üst qonşusu öz evində təmir işləri görürdü və ola bilsinki sözü gedən sızma da elə həmin mənzildən axmışdır. O da öz növbəsində ekspert rəyi ilə razı deyildir. Hesab edir ki, onun mənzilindən iddiaçının mənzilinə su axıdılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: DƏDRX-nin 21.12.2010-cu il tarixli çıxarışının surətindən görünür ki, ünvan 1, mənzil 53 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 138 saylı MKİS-nin 28.11.2017-ci il tarixli, 0138 saylı arayışından görünür ki, ünvan 1, mənzil 56 saylı mənzilinin sahibi Cavabdehdır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17.01.2022-ci il tarixli, 10/5598 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 53 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 804 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə ekspert rəyi ilə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən və cavabdehə məxsus 56 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən iddiaçının mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 804 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 804 (səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 5000 (beş min) manat məbləğinə mənəvi zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona 5000 manat məbləğində mənəvi ziyanın dəyməsi barəsində məhkəməyə hər hansı mötəbər bir sübut təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 804 (səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilməli, qalan 50%, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir) manatın 50%, yəni 50 (əlli) manatı iddiaçıdan, qalan 50%, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 804 (səkkiz yüz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 50%, yəni 15 (on beş) manatı iddiaçıya aid edilsin, qalan 50%, yəni 15 (on beş) manatı isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir) manatın 50%, yəni 50 (əlli) manatı iddiaçıdan, qalan 50%, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-168/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-168/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver